Zəvvarlarımızı Məkkədə kimlər “lox”layır?

Yaxud Nisə surəsinin «bərəkət»i hansı cibə gedir?

Yazıma qardaş Türkiyədə avropalılar haqda tez-tez işlənən məhşur bir deyimlə başlamaq istəyirəm – “Işləri var dinimiz kimi, dinləri var işimiz kimi…”

Kəlamın ikinci hissəsi yəni xristian dini ilə bağlı yeri ilə razılaşmasam da, ümumilikdə çox möhtəşəm və dəqiq ifadə olunub. Yəni avropalılar xristian və katolik olsalar da əməlləri ilə daha çox müsəlmandırlar. Bu gün bizə fantastik və əlçatmaz olan dəyərlər artıq bir neçə əsrə yaxındır ki, onlarda iş başındadır. Təsəvvür edə bilirsinizmi, bir neçə il əvvəl Almaniya prezidenti ona görə istefa etdi ki, o, evinin təmiri üçün dostunun bankından güzəştli kredit götürmüşdü. Orada qanun pozuntusu yox idi, sadəcə bu, alman cəmiyyəti üçün mənəvi cəhətdən qəbuledilməz idi və heç bir mitinq, piket olmadan prezident istefa verdi. 

Yenə bir neçə il əvvəl səhv etmirəmsə, rumıniyalı yol polisləri işə tələsən(!) ölkə prezidentinin maşınını cərimə meydançasına aparmışdılar. 

“Qanun şahdır, şah qanun deyil” prinsipi ilə yaşayan avropalılar müsəlman olmasalar da sanki gecə-gündüz müqəddəs kitabımız olan “Qurani Kərim”imizi oxuyaraq zikr edirlər. Bax belə, əziz oxucum…

Bizə avropalı kimi yaşamaqda nə mane olur? Maraqlı sualdır, deyilmi? Iqtidar təbliğatına inansaq, buna ən azı yüz il vaxt lazımdır. Onların əsas arqumenti budur ki, rüşvət və korrupsiya bizim qanımıza elə hopub ki, bunu təmizləməyə bir əsr belə yetməz. Odur ki, bizə mane olmayın, qoyun işimizi axıra çatdıraq. 

Sanki doqquz milyonluq ölkəni rüşvət verməyə, onu səfalət içində yaşamağa məcbur edənlər başqalarıdır və iqtidar də onlara qarşı mübarizə aparır. Və təxminən yüz ildən sonra hər şey yaxşı olacaq. Siz gözləyin, biz keçək əsas məsələyə…

Həcc ziyarəti üçün tələb olunan məbləğin digər qonşu ölkələrə nisbətən Azərbaycanda ən yüksək olduğu yəqin ki, hamınız bilirsiniz. Bu mövzuda internetdə axtarış versəniz görərsiniz ki, bizə nisbətən Məkkədən daha uzaqlarda yerləşən ölkələrin vətəndaşları belə daha ucuz qiymətə bu müqəddəs ziyarətə gəlirlər. 

Düşünmək olardı ki, hər şey Bakıda, yəni Məkkəyə qədər həll olunur, zəvvar 4100 manatı ödəyir və orada hamı milyonlara qarışır, Hacı titulunu alır və Vətənə qayıdır. Əlqərəz, nə qədər korrupsiyaya bulaşsaq da, Məkkəyə özümüzlə bir  məsumluq aparırıq. Sən demə, belə deyilmiş. Korrupsiya maşını orada da dayanmır. Binəva zəvvarlarımızı orada da “lox”layırlar. Əlbəttə, ərəblər deyil özümüzünkülər tərəfindən…

Sən demə, geri dönən hacılarımızdakı qəribə aqressivlik, onların çoxunun hörmətli Şeyximizə qarşı soyuq münasibəti məhz bundan qaynaqlanırmış. 

Geri dönən bir hacı ilə söhbətimdən məlum oldu ki, onların ödədiyi məbləğlə qarşılaşdıqları məişət xidməti arasında dərin ziddiyyət var. Onları, yəni azərbaycanlı zəvvarları ən ucuz, demək olar, yataqxana tipli hotellərdə yerləşdirirlər. Adi günlərdə belə hoteldə bir sutka qalmaq 30 dollara başa gəlir. Müsahibim hoteldə mələfələrin yalnız on gündən sonra dəyişdirildiyini xüsusilə vurğuladı. Səhər-axşam verilən yeməyin çox keyfiyyətsiz olduğunu vurğuladı. Ərəfat ziyarətindən əvvəl isə, iki gün içməli suyun kəsilməsinə etiraz edəndə isə, hotel rəsmiləri “biz verilən pulun müqabilində xidmət göstəririk” deyə problemi məhz kimlə həll etməli olduqlarını bir daha onların nəzərinə çatdırıblar. 

Hacı tanışım daha komfortlu hotellərdə məskunlaşan zəvvarların ziyarət üçün daha az məbləğ ödədiyini xüsusilə vurğulayaraq, onlara və ölkələrinə rəğbətini açıq şəkildə bildirirdi. Nəzərinizə çatdırım ki, bəyənmədiyimiz Nigeriya onların başında gəlirdi. 

Zəvvarlarlarla bağlı fırıldaq bununla bitmir. Hələ bir “Nisə surəsi” (namazı) deyilən bir ayinin “yerinə yetirilməsi” var ki, burada istər-istəməz ölməz Mirzə Cəlilə rəhmət oxuyursan. Paralel olaraq, çiçəyi burnunda olan hacıları müqəddəs torpaqda rüşvət verməyə məcbur edirlər. Yəni Bakıdan məsum gələnləri(!) də günaha batmağa məcbur edirlər. Mömin olmasam da bu əhvalatı eşidəndə şok oldum.  Şeyx Nəsrullah ölməyib, yaşayır dedim. 

Növbəti yazımda bu mövzu ilə bağlı geniş söhbət açacağıq…