Hakimiyyətin London qətiyyətsizliyi

Şəxsi maraqlara görə canfəşanlıq edənlər Qarabağla bağlı məsələyə səssiz qaldılar

Azərbaycan hakimiyyəti separatçı rejimin daha bir sərgidə iştirakının qarşısını ala bilmədi. Belə ki, noyabrın 3-6 tarixində Londonda keçirilən “World Travel Market” ənənəvi turizm sərgisində Azərbaycanın işğal edilmiş əraziləri ayrıca bir stend şəkilində iştirak edib və “Qarabağ Turizm Inkişaf Idarəsi” adı ilə sərgiyə qatılıb. 

Təbii ki, bu, Azərbaycana qarşı növbəti əzələ nümayişi və Ermənistanın təbliğatının genişləndirilməsidir. Yəni Ermənistan müxtəlif vasitələrlə Qarabağı özününkü kimi tanıtmaq istəyir.

XIN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Trend”ə açıqlamasında bildirib ki, baş verənlərlə bağlı etiraz ifadə olunub və Böyük Britaniya hökumətinə müraciət ünvanlanıb: “Baş verənlərin qarşısının alınması üçün hələ tədbirin  başlamasından əvvəl Böyük Britaniyanın Xarici Işlər Nazirliyi və sərginin təşkilatçısı ”Reed Exhbitions” şirkəti qarşısında Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali Irlandiya Krallığındakı səfirliyi tərəfindən məsələ qaldırılmışdır. Həmçinin Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri bununla bağlı Böyük Britaniya hökumətinə müraciət ünvanlayıblar. “Reed Exhibitions” şirkəti separatçı rejimin heç bir halda “World Travel Market” turizm sərgisində ayrıca stendlə təmsil olunmayacağını bildirmişdir. Həmçinin, qondarma rejimi təmsil etdiyini iddia edən “Qarabağ Turizm Inkişaf Idarəsi”nin (Karabakh Tourism Development Agency) bu sərgidə iştirakına rəsmən icazə verilməmişdir”- deyə hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan səfirliyi tərəfindən Ermənistan Turizm Nazirliyinə aid olan pavilyonda Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin “Karabakh” adı altında təqdim edilməsi məsələsi ilə əlaqədar Böyük Britaniyanın Xarici Işlər Nazirliyi və sərginin təşkilatçısı “Reed Exhbitions” şirkəti ilə iş davam etdirilməkdədir.

Xatırladaq ki, bir müddət əvvəl Fransada da analoji sərgidə separatçı rejimin şirkətləri Azərbaycan şirkətləri ilə eyni sərgiyə qatılmışdı. Lakin onda da hakimiyyət quru etirazla kifayətləndi. Bu da bir daha rəsmi Bakının belə məsələlərdə ermənilərə uduzduğunu sübut edir. Fransada anoloji hal baş verəndə “Azadlıq” qəzeti bu məsələni işıqlandırmışdı və hakimiyyətdən məsuliyyət tələb etmişdi.

Maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan hakimiyyəti öz şəxsi maraqlarına görə istənilən təşkilatda insanları ələ ala bilir. Yəni Avropa Şurasından tutmuş, müxtəlif ölkələrdəki siyasi təşkilatlara “yol” tapa bilirlər. Məlum olur ki, hakimiyyət “kürü diplomatiyası” və yaxud milyonlarla dollar hesabına özünə “sirdaş”lar tapa bilir. Ancaq, söhbət Qarabağdan gedəndə, Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatdan gedəndə, quru etirazla kifayətlənirlər. Adamları ələ almaqda peşəkarlaşan hökumət, bir sərgidəki təxribatın qarşısını niyə ala bilmir?

Başqa vaxt “bizim Qarabağ kim dərdimiz var” deyənlər, indi Qarabağın “özəlləşdirilməsinə” tamaşa edirlər. BMT-dən,  ABŞ-dan Qarabağla bağlı qətiyyətli mövqe tələb edənlər, özləri Qarabağın Erməni təbliğatına qurban getməsinə səssiz qalıblar.

Bəli, Ermənistan yavaş-yavaş Qarabağı dünyaya tanıtdırmaqla məşğul olur. Və buna görə də müəyyən tədbirlərdə, mədəniyyət və incəsənət sahəsindəki sərgilərdə Qarabağı öz əsəri kimi təqdim edir.

Bir daha sübut olunur ki, hakimiyyətin vətənpərvərliklə bağlı səsləndirdiyi fikirlər, sadəcə daxili auditoriyaya hesablanıb. Ölkə daxilində “asıb-kəsən”lər, ölkə xaricindəki  bütün hücumlara “ağ bayraq” qaldırmaqla reaksiya verirlər. 

Dünən Fransada, bu gün Londonda, sabah başqa bir şəhərdə Qarabağı ikinci dəfə itiririk. Hakimiyyət isə milyonlarla manat vəsaiti xaricdəki lobbiçilərinə xərcləyir və yalnız “məni tərifləyin” tələbini irəli sürür.

Bir sözlə, Qarabağın ayırıca bir ölkə kimi sərgilərə çıxarılması və Azərbaycanın buna mane ola bilməməsi, həm də hakimiyyətin yarıtmaz siyasətinin sərgisidir.

Akif