Azərbaycan «Qoşulmamaq hərəkatı»na daxil olur

Ekspertlər bunu rəsmi Bakının addımını NATO ilə məsafə saxlamaq istəyi kimi dəyərləndirirlər

Mayın 25-27-də Indoneziyada keçiriləcək 16-cı “Qoşulmamaq hərəkatı” konfransında Azərbaycan rəsmən bu təşkilatın sıralarına daxil olacaq. XIN mətbuat xidmətinin rəhbəri Elxan Poluxov “Turan”a bildirib ki, bu addım Azərbaycanın yaxın perspektivdə beynəlxalq siyasət problemi üzrə mövqeyini  nümayiş etdirir. 

“Lakin Azərbaycanın ”Qoşulmamaq hərəkatı”na daxil olması o demək deyil ki, ölkə əvvəllər daxil olduğu inteqrasiya  proseslərində iştirakdan imtina edir”, – Poluxov vurğulayıb.“Qoşulmamaq hərəkatı”na hərbi-siyasi bloklarda və qruplaşmalarda iştirak etməməyi özünün xarici siyasi kursunun əsası elan etmiş ölkələr daxildir.

Hazırda Hərəkata dünyanın 118 dövləti daxildir. Qeyd edək ki, təşkilatda Avropa ölkələrindən yalnız Belarus təmsil olunmayıb. Bakıda ekspertlərin bəzisi Azərbaycan hakimiyyətinin bu addımını NATO ilə məsafə saxlamaq istəyi kimi dəyərləndiriblər