İqtidar mətbuatı partiya barədə növbəti yalanı yaydı
AXCP Sumqayıt şəhər şöbəsinin 52 üzvünün partiyadan istefa haqqında bəyanat imzaladığı barədə məlumat yayılıb. İqtidarın nəzarətində olan media orqanlarında yayılan məlumata görə, bəyanat müəllifləri istefaya səbəb kimi şöbənin keçmiş sədri Kəmaləddin Rəhimova qarşı kampaniya aparılmasını göstərir.
AXCP təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirli isə bu məlumatın əsassız olduğunu bildirib. O, “facebook” səhifəsində yazıb: “Gör bunlar nə gündədirlər. AXCP-yə real zərbə vura bilmirlər. Ona görə də yalan məlumatlar yayırlar. Kəmaləddin Rəhimovun əlaqələri haqda partiyaya məlumat çatan kimi Sumqayıt Məclisinin qərarına əsasən onu partiyadan uzaqlaşdırmışıq. Bu çoxdan olub. Sumqayıtda bütün cəbhəçilərin iştirakı ilə 2013-cü il 9 iyun tarixində konfrans da keçirilib. Yeni sədr seçilib. Şöbədə heç bir problem yoxdur. Şöbədən heç kim istefa verməyib. Bu gün hökumət mətbuatı məlumat yayıb ki, guya Kəmaləddin Rəhimov 52 nəfər cəbhəçi ilə partiyanın Sumqayıt şöbəsindən istefa verib. Tam yalan məlumatdır. Bu saxta məlumatları yaymaqla özlərinə təsəlli verirlər. Yazıqlar, 12 oktyabr mitinqi bunları yaman qorxudub. Eybi yox, hələ ondan da böyüyünü edəcəyik”.

Kəmaləddin Rəhimovun kiminlə əlaqələrindən söhbət getdiyinə gəlincə, Rafiq Daşdəmirli qeyd edib ki, bu, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıdır. Akif Nağının hakimiyyətə bağlılığı hər kəsə bəllidir. Sumqayıt cəbhəçiləri də Kəmaləddin Rəhimovun Akif Nağı ilə isti münasibətdə olduğunu biləndən sonra toplaşıb onu partiyadan çıxarıblar.


