Ölkəni bu cür girinc edənlərə qarşı ittihamlar Azərbaycanda və dünyada səsləndirilməlidir
Siyasi mühacirlərin Avropada fəallaşması çoxlarını narahat etdi. Bünövrəsi yapakı qoyulanlardan tutmuş, sonradan yaplaşanlara qədər hər kəs Avropadakı diasporun ən fəal tərkib hissəsinə çevrilməkdə olan siyasi mühacirətin davranışlarında vətənpərvərliyə zidd olan antipaxlava elementləri axtarmağa başladılar.
Amma bütün bunlar rejimin söykəndiyi dəyərlərin (dəyərsizliklərin) fonunda baş verir və bu arqumentləri hər kəs gözə almalı olacaq.
Diasporun bir küncünə cavabdehliyi əzm və israrla boynuna götürən Heydər Əliyev Fondu Rusiyada anlaşılmaz tədbirlər keçirməklə və heç zaman anlaqlı sayılmayacaq proyektlərin icrası ilə məşğuldur. Orada dibsiz quyuya su tökməklə uğraşırlar. Fondun Avropadakı layihələri isə xarabalıqların üzə çıxarılması və kilsə təmiri kimi gurultulu işlərə milyonlar sərf etməkdən ibarətdir. Fond, bu yaxınlarda Parisdə bir mətbəx festivalına da qatıldı və lap bu günlərdə bəlli oldu ki, bu festival pomidor çığırtması təcrübəsinin mükəmməl ənənələrinə söykənirmiş.
Amma Azərbaycanda diasporla ilə iş üzrə bir dövlət Komitəsi də var. Bu Komitənin öz funksiyasına daxil olan hansı işlərlə məşğul olduğu bəlli deyil. Bəlli olan budur ki, səfirliklərin və ayrı-ayrı diaspor təşkilatlarının ziddiyətləri üzərində mövcuddur.
Komitənin sədrinin ölkə daxilində məşğuliyyəti üzərində yandırılan çıraq onun xarici fəaliyyətlərinin parlaq görsənişlərini anlamağa yardım edir.
Ölkə mətbuatında dərc edilən yazılara inansaq (ki, inanmamağa heç bir əsasımız yoxdur) Diasporla ilə iş üzrə Komitənin sədri Nazim Ibrahimov özünün və qardaşlarının biznes layihələri ilə onların şərikləri və əlbəttə, bu bizneslə təması olan bütün Azərbaycan vətəndaşlarının ziddiyyətləri üzərində ilişib qalmaqdadır və onun diaspora ayıracaq zamanı olmamalıdır.
Ötəri axtarış belə bu Komitənin başçısının qaranlıq gündəliyi barədə dolaşıq təəssüratlar yaradır. “Nazim Ibrahimovun qaynı həbs edildi”, “Nazim Ibrahimov 20 milyon aldı, bizə cəmi 6 milyon verdi”. “Nazim Ibrahimov şirkətin sahibi olmadığını söyləmişdi, amma…”
Amması budur ki, Nazim Ibrahimovun müstəsna səlahiyyətləri onun biznesmen qardaşına imkan verir ki, bircə əməliyyatla “650 min manata ”Rolls Roys”, 300 min manata “Bentley”, biri 150 min, o biri 180 min manata 2 “BMW” avtomobili əldə edir”. Əvəzində diasporaya paxlava bişirməyi tövsiyə edirlər.
Amması budur ki, bu adamın ortağı Korrupsiyaya qarşı Mübarizə Idarəsinə onun haqqında şikayətində bildirir: “Mən türk iş adamları ilə birlikdə müraciət etdim ki, bu adam pul qoymur, bir iş görmür, satışla məşğuldur. Hələ bilinən 71 mənzildir. Rəqəm bundan çoxdur, bu gün də satırlar. Bizim qanuni satdığımız evləri götürüb təzədən 10 nəfərə pulla veriblər. Onlarda bir ”STS” şirkəti vardı, 20 il bundan əvvəl Nehrəmdə ot yığan müəssisə olub, heç yerdə də qeydiyyatda deyil. Onun möhürünü götürüb satış sənədlərinə vurur, bizim ünvanı yazır. Adamlar var ki, bura gəlib evi olduğunu deyir. Soruşuram “haradadır sizin eviniz, məni tanıyırsız, mənə pul vermisiz?”, “Yox” cavabı verir. Məlum olur ki, evi Sahib Ibrahimovdan alıb. Mən də deyirəm: “Pulu ona verib mənim yanıma niyə gəlirsiz? Pulunuzu kimə vermisiz, gedib evinizi də ondan alın”.
Ramiz Mehdiyev də deyir ki, kadr çatışmır. Yaxşı ki, bunların hələ kadrları çatışmır. Allah göstərməsin, bu kadrlar qədərində olsaydı, gör millətin başına nə turp əkərdilər. Hesab edin ki,ÿ15 ildirÿDiasporla Iş Komitəsinin idarəçiliyini həvalə etdikləri kadr milyonlara basketbol oynayır, özü də hakimsiz-filansız.ÿQanun-qayda, qoruq-qaytaq tanımadan işləyən bu kadrlar, guya cənab Mehdiyevin sevimliləri deyil. Görəsən o, başqa hansı keyfiyyətlərə malik olan kadrlar axtarır?
Cənab Mehdiyev deyir ki, indi sanki 19-cu əsrdir. 19-cu əsri buraxın, bu hakimiyyətin nazirinə qarşı səsləndirilən 20 il əvvəlin biçənək qoxusu verən ittihama baxın: “Onlarda bir ”STS” şirkəti vardı, 20 il bundan əvvəl Nehrəmdə ot yığan müəssisə olub, heç yerdə də qeydiyyatda deyil. Onun möhürünü götürüb satış sənədlərinə vurur?”.
Ölkənin içində bu hoqqalardan çıxmaq vətənpərvərliyin özü imiş, amma Azərbaycanı sevən insanların bu qafayla idarəetməyə qarşı etirazlar səsləndirməsi Vətənə xəyanətmiş.
Bu heyvani hisslərdən hifz edilməlidir Azərbaycan. Və yaxşı ki, diaspora və siyasi mühacirət bu cür qafayla iş başına gətirilən elementlərdən kənarda dayanır, məsafə saxlayır. Yoxsa, xaricdəki azərbaycanlıların yüzdə doxsanı siqaret qaçaqmalçılarının öyüdlərini dinləməli olardılar.
Azad Akifoğlu


