Ölkə başçısı özü niyə bu təcrübəni öyrənmir?
Hökumətimizin böyük islahatlar aparması, Qərb təcrübəsini öyrənməyə çalışması, xaricdə təhsilə önəm verməsi haqda tez-tez məlumatlar eşidirik. Təbii ki, bu məlumatlar reallığı əks etdirmir və ictimaiyyət səslənən fikirlərə inanmır. Çünki, gecə-gündüz Qərbin əleyhinə kampaniya aparanların, Qərbi “erməni lobbisi” ilə iş birliyində ittiham edənlərin, Qərb təcrübəsini ölkəyə gətirmək istəməsi absurddur.
Ötən gün isə yeni məlumat yayıldı və bəlli oldu ki, ölkə başçısı Ilham Əliyevin göstərişi ilə 14 rayon icra hakimiyyətinin başçısı Avropaya göndərilib. 10 gün ərzində icra başçıları Fransanın müxtəlif şəhərlərində olub yerli təcrübəni öyrənəcəklər.
Deyilənə görə Icra hakimiyyəti başçılarının Avropa şəhərlərinin inzibati idarəetməsini, şəhər infrastrukturunu, müasir şəhərsalma mədəniyyətini öyrənməsi məqsədi ilə artıq bir neçə ildir ki, ənənəvi tədbirlər həyata keçirilir.ÿHətta bir müddət önncə 10 rayonun icra başçısının Italiyaya təcrübə keçməyə göndərildiyi də bildirilir.
Əslində, təşəbbüsü müsbət qiymətləndirmək lazımdır. Yəni, icra başçıları turist səfərinə getmirsə və həqiqətən də Avropa təcrübəsini öyrənməyə qərar veriblərsə, bunu alqışlayarıq.
Ancaq, uzun illərin təcrübəsi onu göstərir ki, belə səfərlər Avropanı gəzmək və bahalı hədiyyələr alıb geri qayıtmaqdan başqa heç nə ilə yadda qalmır. Əks halda icra başçılarının vətəndaşla davranışında, idarəetmə formasında dəyişiklik olardı.
Biz, icra başçılarının təcrübə üçün Avropaya göndərilməsinə bilirsinizmi niyə inanmırıq? Çünki, icra başçılarını Avropaya göndərən şəxsin özü Avropa nümunəsindən imtina edib. Əgər, Avropa təcrübəsi yaxşıdırsa, Ilham Əliyev özü niyə bu təcrübədən yararlanmır?
Fərqli fikrin daşıyıcılarını həbs etdirmək, müxalifəti “ünsür” adlandırmaq, ölkənin bütün sahələrini inhisara almaq, büdcəni bir neçə nəfər arasında bölüşdürmək, Avropa təcrübəsidirmi?
Avropanın “demokratik islahatlar aparın”, “siyasi məhbusları azad edin”, “azad sahibkarlıq mühiti yaradın” tələblərini rədd edib, sonra Avropa yeniliklərini öyrənmək istəyi də analoqsuzdur.
Dünənə qədər “bizim daxili işimizə qarışırlar” deyərək Avropanı düşmən edənlər, indi Avropa təcrübəsinə tələbat hiss edirlər.
Əgər, Avropa təcrübəsini öyrənmək istəyirsinizsə, bu yalnız icra başçılarının səfərlərində əks olunmamalıdır.
Avropa təcrübəsini tətbiq etmək istəyirsinizsə, öncə Avropa dəyərlərini təbliğ edənlərlə müharibəni qurtarmalısınız.
Yəni, müsbət dəyərlərin cəmiyyətə inteqrasiyası, ölkə başçısının özünün şəxsi nümunəsində görünməlidir.
Akif


