Deputat Qarabağla bağlı bəyanatda nədən narazı qalıb?

Eldar Namazov: «Aydın Mirzəzadə həmin bəyanatı diqqətlə oxumayıb»

Finlandiyada bir qrup azərbaycanlı politoloq və QHT rəhbərinin erməni həmkarlarıyla Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanatına deputat Aydın Mirzəzadə etiraz edib. Deyib ki, Finlandiyada ermənilərlə birgə bəyanat imzalayan Azərbaycan QHT təmsilçiləri ümumi sülh haqqında danışırlar:

“Niyə görə bəyanatda ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından çıxarılması öz əksini tapmayıb və bu məsələ müzakirə olunmayıb? Sülh olsun, birgə yaşayış olsun. Amma ermənilərin işğal etdiyi Azərbaycan torpaqları haqqında bir kəlmə də danışılmır. Odur ki, bu məsələdə Azərbaycan QHT təmsilçiləri faktiki olaraq erməni QHT təmsilçiləri ilə demək olar ki, eyni mövqedən çıxış edir. Azərbaycan QHT təmsilçiləri ya bilərəkdən onlarla eyni mövqedən çıxış edirlər və yaxud da onların qurduğu tələyə düşüblər. Onlar bilməlidirlər ki, Azərbaycan sülhü, ancaq ölkənin ərazi bütövlüyündə və ermənilərin işğal etdikləri əraziləri işğaldan azad etməkdə görür”.

Qeyd edək ki, Finlandiyada bəyanatı Azərbaycan prezidenti katibliyinin keçmiş rəhbəri Eldar Namazov və Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryan, Arzu Abdullayeva, Karen Ohancanyan, Natalya Martirosyan, Əli Abbasov, Zərdüşt Əlizadə, Ağasi Yenokyan, Leyla Əliyeva və Aykak Arşamyan imzalayıb.

Xatırladaq ki, Qarabağ məsələsilə bağlı hüquq müdafiəçiləri və politoloqlar zaman-zaman müştərək görüşlər keçirir,  problemin həlli yollarını arayır, bu istiqamətdə mülahizələrini bölüşürlər. Xalq diplomatiyası da indiyədək bu yöndə nəzərdə tutulmuş tədbirlər sırasında gerçəkləşib. Lakin rəsmi çevrələr münaqişənin həlli yollarında müstəqil ekspertlərin, hüquq müdafiəçiləri, QHT təmsilçilərinin iştirakını məqsədyönlü saymır. Onların təbirincə, yalnız nazirlər, hökumət nümayəndələri, millət vəkilləri  ermənilərlə danışıqlar apara bilər. Bu istiqamətdə vətəndaş cəmiyyətinin iştirakı məqbul deyil. Bir sözlə, ermənilərlə hər hansı müstəvidə görüşləri, danışıqları da monopoliyaya almaq istəyi sezilir.

Aydın Mirzəzadənin Finlandiyada imzalanan bəyanatla bağlı dediklərinə münasibət bildirən Eldar Namazovun sözlərinə görə, onların imzaladığı sənəddə konfliktin həllinə dair ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağla bağlı açıqlamasına istinad olunur. Orada  altı elementin və üç bəndin sadalandığını açıqlayan Eldar Namazov, rəsmi Bakının da həmin fikirləri bu üzdən qiymətləndirdiyini bildirir: “Orada Azərbaycanın ərazi bütövlüyü xətti açıq-aydın görünür. Problemin həlli yolunda müvafiq işlər aparılır. Yəqin, Aydın Mirzəzadə həmin bəyanatı diqqətlə oxumayıb”.

Nigar