Intiqam Əliyev varsa, deməli, Mirzə Cəlil də olub, Sabir də…

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com

Son vaxtlar Azərbaycanda dəbə minən yeni söz birləşməsi var: “insan kapitalı”. Elə iki gün əvvəl Ilham Əliyev də cəmiyyətin inkişafında neft və qazın yox, təhsilin, insan kapitalının əsas rol oynadığını dedi.

Bəs bu deyilənlərin qarşılığında biz nə görürük?

Ölkə həbsxanaları təhsilli, bilgili, bu ölkənin gerçək sərvəti olan insanlarla doldurulur. Nədir onların suçu? Fərqli düşünmələri, tənqidçi mövqeləri, azad, ədalətli cəmiyyət qurulması üçün çalışmaları.

Sual yaranır: azad, ədalətli cəmiyyət qurulmasına çalışmaq suçdursa, insan kapitalından necə danışmaq mümkündür? Insan öz gerçək dəyərinə yalnız bu cür cəmiyyət qurulduqda qovuşa bilər. Yalnız azad, ədalətli cəmiyyətdə insan üçün öz potensialını reallaşdırmaq imkanları mövcuddur.

Azadlıqların olmadığı, hüququn işləmədiyi ölkədə insan qula çevrilir. Ona kölə münasibəti yaranır. Onun bilik və bacarıqlarının heç bir mənası, anlamı qalmır. O, həyatda yüksəlmək, karyera qazanmaq, uğur əldə etmək üçün illah ki, biətçi olmalıdır. Itaət etməlidir. Yalanın və yaltaqlığın onun üzünə hansısa qapılar açmasını gözləməlidir.

Bəli, təhsil tükənməyən sərvətdir. Təhsilli insanın qiyməti heç bir valyuta, neft buruqları, qaz yataqları ilə ölçülə bilməz. Bir ölkənin gerçək yüksəlişi, həqiqi tərəqqisi yalnız insan kapitalını artırmaq yolu ilə mümkündür. Bütün bunlar öz yerində. Amma bəs niyə Intiqam Əliyev dəmir barmaqlıqlar ardındadır? Uzun illər boyunca ölkədə böyük bir hüquqşünas ordusunun yetişməsində misilsiz rol oynamış, onlarca kitab müəllifi olan bu qədər dəyərli bir insanı siyasi sifarişlə, siyasi qisas duyğusu ilə həbsə atıb insan kapitalının önəmindən danışmaq nə qədər məntiqlidir?

Həm insan kapitalının əhəmiyyətindən danışıb həm də xaricdə yüksək təhsil alan, biliyə və çağdaş dünyagörüşə sahib gəncləri nə var, nə var, yaptokratlar kimi düşünmürlər, hakim rejimin idarəetmə tərz və təfəkkürünü qəbul etmirlər deyə, ən müxtəlif formada, ən absurd, uydurma ittihamlarla şərləyərək dəmir barmaqlıqlar ardına atmaq nə deməkdir? Hansı məntiqlə belə gənclər ömürlərinin ən gözəl illərini dəmir barmaqlıqlar ardında çürütməyə məcbur, məhkum edilir, əvəzində bütün günü ekran-efirdən bozbaş müğənnilər, tamada təfəkkürlü nadanlar, cinçıxaran, ələmuçuran cahillər camaata dəyər kimi sırınır?

Illərdir yazıb-dururuq: bilgili, irəligörüşlü insandan heç vaxt heç kimə zərər gəlməz. Belə insan nə qədər aykırı düşünürsə düşünsün, nə qədər müxalif fikirli olursa olsun, o yalnız toplumu irəli daşıya bilər, o yalnız ölkəyə fayda gətirə bilər. Illərdir deməkdən dilimiz, yazmaqdan əlimiz qabar olub ki, belə insanları meydandan silib-süpürüb atmaqla rejim öz ömrünü uzada bilər, amma sonda onun daha böyük təhlükələrlə qarşı-qarşıya qalması qaçılmazdır. Və buyurun: Azərbaycanda həqiqətən də insan kapitalını təmsil edənlər həbslərə, sürgünlərə məcbur və məhkum qaldıqca, qorxudularaq, şirnikləndirilərək meydandan çəkildikcə boşluğu IŞID qafalıların doldurması, cürbəcür dini ekstremist güclərdən ilham alanların at oynatmağa başlaması acı reallığa çevrilir.

Elə bir acı reallığa ki, hətta yaptokratlar özləri də artıq bu haqda təlaşla, əndişə ilə danışırlar.

Çünki başa düşürlər ki, bu artıq elə bir təhlükədir, onunla sivil, siyasi müxalifətlə danışılan dildə danışmaq çətindir, onu zərərsizləşdirmək bir müxalif partiyanı, bir azad QHT-ni, bir tənqidçi qəzeti sıradan çıxarmaqdan, yox etməkdən qat-qat çətin, əksər hallarda mümkünsüzdür.

Ramiz Mehdiyev deyir ki, “Bəzən özümə sual verirəm: yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb?”

Niyə olmayıb, olub. Sadəcə, YAP rejimi ölkədə elə bir vəziyyət yaradıb ki, bu xalqın Sabirinin, Mirzə Cəlilinin, Cəfər Cabbarlısının olduğuna şübhə yeri qoymayan insanların bir hissəsi həbsxanalarda çürüyür-çürüdülür, bir hissəsi amansız basqılardan, işsizlikdən, siyasi və iqtisadi çarəsizlikdən baş götürüb ölkədən gedib, yerdə qalanlar isə milli dəyərə çevrilmiş Nadir Qafarzadələrin “bir öz soyuducularına baxsınlar, bir də gəlib mənim soyuducuma baxsınlar” sözləri altında əzilirlər.