Ölkə əhalisinin önəmli bir hissəsi yerli telekanallara baxmır. Hətta tanıdıqlarımın çoxu bu kanalları biryolluq siyahıdan siliblər. Insanları nə deyib qınayasan ki… Axı nə qədər səviyyəsiz, düşük, bayağı şoulara, ağlaşma mərasimlərinə, saçyoldu “ayin”lərinə baxıb əsəbiləşmək olar? Hələ uzaq Avropa ölkələrindəki aclığın, işsizliyin, səfilliyin baş alıb getməsi haqqında gülünc xəbər proqramlarını demirəm.
Bu kanallarla hesabını çoxdan qapadanlardan biri də mənəm. Amma gəl ki, indi də həmin şeyləri yerli TV-lərə bənzər saytlar zorla gətirib soxur insanın gözünə. Son iki-üç ildə çayır kimi artan həmin portallarda baş xəbər yerini alan bu rüsvayçı qalmaqallar indi də interneti işğal edib. Hazırda gündəmin ən mühüm xəbəri nədir, bilirsiniz? Nazəninlə Təranə Qumralın “çəpər” davası. Inanın, heç “çəpər” davalarında da belə rəzil söhbətlər eşitmiş olmazsınız. Amma baxın, sosial şəbəkələrdə boy verən “çayır media”sı neçə gündür onu necə tirajlayır. Insanları ANS kanalından yayımlanan bu qalmaqalın əlində əsir-yesir qoyublar. Anlaya bilmirəm, doğrudanmı, kimin kimlə birlikdə olması, kimin ərinin kimə göz qoyması ölkə insanının bu qədər maraq dairəsindədir? Hələ harasıdır ki? Bu dava ətrafında müzakirələr çəkdikcə çəkəcək. Həmin saytların ən azı bir aylıq materialı var.
Hələ bu sadəcə həftənin “şok xəbəri” olduğuna görə, onu qeyd etdim. Bənzər hadisələr demək olar ki, hər gün təkrarlanır. Yəni şou TV-lər var, material var, onlara dəstək olan saytlar da var. Daha nə olsun ki? Insanların başını qatmağa, yuxulatmağa, ölkə gündəminin əsas hadisələrindən yayındırmağa, gözünü pərdələməyə bunlar da yetər. Elə bilirsiniz, yetmir? Yetir də, ötür də, vallah. Yaxınınıza, ətrafınıza bir nəzər salın. Nə qədər insan bəh-bəhlə seyr edir bu verilişləri. Ailənizdə, çevrənizdə nə qədər insan azarkeşidir bu evlənmə-boşanma, falabaxma, qalmaqal yaratma, çal-çağır proqramlarının. Zarafatınıza gəlməsin, əsl yaramız burdadır bax. Faciələrimizin əsas nöqtəsini burada axtarın, istərsəniz. Bu məmləkətin ürək yaxan həqiqətləri, talanan sərvətləri, əzilən haqları, acı gerçəklərini dəyişmək istəyən insanların məhbəslərdə yaşanan əzabları haqqında nə bilir onlar? Soruşun, nəsə bilirlərmi yəni?
Xatırlayırsınızsa, keçən həftə mətbuat ölkədə baş vermiş iki dəhşətli qətl hadisəsi haqqında yazmışdı. Birində qardaş bacısının sevdiyini, o birində bacı bacını öldürmüşdü. Başqa bir hadisə isə gənc qadının ərinin qohumuna qoşulub qaçması ilə bağlı idi. FB-də həmin xəbərlərə münasibətini bildirən bir nəfər “görəsən bu dəhşətli hadisələr nədən baş verir” deyə sual etmişdi. Məgər çoxmu çətindir bunun cavabını anlamaq? Nədən uzaqlarda axtarırsınız ki, məlum səbəbləri. Hər gün ekrandan insanların beynini yuyan, şou adına yayımlanan biabırçı verilişlərlə insanları kor edən, əxlaqsızlığı adiləşdirən telekanallarda axtarın bu cavabları. Bu cavabları ölkə insanının dərdini, problemlərini görməzdən gəlib, gün boyu “çal-oynasın” havası yayanların məkrli niyyətində axtarın.
Bəli, uzaq keçmişdə hakim qüvvələrin kütlələri itaətdə saxlamaq və başını qatmaq üçün istifadə etdiyi çeşidli üsulları indi tək televiziya əvəz edə bilir. Televiziya ölkə insanının düşüncəsinə nüfuz edə bilən ən təsirli media vasitəsidir. Biz nə qədər desək də, onun geniş kütlələrə hesablanmış təbliğatı daha çox iş görür. Bu şər təbliğatının kökündə nə dayandığı da açıq-aydın ortadadır. Tövsiyəm sadəcə odur ki, özünüzü və yaxınlarınızı bu beyin hüceyrələrini öldürən “şok xəbər” hipnozundan uzaq tutun!