Bu yolda mükafat olmur…

Bəli, bu, möhtəşəm qələbə oldu. Mən hər şeyi bir tərəfə qoyaraq bunu etiraf edirəm. Bu millətə qələbə necə də lazım imiş! Əslində bunu çoxdan bilirdik. Bəli, biz bir qədər “sınıq” insanlarıq – müharibədə məğlubiyyət, ölkə içində problemlər, həyatla bağlı daim vurnuxma!

Qələbə bizə bükük belimizi, aciz əlimizi yoluna qoymaq, bizi həyata, dünyaya qaytarmaq üçün lazım idi. Mən indi demək istəmirəm ki, bütün problemlər yoluna qoyuldu. Yox, hələ tezdir. Bəlkə də güclü bir cəmiyyət, azad insan olsaydı, bu qələbələrsiz keçinmək,  onlarsız da ötüşmək olardı. Bunun ən böyük önəmi bəlkə də başqa detalla bağlıdır – biz Avropa içindəyik! Bu hakimiyyət çox çalışır ki, bizi kənardaca saxlasın, özünün “sosial qoruğ”una çevirsin, amma hər bir fürsətdə sübut olunur ki, yox, bu insanlar heç də “geridə qalmış asiyalılar” deyil, tərəqqiyə meylli və onu qiymətləndirməyə qadir insanlardır. Hə, bu insanların qanında tərəqqiyə canatım, sağlam rəqabətə  meyl, azad işgüzarlıq həvəsi var! Onlar ancaq bir məsələdən yarımayıblar – onların özlərinin formalaşdırdığı, idarə etdiyi hakimiyyət yoxdur. Mövcud olan hakimiyyət onlar üçün hər addımda problem yaradır, əngəl olur və inkişafın qarşısını alır. Acı reallıq budur. Zira bu reallıq da müvəqqətidir. Indi sosialistlərin şüarlarını dilə gətirmək, onları təbliğ etmək fikrindən uzağam. Amma onların maraqlı tezisi vardı: siyasəti dəyişə bilmiriksə, mədəniyyəti dəyişək!

Bəli, biz Avropa mədəniyyətinə çox inteqrasiya oluna bilsək, o mədəniyyətə qovuşa bilsək, artıq bizim siyasi və iqtisadi inteqrasiyamız yolundakı əngəllər azalacaq, çox şey asanlaşacaq. Xaricdən görünəndə ki, bu insanlar əsl avropalıdır, müasirdir, mütərəqqidir, daha “əlavə şərtlər” olmayacaq, heç kim bir daha bu hakimiyyətin üstündə əsməyəcək. Bunlar bizə qarşı olan inamsızlığın, tərəddüdün fonunda peyda olublar, bu inamsızlığı, tərəddüdü istismar etməklə idarə edirlər. Əgər bizlər özümüzə qarşı inam yarada bilsək, daha bu hakimiyyətə inanmayacaqlar və yeni bir dönəm başlayacaq. Baltikyanı ölkələrin Avropaya inteqrasiyası niyə belə asan oldu? Ona görə ki, əvvəldən hamı onları avropalı, bir Avropa xalqı hesab edirdi! Hətta ruslar da bunu etiraf edirdi, ona görə də onların yoluna elə də çox daş dığırlada bilmədilər… Bir detalı da qeyd etmək istəyirəm. Indi bu qələbə mənə o qədər də qeyri-adi görünmür. Niyə? Ona görə ki, bu adi, təsadüfi bir ölkə deyil, Vaqif Mustafazadənin ölkəsidir! Bu ölkənin potensial imkanları böyükdür, sadəcə onu hərəkətə gətirmək lazımdır, hərəkətə…

Sən bu ölkə üçün nə etmisən?

Belə anlarda məhz bu sual gündəmə gəlir. Biz nə etmişik? On illərlə sərasər azadlıq və demokratiya uğrunda çarpışmışıq. Bəli, bizə böyük elm, əsl kino, böyük incəsənət, böyük ədəbiyyat yaratmaq nəsib olmadı. Hərçənd, sırada belə adamlar da vardı. Gəncliyimizi, bütün istedadımızı bu rejimə qarşı, onu, heç olmasa, bir qədər mülayimləşdirməyə həsr etdik. Alındımı? Bir nəticəsi oldumu? Hər halda, hədər də ötüşmədi. Ən azı insanlara azadlıq, sərbəstlik, müstəqillik hissləri aşılaya bildik. Bu ölkəyə münasibətin formalaşmasında biz də az rol oynamadıq. Bəlkə yadlarından çıxıb? Bəlkə tamam unudublar ki, Azərbaycan Avropa Şurasına üzv olanda müxalifətin də razılığına ehtiyac yaranmışdı! Təbii ki, biz daha çox şey edə bilərdik. Amma hər şey bizlərdən asılıdırmı? Düz on səkkiz ildir ki, demokratiyanı az qala şəxsi problemimizə çevirmişik, onun uğrunda çarpışırıq. On səkkiz ildir ki, azad seçki, azad söz və azad insan deyirik! Ömür vəfa etsə, tale imkan versə, elə axıra qədər də sözümüzü deyəcəyik! Bəli, bu yolda mükafat yoxdur. Bu yolda adamı təltif etmirlər. Bu yolda abidə də yoxdur. Bu yolda adamı bəzən unudurlar da! Bir təskinlik var. Bu yol bizim öz yolumuzdur. Onun izinə özümüz düşmüşük!

Gün o gün olsun ki…

Bəli, gün o gün olsun ki, avropalı olduğumuzu təkcə musiqilə deyil, həm də azad sözümüzlə, azad seçkimizlə, ədalətli məhkəmə və müstəqil parlament institutlarımızla sübut edək! Bəli, ömrü buna sərf etməyə dəyər!