“Müsavatda fraksiya yaratmaq artıq qaçılmazdır”

Partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının cavabı Qubad Ibadoğlu və tərəfdarlarını qane etməyib

«Saxta yolla seçilən həm məclis, həm başqan, həm də MNTK bundan irəli gedəcək bir cavab verməyəcəkdi»

Müsavatın VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş vermiş pozuntulara dair başqanlığa keçmiş namizəd Qubad Ibadoğlunun partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasına yazılı müraciətinə cavab verilib. Cavab Qubad Ibadoğlunu qane etməyib.

“Verilən rəy gözlədiyimiz kimi oldu. Buna əvvəl də siyasi qiymət verilmişdi. Açıqlanan rəy həm Mərkəzi Nəzarət-Təftiş Komissiyasının müstəqilliyinə, həm də peşəkarlığına şübhələrimizi daha da artırdı”, – deyə Qubad Ibadoğlu “trend”ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, arayışa MNTK adından təqdim edilən rəy hazırda araşdırılır: “Rəydə əksər məqamlarla razılaşmırıq. Bununla bağlı da öz rəyimizi hazırlayacağıq və noyabrın 8-də yekun mövqeyimizi sənəd şəklində Müsavat Partiyasının qərargahında görüş təşkil edib təqdim edəcəyik”.

O, qurultaydan narazıların fraksiya yaratmasını da istisna etməyib: “Biz Müsavat Partiyasında fəaliyyətimizi davam etdirmək əzmindəyik. Bu istiqamətdə müxtəlif təkliflər var və onlardan biri də fraksiyanın yaradılmasıdır. Çünki bu da fəaliyyəti davam etdirməyin bir formasıdır. Hər halda, ayın 8-dəki görüşdə biz həm də bu təklifləri müzakirə edəcəyik”.

Qeyd edək ki, oktyabrın 30-da MNTK-nın iclasında Q.Ibadoğlunun qurultaydakı pozuntularla əlaqədar təqdim etdiyi arayışa baxılıb. Bildirilib ki, təqdim edilən arayış araşdırılıb və heç bir nizamnamə pozuntusuna rast gəlinməyib. Bütün iradlar sənədlərlə tədqiq edilib, hər hansı nizamnamə pozuntusu yoxdur.

Müsavat Məclisinin üzvü Rüfət Əliyev də hesab edir ki, partiyada fraksiya yaratmaq artıq qaçılmazdır. O da “trend”ə açıqlamasında bildirib ki, Qubad Ibadoğlunun arayışına verilən cavab onları qane etmir: “Şəxsən mən MNTK-nın bizə belə bir cavab verəcəyini düşünürdüm. Çünki hesab edirəm ki, saxta yolla, qeyri-demokratik yolla seçilən həm məclis, həm başqan, həm də MNTK bu cavabdan irəli gedəcək bir cavab verməyəcəkdi. Bu, düşünülmüş bir addım idi”.

Məclis üzvü qurultaydan narazı qalanlarla görüşüb cavabı dəyərləndirəcəklərini bildirib: “Biz görüşüb bu cavabı dəyərləndirəcəyik. Təbii ki, fraksiya yaradılması artıq qaçılmazdır. Gücümüz də birlikdədir. Yəqin ki, Tural Abbaslının, Səxavət Əlisoyun, Qubad Ibadoğlunun da tərəfdarlarını toplayıb bu qaragüruh qrupdan yaxa qurtarmaq üçün belə bir fraksiya yaradacağıq”.

Partiyadan xaric edilən müsavatçı üçün imza toplandı

Yeri gəlmişkən, Müsavatın Qubadlı rayon təşkilatının qərarı ilə nizamnamə pozuntusu ilə bağlı partiya sıralarından xaric edilən Məhəbbət Muradovun huquqlarının müdafiəsinə qərar verilib. Bu haqda “AzNews.az”a açıqlamasında Qubad Ibadoğlu məlumat verib.

Onun sözlərinə görə, Məhəbbət Muradovun hüqüqlarının bərpası üçün 80 nəfər müraciət hazırlayıb.

Qeyd edək ki, Müsavat partiyasının Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradov oktyabrın 23-də partiyadan çıxarılıb.

Yeni başqanın ilk mətbuat konfransı

Dünən Müsavat başqanı kimi ilk mətbuat konfransını keçirən Arif Hacılı başqan seçkisinin çoxsaylı pozuntularla müşayiət olunması haqda deyilənlərə belə cavab verib: “Partiyanın 103 illik tarixində bu cür seçki olmayıb. Çünki daha öncəki başqanlar vahid namizəd şəklində seçiliblər. Lakin bu dəfə seçkilərdə namizədlər arasında çox böyük rəqabət oldu və nəticədə çox şəffaf seçkilər keçirildi. Seçkilərdən sonra da bütün şikayətlərə baxıldı. Bu da cəmiyyət üçün çox müsbət nümunədir. Qurultaydan artıq bir ay keçib. Hesab edirəm ki, bu kimi məsələlər artıq yekunlaşdırılmalıdır”.

Onun fikrincə baş verən məlum hadisələri unutmaq lazımdır: “Öz fəaliyyətimizə davam etməliyik. Biz artıq gələcək fəaliyyətimizlə bağlı planlarımızı hazırlamışıq”.

Arif Hacılı deyib ki, onu inzibatçılıqda ittiham edənlər indi başqa fikir söyləyirlər: “Narazı olan şəxslərin də  fikirlərini dinləməyə hazırıq. Mənim mühafizəçilərim yoxdur. Istər jurnalistlər, istər də sıravi üzvlər istənilən vaxt otağıma daxil olaraq, mənə öz iradlarını söyləyə bilərlər”.