Sirac Kərimlinin səhhətində problemlər yaranıb

Noyabrın 4-də vəkil Nemət Kərimli həbsdə olan Müsavat başqanının müavini Fərəc Kərimli və Sirac Kərimli qardaşları ilə görüşüb. Görüşdən sonra musavat.com-a açıqlamasında vəkil Sirac Kərimlinin səhhətində ciddi problemlər yarandığını deyib: “Bu gün vicdan məhbusları – Fərəc və Sirac Kərimli qardaşları ilə görüşdüm. Sirac bəy ürək ağrısından və qan təzyiqindən şikayət edir. Ona təcridxanada dərmanlar verilsə də, müsbət dəyişiklik yoxdur. Nəticədə daha ağır dərəcəli dərmanlar qəbul edir. Bununla bağlı təcridxananın rəisinə müraciət etdim. Qanuna görə, səhhəti pisləşən məhbuslar başqa tibb müəssisələrinə  köçürülə bilərlər. Dəftərxana rəisi məktubu qəbul etmədi. Poçt vasitəsilə göndərdim. Mən hüquq mühafizə orqanları qarşısında məsələ qaldıracam. Sirac hər gün qan təzyiqi ilə bağlı 3-4 dəfə dərman qəbul edir. Ürək ağrıları isə sakitləşmir. Vəziyyəti ürəkaçan deyil. Bu, onun xarici görkəmindən daha aydın hiss olunur”.

Vəkil Fərəc Kərimlinin səhhətinin normal olduğunu bildirib: “Fərəc normaldır. Saxlanma şəraitindən şikayəti yoxdur. Sadəcə əvvəllər müalicə olunduğu qara ciyərində yaranan problemlər davam edir. İstilik sisteminin olmamasından əziyyət çəkirdilər. O da bu gün verilib”.

Xatırladaq ki, Fərəc və Sirac Kərimli qardaşları bu ilin iyulunda həbs ediliblər. Hər iki qardaşa qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddələri ilə (kütləvi narkotik maddələri əldə etmə, saxlama və satma) ittiham irəli sürülüb. İrəli sürülən maddə üzrə onları 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.