“Milyonluq qalmaqal”la bağlı məhkəmədə yeni faktlar üzə çıxdı

Keçmiş hakim Həsən Əliyev tərəfindən aldadıldığını deyən Ramazan Səlimovun özü dələduzluq ittihamı ilə üzləşdi  

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməkdə ittiham olunan sabiq hakim Həsən Əliyev, habelə Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə noyabrın 3-də keçirilən məhkəmə prosesində maraqlı faktlar üzə çıxıb.

Ibrahim Ləmbəranski Ramazan Səlimovu aldadıb?

Virtualaz.org saytının məlumatına görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçən proses zərərçəkmiş Ramazan Səlimovun vəkillərin, təqsirləndirilən şəxslərin və hakimin suallarını cavablandırması ilə davam etdirilib. Öz qanuni nümayəndəsi Iradə Cavadovanın suallarını cavablandıran zərərçəkmiş R.Səlimov Elman Məmmədovu 1995-ci ildən tanıdığını, onun vasitəsilə Həsən Əliyevlə tanış olduğunu, sonuncunun onu mötəbər şəxslərlə görüşdürdüyünü, həmin şəxslərə bahalı hədiyyələr aldığını, vəzifəyə getmək üçün H.Əliyevə 600 min manat verdiyini, sonradan aldanıldığını görüncə isə Nərimanov Rayon Polis Idarəsi (RPI) 16-cı polis bölməsinə şikayət etdiyini deyib: “2013-cü il may ayının ortalarında Elman Məmmədovu gördüm. Dedi ki, pul mənlikdir, Həsən müəllimi narahat etmə. Elman pulun 250 min manatını mənə qaytardı. 50 min manatı isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində qaytarıblar. Orada olanda müstəntiq Ibrahim Ləmbəranski Kamandar Nəsibovu göstərib dedi ki, Həsən Əliyevin vəkilidir. Onun əlində mənim adımdan yazılmış beş nüsxə ərizə var idi. Yazılmışdı ki, 250 min manat almışam, 384 min qalıb. Müstəntiq ərizəni götürüb getdi. Bir azdan gəlib dedi ki, bu ərizə keçmir, Həsən Əliyev bununla həbs oluna bilər. Kamandar da dedi ki, hansı keçirsə, onu yazaq. Müstəntiq mənə dedi ”yaz ki, 600 min manat ödənilib, Həsən Əliyevdən şikayətim yoxdur, pul otaqdadır, indi sənə veriləcək”. Mən də yazdım. Ərizə iki nüsxədən ibarət idi. Birini özümdə saxlamışam”.

Zərərçəkənlə keçmiş hakimin vəkili arasında mübahisə

Vəkil I.Cavadova R.Səlimovdan həmin hadisədən sonra Istintaq Idarəsinə çağırılıb-çağırılmadığını soruşub. R.Səlimov ertəsi gün Istintaq Idarəsinə getdiyini, amma I.Ləmbəranskini tapa bilmədiyini deyib: “Polis dedi ki, müstəntiq təcili harasa getdi. Dəfələrlə zəng vurdum, telefona cavab vermədi. Aldanıldığımı gördükcə baş prokurora, hüquq-mühafizə orqanlarına müraciət etdim”.

Sonra sabiq hakim Həsən Əliyevin vəkili Sadiq Rəsulov zərərçəkmişə 1 milyon manat pulu haradan və necə əldə etməsi ilə bağlı sual verdi. S.Rəsulovun sualı tərəflər arasında mübahisəyə səbəb oldu. Vəkilin suallarını cavablandırmaq istəməyən R.Səlimov istintaqda bu barədə ətraflı ifadə verdiyini deyib.

Zərərçəkmişin cavabı vəkil S.Rəsulovu əsəbiləşdirib:

– Onda belə çıxır ki, istintaq olub, araşdırılıb. Daha məhkəməyə nə gərək var, çıxaq gedək?

Hakim:

– Siz məhkəməyə təzyiq göstərirsiniz?

Vəkil:

– Cinayət işinin mənbəyində pul göstərilir. Bunu bizə açıqlasın.

R.Səlimov:

– Cavab vermişəm bu suala, kommersiya sirridir.

Hakim:

– Istintaq materiallaırnda hamısı var. Ya cavab verin, ya deyin bilmirəm, bura məhkəmədir.

