Xalid Qarayevin üzünə duran şəxs dəfələrlə məsuliyyətə cəlb olunub
Mövcud hakimiyyətin mahiyyəti və təməl prinsipləri hər gün daha aydın şəkildə üzə çıxır. Məlum olur ki, hakimiyyətin tərəfdaşları, “iş yoldaş”ları, siyasi məsləkdaşları işverənlərdən və üzə duranlardan ibarətdir.
Bu “ənənə” uzun müddətdir ki, hökumətin daxili siyasətində prioritetdir. Hələ uzun illər öncə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid hökumətimizin üzəduranları sayəsində həbs olunmuşdu. Sonradan məlum olmuşdu ki, bu “şahid” in özü polisin axtarışındadır. Yəni, cinayətkardan cinayəti “aydınlaşdırmaq” üçün istifadə etmişdilər.
Milli Şuranın 12 oktyabr mitinqində də hökumətimiz “IŞID” fantaziyasını işə saldı və məlum oldu ki, müxalifətin imicinə zərbə vurmaq istəyən adam, bir müddət əvvəl siyasi məhbus Pərviz Həşimlinin məhkəməsində şahid kimi iştirak edib.
Yəni, əvvəlki dövrlərdə olduğu kimi, bu dəfə də hakimiyyətin “plan”ı ifşa oldu. Son olaraq isə, “Azadlıq” qəzetinin əməkdaşı Xalid Qarayevin həbsi gündəmə gəldi və məlum oldu ki, bu dəfə ki, “şahid”də peşəkar üzədurandır. Belə ki, Elnur Qasımov polisin agentura şəbəkəsinə daxil olan şəxsdir və müxalifətin mitinqlərində canfəşanlıq edərək, polisə yardım edir.
Bizə verilən məlumata görə Elnur Qasımov CM-nin 185.1-ci maddəsi ilə 1 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Daha sonra Apelyasiya məhkəmsi əvvəlki hökmü şərti cəza ilə əvəzləyib. Əvvəllər isə Elnur Qasımov CM-nin 128-ci maddəsilə (yaşlı qadını döydüyünə görə) məsuliyyətə cəlb olunub. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Binəqədi ərazisində narkotiklə bağlı işlərin 70 faizində bu şəxs “hal şahidi” kimi iştirak edir.
Göründüyü kimi Azərbaycan hakimiyyəti bitmiş insanların ümidinə qalıb. Və bu “vərdiş”ləri ifşa olunsa da, utanmadan eyni ardıcıllıqla davam edirlər.
Hamı razılaşar ki, yüksək insani keyfiyyətlərə malik bir şəxs, cəmiyyətin dibində olan başqa bir şəxslə dostluq, əməkdaşlıq etmək istəməz. Hakimiyyət isə, rəqiblərini sıradan çıxarmaq üçün, ən ləyaqətsiz insanlarla da iş birliyinə hazırdı. Görünür, tərəflər arasında möhkəm mənəvi bağlar var və xarakterdə ümumi prinsiplər üstünlük təşkil edir.
Akif