Nuru Nuruzadə
Yaxud, hakimiyyətə “heç vaxt” deyirik
Viktor Hüqonun Səfillər romanını oxuyarkən Vaterloo döyüşünün təsvirinə heyran olmamaq mümkün deyil. Xüsusi ilə Fransanın seçmə qvardiyaçılarının hücümuna ad vermək mümkün deyil. Bütün Fransa qoşununun geri qaçdığı bir vaxtda qvardiyaçıların düşmən üstünə hücumunu dərk etmək bizim üçün çətin olmamalıdır. Çünki bütün müxalif camiə hakimiyyətin hücumları ilə sarsıldığı zamanlarda müxalifətin ən güclü qurumu həbslərə, satqınlıqlara, qara yaxmalara məhəl qoymadan Fransa qvardiyaçıları kimi hücumu davam edirdi. Biz o qurumun tərkibində olan döyüşçülərik.
Bu mövzunun geniş izahını AXCP sədri Əli Kərimli öz statusunda yazmışdı. Ona görədə diqqətinizi döyüşün başqa bir səhnəsinə çəkirəm. Son fransız karesinin (“Kare” batalyon kimi hərbi birləşmədir) döyüşü tərk etmədən sona kimi vuruşması, bütün karenin məhv olması və qalib gəlməsi səhnəsinə. Bu kareyə Kabron adlı zabit başçılıq edirdi. Hər dəfə atəş açıldıqda karedəkilərin sayı azalır, lakin geri çəkilmir, yenə də mübarizə aparırdılar. Döyüşdən qaçan fransız əsgərləri gecənin qaranlığında dayanıb, meydandan gələn top səslərindən, hələ də meydanı tərk etməyib döyüşü sona kimi aparan cəsarətli insanların olduğunu heyrətlə və dəhşətlə düşünürdülər. Son karenin bu müqaviməti düşməndə də ehtiram hissi oyadırdı. Bütün ordunun döyüşdən qaçdığı və möhtəşəm qələbəni yaşamaq taleyinin bu kareyə bəxş edildiyi bir vaxtda, Kambrona təslim olmaq və yaşamaq təklif olundu. Kambron “Merde!” deyə cavab verdi. Son sözü ilə Kambron məğlub olmuş fransız ordusunu qalib, qalibləri məğlub etmişdi. İki böyük tiranın arasında Vaterlo döyüşünün qalibi Kambron olmuşdu. Onun ruhu göylərə mələklərin çiynində böyük döyüşün böyük qalibi kimi qaldırıldı.
Kambron düşmənin təslim olmaq çağırışına “Merde!” deyə cavab verdiyi kimi biz də hakimiyyətin bütün şirnikləndirmələrinə “heç vaxt” deyirik. Tale, bu ağır yükü bizim çiynimizə yükləyərək qələbənin sevincini bizə yaşatmaq istəyir. İqtidar, həbslər, işgəncələr, qarayaxmalarla başlatdığı hücumu ilə artıq qalib gəldiyini zənn etmişdi. Amma unutmuşdu ki, Vaterloo döyüşünü qalibi Kambron, Kərbəla döyüşünün qalibi Hüseyn ibn Əli olduğu kimi, bu döyüşün qalibi də bizik. Həbslərin, qarayaxmaların, təhdidlərin sıralarımızı seyrəltməsinə aldırmadan, mübarizəni davam etdirən bizlər. Qalibiyyətimizə addım-addım irəliləyərkən bizi pul və qorxu ilə bu tarixi qələbədən yayındıracaqlarını zənn edənlərə “heç vaxt” deməklə rişxənd edir, əllərindəki milyardlarla pulların, silahların, gücün heç bir mənası olmadığını göstəririk. Biz, bizi məhv etmək üçün gələn ildırımı rişxəndlə qarşılayırıq, məğlubiyyətimizə sevinmək istəyənləri zəlil edirik. Döyüşün ən zülmət qaranlıq vaxtlarında fransızların son karesi kimi sonuna kimi mübarizə aparan bizlər, artıq günəşin bizim üçün doğduğu zamanda geri adddım atmayacağıq. Bu günəş bizim üçün doğur, öz şəfəqləri ilə başımızı alan qara dumanı məhv edərək, mübarizəmizə işıq saçır.