R.Səlimov:

– 29 sot torpaq sahəsi, ikimərtəbəli ev, hovuzu, hər bir şəraiti olan evimi satmışam.

Vəkil:

– Kimin adına idi?

R.Səlimov:

– Qohumlarımın, yoldaşımın, qayınanamın…

Vəkil:

– Müqavilə nə vaxt bağlanıb?

R.Səlimov:

– Bilmirəm, yadımda deyil. Bağla əlaqəli suallara cavab vermirəm.

Vəkil:

– Istintaqa verdiyiniz ifadələri təsdiq edirsinizmi?

R.Səlimov:

– Bəli.

Vəkil:

– Hamısını?

R.Səlimov:

– Özüm bilərəm hansını. Mənim pulumu gətirib versin.

Vəkil:

– Elman Məmmədova pulu həmin bağda göstərmisinizmi?

R.Səlimov:

– “Tropikanka”nın yanında.

Vəkil:

– Həmin bağın dəqiq ünvanını deyin.

R.Səlimov:

– Get Ləmbəranski aparıb göstərsin sənə.

Vəkil:

– Biz Ibrahim Ləmbəranskinin məhkəmədə ifadə verməsi ilə bağlı vəsatət qaldıracağıq. O bağ sizə məxsus deyildi? Həmin şəxsin adı nədir?

R.Səlimov:

– Bilmirəm.

Hakim:

– Əsl suallar burada verilir. Istintaqda danışılanlar orada qaldı.

R.Səlimov:

– Keçən dəfə 4 saat danışmışam.

Ramazan Səlimova dələduzluq ittihamı

Bundan sonra məhkəmədə fasilə elan olunub. Fasilədən sonra R.Səlimov sualları cavablandırıb.

Vəkil S.Rəsulov:

– Xətai rayonunda yaşadığınız mənzil kimə məxsusdur?

R.Səlimov:

– Bunun işə nə dəxli var? Cavab vermirəm. Mən ailəmlə bir yerdə yaşayıram.

Vəkil:

– Masazırdakı ünvan kimə məxsusdur? Neçə mərtəbəlidir?

R.Səlimov:

– Qohumuma.

Vəkil I.Cavadova R.Səlimova ünvanlanan sualların cinayət işinə heç bir aidiyyətinin olmadığını deyib. Bununla bağlı iki vəkil arasında mübahisə yaranıb.

S.Rəsulov məhkəməyə müraciət edib:

– Həsən Əliyevə yalan ittihamlar verilib. Ona görə də bizi maraqlandırır. Xahiş edirəm, sualları cavablandırsın. Ifadəsində qeyd edib ki, qəbzləri ibtidai istintaqa təqdim edib. Konkret olaraq kimə təqdim etdiyini desin.

R.Səlimov:

– Istintaq zamanı beş müstəntiq olub. Məndən çox istintaqa gələn olmayıb. 50-60 dəfə çağırıblar. Hansına hansı qəbzi verdiyim yadımda qalmayıb.

Vəkil:

– Bağı satdığınız adamın adını açıqlayın, zəhmət olmasa.

R.Səlimov:

– Lazım olsa, sonra açıqlayacam. Heç tanımıram o adamı. Gəliblər, imzalarını atıblar. Kimdi, nəçidi – bilmirəm.

Vəkil:

– Siz alqı-satqı müqaviləsindəki məbləği almısınızmı?

R.Səlimov:

– Yox, çox artıq almışam. 1 milyon 100 min manat pul almışam.

Vəkil:

– Siz vəzifəyə getmək üçün pulu Həsən Əliyevə könüllü vermisiniz?

R.Səlimov:

– 4 saatdır danışıram ki, könüllü vermişəm.

Vəkil:

– Ikinci məbləği borc müqaviləsinə əsasən vermisiniz. Deyək ki, Həsən Əliyev sizi vəzifəyə təyin etdi. Axı yenə də Həsən müəllim sizə borclu qalacaqdı. Necə olacaqdı bu?

R.Səlimov:

– Biz tanış olanda məqsədimiz bu idi ki, o da öz işində yüksəlsin, mən də. Notariat qaydada rüşvət verilməsi göstərilməyəcəkdi ki… Yəqin sonradan bir nəticəyə gələcəkdik.

