
Bəyim Həsənli
O, vicdanı ilə işıq saçan insandır
Bu yaxınlarda xeyli intellektli bir dostumla söhbət edirdik. Dostum deyirdi ki, heç nəyə arxalanmaq olmaz. İnsan yetişdirmək lazımdır, insan..
İnsan yetişdirmək necə olur? Oxumağa təşviq etməklə, həqiqəti öyrətməklə, doğrunu aşılamaqla. İnsan yetişdirməyin ən gözəl yolu isə insan olmaqdır. Vicdanı ilə işıq saçan bir insan.
İntiqam Əliyev o insanlardandır ki, vicdanı ilə, peşəsinə, insana, hüquqa hörməti ilə işıq saçır. İntiqam Əliyev insanlığı ilə insan yetişdirir. 10-larla insandan eşidə bilərsiz ki, İntiqam müəllimdən xeyirxahlıq gördüyünü, xoş sözlər eşitdiyini, “get xaricdə oxu, sonra ölkəyə qayıt” tövsiyyəsini eşitdiyini söyləsin. İntiqam Əliyev o insandır ki, səhhətinə belə vaxt ayırmadığı halda gəncləri oxumağa, yayarlı, savadlı insanlar olmağa vadar edirdi. Yazırdı. Daima problemlərimizlə məşğul idi. Yalnız hüquqi yox, hətta şəxsi problemlərimizin olduğunu hiss edəndə bizə dəstək olurdu, mənəvi rahatlıq tapırdıq. Ümumi danışmayacam. İntiqam müəllimlə xüsusi bir yaxınlığım olmasa da mənə o qədər dəstək olub ki, yüz il də yaşasam ona bu möhtəşəm yaxşlığının əvəzini verə bilmərəm. Universiteti bitirdim. Beynəlxalq münasibətlər oxudum. Amma özümü tapa bilmədim. Mən nə olacam? Nə olmaq istəyirəm? Özümü tapa bilmirdim. İntiqam müəllim mənə təkidlə xaricdə oxumağı məsləhət görürdü. O qədər təəccüblənirdim ki. Axı, niyə bu insan mənimlə bu qədər maraqlanır?
Təkcə mənimlə deyilmiş.. Nəhayət, mən özümü tapdım. Onun sayəsində, nə olacağıma, necə yararlı ola biləcəyimə qərar verdim. Bəli, mən onun kimi olmaq istəyirəm. Vicdanı ilə işıq saçan bir hüquqşunas olmaq istəyirəm. Mən onun tələbəsi olmaq istəyirəm. And içdim, özümə və ona söz verdim.Ya bu gün, ya sabah, ya da 10 il sonra, onun tələbəsi olacağam. İntiqam Əliyev o qədər xoşbəxt insandır ki, onun tələbəsi olmaq üçün and içən insanlar var. O, o qədər xoşbəxtdir ki, yüzlərlə insan bütün qəlbi ilə onun azad olacağı günü gözləyir, onun səhhəti ilə maraqlanır, narahat olur, dua edir. İlham Əliyev milyard manatlarını versə, onun qədər sevilə bilərmi?


