Hakimiyyət Qərbi “nakişi” adlandırdı (YENİLƏNİB)

Avropa Parlamentinin qətnaməsinə Milli Məclis isterik reaksiya verdi

 

Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsinə cavab hazırlamaq üçün komissiya yaradıb. Mayın 17-də Milli Məclisin iclasında yaradılan komissiyaya vitse-spiker Valeh Ələsgərov sədlik edib. Deputatlar Səməd Seyidov, Fərəc Quliyev, Asim Mollazadə, Azay Quliyev, Əli Hüseynli və Aytən Mustafayeva komissiyanın üzvü seçiliblər.

Komissiyanın yaradılması təklifini Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov verib. Z.Əsgərov təklifini əsaslandırmaq üçün etdiyi çıxışında Avropa Parlamentinin və ümumilikdə Qərbin əleyhinə xeyli ittihamlar da səsləndirib. Onun dedikləri əsasən bunlardan ibarət olub:

– Bu gün qərb deyəndə, jandarma başa düşülür. Bunlar beynəlxalq siyasəti, beynəlxalq hüququ öz əllərinə alıblar, necə istəyirlər, elə də tətbiq edirlər;
 

– Avropa Parlamentinin qəbul etdiyi son qətnamə ikili standartın təzahürü və arxadan vurulan zərbədir;
 

– Onların devizi budur: güc bizdədir, resurs bizdədir. Biz necə istəyirik, elə də olmalıdır. İstəsəniz də budur, istəməsəniz də. Ədalət, bərabərlik, təhlükəsizlik məsələləri gələndə isə deyirlər ki, bunu biz özümüz həll eləməliyik. Onda sual olunur, yaxşı onda bizi ora niyə dəvət eləmisiniz?
 

– Qaz lazım olanda, neft lazım olanda qaçırlar Azərbaycan prezidentinin üstünə, Azərbaycanda iki-üç cinayətkar tutulan kimi o saat QHT-lərlə işləyirlər. Axı bu da Azərbaycanın işidir. Gəlin Azərbaycanla həll edin. Əgər problem varsa, biz oranın üzvüyüksə, bunu bir yerdə həll eləməliyik. İkili standart nəyə lazımdır?

– Bu gün «Nabucco» layihəsinin həyata keçirilməsi ilə bağlı Azərbaycana çox ciddi təzyiqlər var. Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilən qətnamə də bu təzyiqlərin tərkib hissəsidir. «Nabucco» Qərbin layihəsidir, özü həll etsin.

– Azərbaycandan əlavə güzəştlər qoparmaq istəyirlər. Qopara bilmədikdə, insan hüquqları, demokratiya adı altında Azərbaycana təzyiqlər edilirsə, bu, kişilikdən deyil. Onsuz da beynəlxalq aləmdə kişilik qalmayıb. Buna baxmayaraq, bizim öz standartlarımız var.

Deputatlar Bahar Muradova, Əli Əhmədov, Azay Quliyev və başqaları da Avropa Parlamentinin qətnaməsini pisləyib, qərəzli sayıblar.

Bu çıxışlara cavab olaraq deputat İqbal Ağazadə bildirib ki, əslində, Avropa Parlamentinin qətnaməsi qərəzli deyil. Mitinqlərin dağıdılması, gənclərin həbs olunması və təhsildən kənarlaşdırılması kimi məsələlər üzündən Avropa Parlamenti bu cür qətnamələr qəbul edir. İ.Ağazadənin fikrincə, 28 Mayda amnistiya elan olunmalıdır.

***

Milli Məclis Avropa Parlamentinə müraciət qəbul edib. Müraciət Avropa Parlamentinin 12 may qətnaməsinə cavab olaraq hazırlanıb. Parlamentin axşam iclasında qəbul olunan müraciətin mətni deputat Azay Quliyev səsləndirib.
Müraciətdə qeyd olunur ki, Avropa Parlamentinin 12 mayda qəbul etdiyi qətnamə Azərbaycanla bu qurum arasında yaranan əlaqələrə ciddi zərbə vura bilər. Milli Məclis bu qətnaməni Avropa Parlamenti ilə münasibətlərə son qoya biləcək qərəzli bir sənəd hesab edir.

Müraciət yekdilliklə qəbul edilib. Milli Məclisin 100 deputatı müraciətin qəbul edilməsinin lehinə səs verib.
Sənədin qəbulundan sonra spiker Oqtay Əsədov bildirib ki, may ayının 22-də Avropa Parlamentinin sədri Azərbaycana səfərə gəlir. Ona görə də müraciət tez göndərilməlidir ki, o gələnə qədər məlumatlı olsun.

***

Avropa Parlamenti Azərbaycanla bağlı yeni qətnaməni mayın 12-də qəbul edib. Strasburqda qəbul edilən sənəddə Avropa Parlamenti Azərbaycanda müxalifətin etiraz aksiyalarının dağıdılmasını pisləyib, vətəndaş cəmiyyətinin, sosial şəbəkələrin fəallarına və jurnalistlərə qarşı təzyiqlərdən dərin narahatlıq keçirdiyini bildirib.

Sənəddə mart və aprel aylarında müxalifətin etiraz aksiyaları zamanı 200-dən çox fəalının saxlanması tənqid olunub. Tanınmış müxalifət nümayəndələrinin və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına baxmayaraq jurnalistin (Eynulla Fətullayev) hələ də həbsdə saxlandığına diqqət yönəldilib və Azərbaycan hakimiyyətinə onların dərhal azadlığa buraxılması üçün çağırış edilib.

Qətnamədə xüsusilə gənc fəallar Cabbar Savalanlı və Bəxtiyar Hacıyevin hökumət əleyhinə etirazlara çağırdıqlarına görə narkotik və ordudan yayınma ittihamıyla həbs olunduğu bildirilir və bu qınanır, ölkədə insan haqları sahəsində vəziyyətin pisləşdiyi vurğulanır.

Bundan başqa, Azərbaycan hakimiyyətinin jurnalistlər və siyasi fəallara qarşı hədə-qorxu və təqibləri artırdığı deyilir.

Avropa Parlamenti Azərbaycan hakimiyyətinin qanunsuz ittihamlardan imtina etməsini və ölkədə jurnalistlərin müdafiəsinə təminat verilməsini istəyib.