Bundan sonra vəkil S.Rəsulov məhkəməyə bəzi sənədlər təqdim edib. Məhkəməyə sədrlik edən hakim Mübariz Məmmədova Bakı şəhəri, Ə.Rəcəbli küçəsi, ev 3, mənzil 34-də yaşayan Quliyeva Nərminə Ramiz qızı tərəfindən göndərilən ərizədə qeyd olunur ki, Nərminə Quliyeva Mərdəkan qəsəbəsində yerləşən 1391 saylı bağı R.Səlimovdan 1 milyon 100 min manata deyil, 40 min dollara alıb.

Nərminə Quliyeva ərizəsində R.Səlimovun ona qarşı dələduzluq etdiyini və bu barədə polis orqanlarına müraciət etdiyini göstərib: “Özünü pullu adam kimi təqdim edən Ramazan Səlimov əslində heç bir yerdə işləməyən, dələduzluq edərək insanları aldatmaqla və vicdanlı şəxslərə ləkə atmaqla məşğul olan birisidir. Torpağı və evləri 40 min dollara razılaşdıq. 7 saylı notariat kontoruna getdik. Orada sənədlərə baxan zaman məlum oldu ki, torpaq sahəsi 9 sot deyil, 7,5 sot imiş. Buna baxmayaraq 40 min dollar verdim və alqı-satqı müqaviləsi bağladım.

Həmin vaxt qış idi. Səlimovlar xahiş etdilər ki, may ayına kimi həmin evdə yaşamağa onlara icazə verim, çünki başqa yerləri yoxdur. Mən də razılaşdım. Mayda təmir işlərinə başlamaq istədiyimi dedim və bağdan çıxmalarını xahiş etdim. Səlimovlar “biz sizə ev satmamışıq, yalnız torpaq satmışıq, torpaqda da ev tikib yaşayın” deyərək heç yana getməyəcəklərini bildirdilər.

Aldanıldığımı başa düşüb Səlimovun dələduzluq hərəkətləri barədə 2006-cı ildə Xəzər Rayon Polis Idarəsinə şikayət etdim. Şikayətin araşdırılması zamanı məlum oldu ki, həmin evi bir neçə dəfə girov qoyub çıxarıblar. Həmçinin sonradan məlum oldu ki, qonşuları Tacəddin Mehdiyevdən 6000 dollar borc alıb qaytarmayıblar. O dövr üçün həmin pul böyük məbləğ idi. Pulu qaytarmadığı üçün Tacəddini və arvadı Lüdmilanı həmin evə qeydiyyata salmışdı. Tacəddin də pulunu tələb edirdi. Barəsində cinayət işi açılacağını və həbs olunacağını görən Ramazan evin mənim adıma rəsmiləşdirilməsinə razılıq verdi.

Səlimovlar evdən köçəndə mən olmamışam, açarı qonşuya veriblər. Gəlib evə baxanda gördüm ki, mənim bəzi əşyalarımı da oğurlayıb aparıblar. Oğurluq barədə Xəzər RPI 1-ci polis bölməsinə ərizə ilə müraciət etdim. Sonra qeydiyyatdan çıxmaq üçün onları çox axtardım, tapa bilmədim. Məcbur olub məhkəməyə verdim. Məcburi qaydada onları qeydiyyatdan çıxara bildim. Onlar gedəndən sonra bir neçə illər ərzində yığışıb qalmış işıq, su, qaz pulunu da mən ödədim. Ödədiyim pulları Ramazan mənə qaytarmadı.

Bunları bildirməkdə məqsədim odur ki, qonşuluqdakı qoca arvaddan aldığı yumurtanın pulunu verə bilməyən Ramazanın milyonçu olması barədə uydurduğu yalanların cəfəngiyyat olduğunu biləsiniz”.

Vəkil Iradə Cavadova N.Quliyevanın məhkəməyə ünvanladığı ərizədə göstərdiklərinin cinayət işinə heç bir aidiyyətinin olmadığını, onun yalan danışdığını, R.Səlimovun 2005-ci ildən bəri bir neçə bağ evini satdığını bildirdi. Vəkil ərizədə göstərilənlərlə bağlı məhkəməyə müraciət edəcəklərini dedi.

Ibrahim Ləmbəranski dedi ki, gəl humanistlik göstər

Bundan sonra Ramazan Səlimov sabiq hakim Həsən Əliyevin suallarını cavablandırıb.

