Fransada səfərdə olan Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın ölkə prezidenti Frasua Ollandla görüşü zamanı Qarabağ probleminin də həlli müzakirə predmeti olub. Dağlıq Qarabağ münaqişəsinin həllinin tərəflər arasında əsas müzakirə mövzularından birini təşkil etməsi maraq doğurur. Olland və Ərdoğan Dağlıq Qarabağ münqişəsinin həlli istiqamətində görülən işlərdən söhbət açıblar.
Ollandın Ermənistan və Azərbaycanın dövlət başçıları ilə görüşdən dərhal sonra bu məsələni Ərdoğanla müzakirə etməsi əlbəttə ki, maraq doğurur.
Vəfa Quluzadə: «Hazırda dünyada və regionumuzda situasiya dəyişdiyindən Türkiyə Qarabağ probleminin həllində aktiv rol oynaya bilər»
Türkiyənin güclü region ölkəsi olduğunu deyən politoloq Vəfa Quluzadə bildirdi ki, Türkiyə ilə Azərbaycanın sıx əlaqələri var. V.Quluzadənin fikrincə, Türkiyə Qarabağ məsələsinin həllində aktiv rol oynamalıdır. İndiyə qədər Türkiyənin belə bir imkanın olmadığını deyən V.Quluzadə bildirdi ki, amma hazırda situasiya dəyişməkdədir: «ABŞ-Rusiya qarşıdurmasının nəylə bitəcəyini göz önünə gətirmək lazımdır. Əgər Rusiya bu qarşıdurmadan güclənərək çıxacaqsa Qarabağ probleminin həllindən danışmağa dəyməz. Yox əgər bu qarşıdurma elə nəticələrə gətirəcək ki, Rusiyanın mövqeyi Cənubi Qafqazda dəyişəcək. O zaman Türkiyə Cənbui Qafqazda əhəmiyyətli rol oynaya bilər. Çünki Türkiyə həm Azərbaycanla, həm də Ermənistanla əlaqələri olan ölkədir. Ermənistanın Türkiyəyə böyük etiyacı var. Bu baxımdan Türkiyənin yeni şəraitdə hansı addımlar ata biləcəyi maraq doğurur».
Rusiyadan gələn xəbərlərin ürəkaçan olmadığını deyən V.Quluzadə bildirdi ki, Kremlin yürütdüyü siyasət ölkəni hər ötən gün tənənzülə aparır.
Xəyal


