Ukrayna Azərbaycandan dəstək istədiyini açıqladı
Vəfa Quluzadə: «Azərbaycan yaranmış situasiyada da Ukraynaya dəstəyini davam etdirməlidir»
Ukraya prezidenti Proşenkonun bu il Azərbaycana səfəri planlaşdırılır. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko məlumat verib. Bundan başqa məlum olub ki, Ukrayna hökuməti ölkənin şərqində baş verənlərə münasibət bildirmək üçün rəsmi şəkildə müraciət edib. Ukrayna rəhbərliyi dəfələrlə Azərbaycanı yaxın müttəfiq kimi gördüklərini bəyan ediblər. Krım böhranı başlayan zaman Azərbaycan öncə Ukraynanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləsə də, daha sonra Rusiyanın təzyiqi altında geri çəkilməli oldu. Bəs Ukraynanın son müraciətinə Azərbaycan necə reaksiya göstərməlidir? Çünki heç şübhəsiz Poroşenkonun səfəri zamanı bu məsələyə də toxunulacaq.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Azərbaycan yaranmış situasiyada da Ukraynaya dəstəyini davam etdirməlidir. Bu istiqamətdə Rusiyanın təzyiqindən çəkinməyin yersiz olduğunu düşünən V.Quluzadə bildirdi ki, Ukrayna ilə Rusiya danışıqlar aparır və dövlət başçıları vaxtaşırı görüşürlər: «Putin Poroşenkonu prezident kimi tanımağa məcbur olub. O eyni zamanda Ukraynadakı seçkilərin nəticələrini də tanıyıb. Ona görə düşünürəm ki, Azərbaycan Ukrayna ilə əməkdaşlığını bundan sonra da daha da inkişaf etdirməlidir».
V.Quluzadə hesab edir ki, Poroşenkonun Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır və bu səfər zamanı bir sıra mühüm məsələlərə toxunalacağı istisna edilmir. Ona görə Azərbaycan bu səfərə hazır olmaqla yanaşı, ona Ukrayna ilə əməkdaşlığın daha da dərinləşdirilməsi imkanı kimi baxmalıdır.
Xəyal


