Nazirin dediklərilə reallıq uyğun gəlmir

Vahid Məhərrəmov: «Belə xidmətlə dövlət başçısına yarınırlar ki, guya, hər şey qaydasındadır»

Kənd təsərrüfatı naziri Heydər Əsədov deyib ki, son 10 ildə ümumi kənd təsərrüfatı məhsullarının istehsal həcmi 3.4 dəfə, bitkiçilik məhsullarının istehsalı 3 dəfə, heyvandarlıq məhsulları isə 3.8 dəfə artıb. “Trend”in bu barədə yaydığı məlumata görə, Heydər Əsədov bildirib ki, bu müddətdə kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşunun həcmi 15, sahə üzrə orta aylıq əməkhaqqı isə 9 dəfə artıb.

Nazirin sözlərinə görə, hazırda ayrı-ayrı kənd təsərrüfatı məhsullarının istehsal həcmi “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda 2015-ci il üzrə müəyyən olunmuş hədəf göstəricilərinə uyğun səviyyədədir.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyir ki, gömrük statistikasına, idxalla bağlı Statistika Komitəsinin məlumatına diqqət yetirəndə son 10 ildə idxal məhsullarının həcminin dəfələrlə artdığının şahidi oluruq. Ekspertin sözlərinə görə, kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq məhsullarının idxalı iki dəfə artıb. Bu da onu deməyə əsas verir ki, istehsalla bağlı göstərilən rəqəmlər şişirdilib və reallığı özündə əks etdirmir: “Ölkənin artan tələbatı yalnız idxalın hesabına ödənilir. Biz bunu reallıqda görürük. Ölkəyə süd, süd məhsulları, kərə yağı, ət idxalı çox ciddi şəkildə artıb. Ölkədə istehsal olunan kənd təsərrüfatı məhsulunun statistikası həddən artıq şişirdilib. Bunu da 10 il öncə məhsulun az olduğunu, indiki dövlət başçısı hakimiyyətə gələndən sonra kənd təsərrüfatında sürətli artımın baş verdiyini vurğulamaq üçün gündəmə gətirirlər. Lakin onlar bununla həm də kənd təsərrüfatında mövcud olan çatışmazlıqları, bu sahədəki durğunluğu pərdələmək məqsədi güdürlər. Əslində, belə xidmətlə dövlət başçısına yarınırlar ki, guya hər şey qaydasındadır, istehsal getdikcə artır və s. Reallıqda vəziyyət heç də onlar deyən kimi deyil. Kənd təsərrüfatı sahəsində çox ciddi problemlər var. Həmin problemlər həll olunmadığından  getdikcə də dərinləşir”. 

Nigar