Dini komitənin sədri Mübariz Qurbanlı bunun anonsunu verdi
“Ilahiyyat” məscidi məscid olaraq fəaliyyət göstərir və ora QMI tərəfindən qanuni imam təyin olunub. Orada qanunsuz fəaliyyət ondan ibarətdir ki, icma qeydiyyata alınmayıb. Bizim tövsiyəmiz orada ayrıca icmanın qeydiyyatdan keçməsi ilə bağlıdır”. Bu sözləri APA-ya müsahibəsində Dini Qurumlarla Iş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədri əlavə edib ki, “Ilahiyyat” məscidilə bağlı başqa bir problem də oraya tutumundan artıq gələnlərin olmasıdır: “O, yataqxanaların əhatəsindədir və bu məscidin tutumundan artıq buraya başqa yerlərdən gələnlər var. Biz onlara dəfələrlə demişik ki, şəhərin başqa səmtlərindən buraya axışaraq süni sıxlıq yaradırlar. Bunu etməsinlər. Biz onu da dəqiqləşdirmişik ki, bu məscidə gələrək süni sıxlıq yaradanlar radikal dini qrupların nümayəndələridir. Əlbəttə, bu yerlərə gələnlərin hamısını radikal adlandıracaq düşüncədə deyilik. Amma bizim monitorinqin nəticələri göstərir ki, buraya süni şəkildə başqa yerlərdən adamlar bayram və cümə namazları vaxtı gələrək nəsə göstərmək, eləmək istəyirlər. Onlar radikal qrup olaraq bir növ mesaj vermək istəyirlər”.
Mübariz Qurbanlı “Əbu Bəkr” məscidilə bağlı məsələyə də aydınlıq gətirib: “Əbu Bəkr” məscidinə gəldikdə, orada bu dediyim hallar o vaxt özünü büruzə verib. Həmin qruplar ki, bu gün “Ilahiyyat” məscidi ətrafında sıxlıq yaradırlar, eyni taktikanı vaxtilə “Əbu Bəkr” məscidində həyata keçiriblər. Nəticədə, hətta orada xoşagəlməz məlum fitnəkarlığa da yol verildi. Ona görə də bu məscidlə bağlı fikrimiz ondan ibarətdir ki, əvvəlcə o məscid ətrafında təhlükəsizlik məsələləri tam həllini tapmalıdır və bu istiqamətdə də işlər gedir. Oradakı dini icmanın qeydiyyatı ilə bağlı bizə onlardan hələ rəsmi müraciət daxil olmayıb. Şəxsən mənim rəhbərliyim dövründə müraciət olmayıb. Əvvəllər olub-olmaması ilə də bağlı araşdırmaq lazımdır”.
Mübariz Qurbanlı daha sonra bildirib ki, bəzi icmaların insanları terrorçu qruplara qoşulmağa göndərmələri barədə məlumatlar alırlar: “Bəzi icmaların ayrı-ayrı nümayəndələrinin xarici din adı altında adamları terrorçu qruplara qoşulmağa göndərməsi ilə bağlı məlumatlar alırıq. Mən indi onların adlarını çəkmək istəməzdim. Çünki bu, bizim məşğul olduğumuz sahənin alt qatıdır və bununla başqa dövlət qurumları da məşğul olur. Onlar çox peşəkarcasına məşğul olurlar. Bizim yerli şöbələrimizə valideynlər də müraciət edərək bildirirlər ki, övladları müəyyən insanlar tərəfindən öyrədilərək xarici terror təşkilatlarına qoşulmağa göndərilir”.
Mübariz Qurbanlının bu müsahibəsindən belə görünür ki, yaxın vaxtlarda radikal qruplara qarşı növbəti əməliyyatlara start veriləcək.



