Bəs, Qərbin “ikili standartları” vardı?

“Avroviziya” müsabiqəsinin finalı başlar-başlamaz həmkarıma bir arzumu bildirdim: “Allah eləsin ki, udaq, həm də məhz bu il, məhz bu gün”. “Niyə” soruşdu. Cavab verdim ki, “Avroviziya” haqqında rəylər müxtəlifdir – bu yarışmanın “mədəniyyət”, “siyasət”, “dostluq”, “qonşuluq” və s. kimi qoşmaları var. Ona görə:Əvvəla, “Avroviziya” müsabiqəsi bir mahnı yarışması, mədəni inteqrasiya, Avropa kültür çevrəsinin sərhədləri deməkdirsə, Azərbaycanın qalib olması çox böyük şərəfdir. Belədə biz Avropa mədəni çevrəsinə qəbul edilmiş sayılarıq, mədəniyyətimiz etiraf olunar, bütün dünyanın gözünü dikdiyi bir məkanda bayrağımız dalğalanar;

Ikinci, deyildiyi kimi, “Avroviziya” dostluq və qonşuluq prinsiplərinə əsaslanırsa, qalib gəlməyimiz Avropada bizi istəyən dostların mövcudluğu deməkdir. Bu “dostlar” Hüsnü Mübarək deyil, Bəşər Əsəd deyil, Bin Əli də deyil və deməli, Avropanın bizi Hüsnünün, Əsədin, Əlinin umuduna qoymaq niyyəti yoxdur, bu bataqlıqdan çıxmağımıza yardım etmək istəyir;

Üçüncü, siyasiləşmiş yarışmadırsa, lap yaxşı: dünyanın idarə edilməsində söz sahibi olan əsas dövlətlərin cəmləşdiyi demokratik, inkişaf etmiş, insan haqqının və azad sözün daşıyıcısı olan bir məkan bu qələbə ilə böyük bir siyasi jest eləyib bizi sıralarına qatar. Bundan gözəl nə ola bilər? Avropanın siyasi nəzərlərinin Bakıya dikilməsindən yaxşı başqa nəsə təsəvvür edirsinizmi?

Cəmi bir neçə gün öncə 21 beynəlxalq təşkilatın Azərbaycanda söz azadlığının vəziyyətinin pis vəziyyətdə olmasıyla bağlı birgə bəyanatına münasibət bildirən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov “onların əksəriyyəti qərəzlidir” sözünü işlətmişdi; hakimiyyət illərdir ki, Qərbin Azərbaycana “ikili standartlarla” yanaşdığını gözə soxur, bunu siyasi manipulyasiya vasitəsinə çevirir. Etiraf edirəm ki, bu manipulyasiyanın əsası da var. Qalib olsaq, hakimiyyətin “əksəriyyəti qərəzlidir”, “bizə ikili standart tətbiq edilir” kimi arqumentlərini Avropa sıradan çıxarmış olacaq. Yəni, sən sidq ürəklə bir işə girişirsənsə, səmimi olaraq nəyəsə nail olmaq istəyirsənsə, Avropa dərhal qapılarını açır və öz coğrafi məkanında belə sənin qalib olmağına imkan yaradır.Bax, Ermənistanı finala belə, buraxmadı; bax, hətta nəhəng Türkiyə yarışdan kənarda qaldı. Və Azərbaycan böyük fərqlə qalib olur.

Hanı “ikili standart?” Hanı “qərəz?”.

Sonda və ən əsası: kim nə deyir-desin, bu millət qələbəyə təşnədir; kim nə deyir-desin, ermənilərin finala qədər gedib çıxa bilmədiyi bir beynəlxalq yarışmada Azərbaycanın birinci yeri qazanması böyük fərəhdir. Bu millət qələbəyə layiqdir axı!Istəyim çin oldu: qalib gəldik!

Bu mədəniyyət yarışmasında qalib gəlməyimiz – bütün dünyanın diqqətindədir: artıq “neft ölkəsi” ifadəsiylə çəpərlənən Azərbaycan bu amansız sərhədləri aşdı; artıq “Avropanın dilində danışa, atdanıb-düşə, geyinə, gəzə, oxuya bilirik” rəyi yarandı.Daha “demokratiyaya hazır deyilik” fikrini də kimsə ağlından keçirməyəcək və ya bu başqaxıncı daha az hallanacaq.Bütün parametrləriylə “Avroviziya” qələbəsi neftlə məhdudlaşan iqtisadi inteqrasiyanın mədəni sferaya transferidir. Bunun ardınca və ya buna paralel olaraq siyasi inteqrasiya artıq qaçılmaz fakta çevrilir.

Sən öz mədəniyyətini Avropa mədəniyyəti ilə birləşdirməyə çalışdın, qalib oldun!

Indi azadlıq, demokratiya, insan haqqı kimi Avropa dəyərlərini öz millətinə tanı, onda Avropa sənin siyasi sərhədlərində qələbəni bayram etməyinə yardımçı olacaq.

Demokratiyanı boğmaq, insan haqlarını tapdamaq üçün “torpaq işğalı” faktını gözə soxmaq artıq işə yaramır. Avropanın istədiyini verəndə, öz istədiyini alırsan!

Avropanın istədiyi nədir ki – demokratiya, rüşvətsiz və korrupsiyasız cəmiyyət, iqtisadi azadlıq, insan haqları. Zatən, bunların heç biri Qərbə lazım deyil – varlarıdır. Bunlar bizim özümüzə hava və su kimi, Qarabağ kimi lazımdır.

Ona görə də bu qələbənin bütövlükdə Azərbaycanın qələbəsi olduğuna inanmaq gərəkdir. Sevinməyə dəyər!