Həsən Əliyev:

– Ifadənizdə demisiniz ki, Həsən Əliyevin məsləhəti ilə 2013-cü ildə Siyəzənin icra başçısının yanına getmisiniz. Siz Arif müəllimə (Arif Qasımov) zəng vurmusunuz? Bu insan hər şeyi danır.

R.Səlimov:

– Bəli, birinci görüşdən sonra.

H.Əliyev:

– Hansı nömrədən zəng vurmusunuz?

R.Səlimov:

– Xatırlamıram.

H.Əliyev:

– Sahib müəllimin nəvələrinə aldığınız sırğaların qəbzini istintaqa təhvil vermisinizmi?

R.Səlimov:

– Tariyelə vermişdim.

Zərərçəkmişin nümayəndəsi Iradə Cavadova müdaxilə edib:

– Həsən müəllim, bura sizin apardığınız məhkəmə prosesi deyil.

Həsən Əliyev:

– Qəbzlərin surəti var?

R.Səlimov:

– Yox.

H.Əliyev:

– İfadənizdə göstərmisiniz ki, “Kişmiş” restoranında Həsən pulu aldı, qəbz yazdı verdi, yaşıl işıq yandı və s. Həmin gün mən sizinlə bir yerdə olmamışam. Sən mənimlə harada görüşüb getmisən notariat kontoruna? Hansı maşınla? Saat neçədə?

R.Səlimov:

– Yenə başladı də…

H.Əliyev:

– Bəs necə? O boyda ittiham verilib mənə. Restoranda yediyi kababın hesabı yadında qalır amma…

R.Səlimov:

– Pul verənin yadında qalır.

Bundan sonra R.Səlimov hakimin suallarını cavablandırıb.

Məhkəməyə sədrlik edən hakim Mübariz Məmmədovun “Həsən müəllim sizi konkret olaraq kiminlə görüşdürüb?” sualına zərərçəkmiş hələlik ad çəkmək istəmədiyini deyib.

Hakim:

– Həsən Əliyevin sizi aldatması ilə bağlı şübhəniz nə vaxt yarandı?

R.Səlimov:

– Pirallahıya başqa icra başçısı gedəndə. Gördüm ki, aldadılmışam. Ona görə də martın 25-də şikayət etdim. 

Hakim:

– Həsən müəllim etiraf etdimi?

R.Səlimov:

– Yox, etmədi. Dedi ki, Ramazanı iki-üç dəfə görmüşəm. Boynuna almadı.

Hakim:

– Həsən müəllim boynuna almırdısa, sizə nə əsasla deyirdilər ki, məbləğin ödənilməsi ilə bağlı ərizə yazın?

R.Səlimov:

– Ibrahim Ləmbəranski dedi ki, bu ərizə yazılmasa, Həsən həbs olunacaq, gəl humanistlik göstər, onu həbs etməyək.

Hakim:

– Niyə demədiniz ki, pulumu verin, sonra yazım?

R.Səlimov:

– Dedi ki, pul buradadır, indi verəcəyik. Sonra müstəntiq harasa getdi. Gəlib dedi ki, rəhbərlik gedib. Beş paçka pulu seyfdən götürüb verdi.

Hakim:

– Biz də müstəntiq işləmişik. Bəlkə pulun hamısı sizə verilib. Bəlkə heç verilməyib. Necə ola bilər ki, o cür mühüm işlər üzrə müstəntiq o boyda məbləği sizə versin, qəbz almasın? Nəsə inandırıcı görünmür. O ərizəni yazmağınız şübhə doğurur. Niyə iyulun 3-dən sonra ora getmədiniz? Niyə iradınızı bildirmədiniz?

R.Səlimov:

– Mən 3 iyuldan sonra ora getməmişəm, istintaq materialları ilə tanış olmamışdım.

Hakim daha sonra R.Səlimovdan vəzifəli şəxslərə hədiyyələri hansı məqsədlə aldığını, alınan bəxşişləri ürəklə verib-vermədiyini soruşub. R.Səlimovun cavabı özünəməxsus tərzdə olub: “Hamısını Həsən Əliyevin göstərişi ilə almışdım. Girirdim içəri, stolun üstünə qoyub çıxırdım. 40 il prokuror oğlu olmuşam. Kənddən gəlib sonradan pul tapmamışam”.

Məhkəmə prosesi noyabrın 17-dək təxirə salınıb.