Məhəmməd Talıblı: «Təkcə bir ay ərzində neftin satışından 7,2 milyon dollar itirmişik»
Qubad Ibadoğlu: «Azərbaycan neftinin hər barrelinin qiymətinin 1 dollar ucuzlaşması il ərzində 138 milyon dollar itki deməkdir»
Dünya birjalarında neftin qiymətindəki ucuzlaşma davam etməkdədir. Bir neçə gün öncə Nyu-Yorkun NYMEX bircasında “Layt” markalı neftin bir barreli 0,58 dollar ucuzlaşaraq 80,54 dollar, Londonun ICE bircasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar azalaraq 85,86 dollar olub.
Dövlət Neft Şirkətindən verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barreli London birjasında 2,23 dollar ucuzlaşaraq 86,61 dollar təşkil edib. Azərbaycanın ixracının böyük hissəsini neft və neft məhsulları təşkil etdiyi nəzərə alınarsa, bu, ölkəmiz üçün bir sıra maliyyə problemləri vəd edir. Çünki büdcə gəlirlərinin böyük hissəsi məhz neftdən gələn gəlir hesabına formalaşır. Hökumətin büdcə kəsiri məsələsində güvəndiyi Neft Fondu isə həmişə büdcə üçün təhlükəsizlik yastığı rolunu oynaya bilər.
Iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, neftin qiymətinin dəyişməsi qlobal səviyyədə konyukturadan asılıdır. M.Talıblının sözlərinə görə, neftin qiymətinə təsir edən çoxlu sayda bazar oyunçuları və dövlətlər var. Amma qiymətin dəyişməsində və ya stabil qalmasında marağı olan subyektlər də mövcuddur. Məsələn, OPEK hesab edir ki, neftin dünyada 60-80 dollar arasında dəyişməsi daha ədalətli qiymət həddidir və buna nail olmaq lazımdır: “Daha çox neft idxal edən dövlətlər isə hesab edirlər ki, qiymət nə qədər aşağı düşsə, bu dünyada bahalaşma dalğasının ”köpüyünü” azalda bilər. Hər halda indidən görünən odur ki, yaxın aylar üçün “Azərilayt” markalı neftin qiyməti 80-90 dollar arasında dəyişəcək”.
Bəs neftin hər bir dollar ucuzlaşması Azərbaycan üçün nə qədər itki deməkdir və son qiymət düşüşündən Azərbaycanın itkisi nə qədər təşkil edib? M.Talıblının sözlərinə görə, oktyabrın 1-dən noyabrın 1-nə qədər olan müddətdə qiymət dəyişməsindən Azərbaycan 7.2 milyon dollar itirib: “Nəzərə alanda ki, ilin sonuna neftin hasilat səviyyəsi 40-41 milyon ton arasında dəyişəcəyini nəzərə alsaq, bu, ayda 3,4 milyon ton hasilat deməkdir. Bu isə gündəlik norma olaraq 720 min barrel neft və kondensatın ixracatını nəzərdə tutur. Hesablama aparsaq, hətta ”Azərilayt” markalı neftin 1 dollar enişi gün ərzində 720 min dollar itki ilə qarşılaşmağımız deməkdir. Amma nəzərə alaq ki, son aylar bu qiymət səviyyəsi bir az da aşağı düşüb. Neft Araşdırmaları Mərkəzinin qiymətləri daim təqib etdiyini nəzərə alsaq, onların məlumat bülletenində yalnız oktyabr 1-ə olan məlumata görə, Azərbaycanın satdığı neftin qiyməti 96 dollar olub. Noyabrın 1-də isə bu qiymət 86,61 dollara düşüb. Demək, təkcə bir ay ərzində “Azərilayt” markalı neftin ixracatından 7,2 milyon dollar itirmişik. Əgər bu tendensiya davam etsə, ola bilsin ki, illik itkimiz 80 dollar civarında olsun. Əks proses də baş verəndə bundan ölkə iqtisadiyyatı qazanacaq. Ona görə elə etmək lazımdır ki, gəlirlərimiz artanda da, azalanda da ortalama olaraq planlarımızdan imtina etməli olmayaq. Ona görə, bütün inkişaf etmiş ölkələrin fiskal siyasətlərində olduğu kimi, Ortalama Xərclər Strategiyasına (OXS) sahib olmalıyıq. Hazırda dünyada zəngin insanların siyahısında 2-ci yer alan investor Uorref Baffetin yaxşı bir sözü var: “Heç vaxt bir mənbədən asılı olmayın. Ikinci mənbə yaratmaq üçün investisiya edin”. Bir mənbədən asılı olmaq əslində “yumurtaların hamısını bir səbətə yığmaq kimi bir şeydir”.
Gələn ilin büdcəsində neftin 90 dollardan götürülməsi niyyətinə gəlincə isə, M.Talıblı vurğuladı ki, indiki qiymət səviyyəsində bu hədd normal qiymət həddidir. Sadəcə proqnoz xətasına yol verilsə, yəni qiymətlər bundan aşağı olsa, gərək büdcə kəsrinin qapadılması üçün mənbələrdən istifadə olunsun. Yaxud o da ola bilər ki, büdcə kəsirini investisiya layihələrinin bir neçəsini ixtisara salmaqla aradan qaldırılsın: “Müdafiə olunan xərc maddələrində isə dəyişiklik etmək isə, ümumiyyətlə, yolverilməzdir. Söhbət əməkhaqqı, pensiya və bu qəbildən olan büdcədən asılı sosial xərcləmədən gedir ki, bunun da azaldılmasını ”Büdcə sistemi haqqında” qanunun tələbləri qadağan edir. Ümumiyyətlə, büdcədən neftin qiymət səviyyəsini müəyyənləşdirilən zaman ortalama olaraq ifarata varılmayan konservativ qiymət tavanını əsas götürmək bəlkə də ən doğrusudur. Amma dünyada enerji siyasəti ilə məşğul olan mərkəzlərin proqnozlarından çıxış etsək, il üzrə ortalama olaraq büdcədə 90 dollarla götürülməsi büdcə kəsrinin yaranma riskinə yaxın bir həddir. Çox aşağı qiymətlədə götürülməsi yalnışdır. Bu zaman dünyada neftin satış qiyməti yüksələndə bizdə isə onun aşağı hədlə götürülməsi büdcə profisiti yaradır və sonucda onun üçün hansısa çox da zəruri olmayan xərclər və ya investiisya layihələrini meydana çıxarır ki, bu da onsuz da büdcədə çəkisi ağır olan tikinti-investisiya xərclərinin büdcəsini artırır”.
Iqtisadçı Qubad Ibadoğlu neftin dünya bazarında ucuzlaşması tendensiyası ilə bağlı sosial mediada status paylaşıb. Q.Ibadoğlu “Facebook” səhifəsində vurğulayıb: “”Brent” markalı xam neftin hər barrelinin dünya bazar qiyməti 84 dollara qədər ucuzlaşıb. Hesablamalar göstərir ki, neftin qiymətinin 110 dollardan 84 dollaradək ucuzlaşmasından Azərbaycan gündə 10 milyon dollar, ayda 300 milyon dollar, ildə isə 3,6 milyard dollar vəsait itirir. Digər hesablamalara görə, Azərbaycan neftinin hər barrelinin qiymətinin 1 dollar ucuzlaşması il ərzində 138 milyon dollar vəsaitin itirilməsi deməkdir”.
Xəyal


