
Vəfa Quluzadə: «Bu görüş göstərdi ki, müttəfiqinin zəiflədiyini görən Ermənistan gələcək barədə düşünür, amma hələ nəticə üçün tezdir»
Uzun müddətdir gözlənilən və barəsində danışılan Paris görüşü baş tutdu. Azərbaycan və Ermənistanın dövlət başçıları Fransanın paytaxtında biraraya gələrək Qarabağ problemi ilə bağlı müzakirələr aparıblar. Fransa prezidenti Fransua Olland ilə üçtərəfli görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında Dağlıq Qarabağda müharibə zamanı itkin düşən şəxslər haqqında məlumatların mübadiləsi haqqında razılığa gəliblər. Yelisey sarayının saytında yerləşdirilən məlumata görə,
Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycan və Ermənistan arasında vasitəçiliyə başlayıb. Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərini birbaşa dialoqa cəlb etməyə nail olub.
Sayt xəbər verir ki, münaqişəni “ölü nöqtə”dən tərpətmək üçün Olland hərtərəfli sülh sazişinin hazırlanmasına başlamağı təklif edib. Məlumatda deyilir ki, görüşdə Azərbaycan və Ermənistan prezidentləri 2015-ci ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Nalbadyan görüşdən razıdır
Baş tutan görüşə münasibət də birmənalı olmayıb. Məsələn, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan hesab edir ki, Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv, faydalı və səmimi keçib: «Biz Fransua Ollanda Parisdə prezidentlər səviyyəsində Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş görüşü təşkil etdiyinə görə minnətdarıq. Son üç ay ərzində bu, artıq prezidentlərin Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə üçüncü görüşüdür və bu, göstərir ki, həmsədr ölkələr nizamlanma üzrə öz birgə səylərini sarsılmaz şəkildə davam etdirəcəklər”.
E.Nalbandyan qeyd edib ki, Paris görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair çoxsaylı məsələlər müzakirə olunub, həmçinin Fransua Ollandın may ayında regiona səfəri zamanı təklif etdiyi və həmsədrlərin də bəyəndikləri etimadın möhkəmləndirilməsi üzrə tədbir keçirilib.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik də oxşar mövqedən çıxış edib. Amerikalı həmsədr öz “Twitter” səhifəsində belə yazıb: “Hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentləri Paris görüşünün irəliyə doğru müsbət addım olması ilə razılaşır”.
«Tərəflərin heç biri hərbi münaqişə istəmir»
Amma Karnegi Fondunun təhlilçisi Tomas De Vaal danışıqların nəticəsi ilə bağlı nikbin deyil. O, “Nastoyaşee Vremya” televiziyasına açıqlamasında deyib ki, danışıqlarda status kvo qalacaq: «Tərəflərin heç biri hərbi münaqişə istəmir. Azərbaycan əlbəttə torpaqlarını qaytarmaq istərdi, ancaq hərbi münaqişə risklidir. Ancaq yayda baş verənlər göstərir ki, gərginlik artır. Bu isə artıq pisdir. Yayda təmas xəttində döyüşlərdə bir həftədə 30 adam öldü, bu da bütün 2013-cü ildə ölənlərin sayından çox idi».
Paris görüşü faydalı ola bilərdi, amma…
Danışıqlar zamanı bir sıra detallar diqqət çəkir. Onlardan birincisi Amerikalı həmsədrik və Ermənistanın xarici işlər nazirinin danışıqları müsbət dəyərləndirməsidir. Digər mühüm bir məqam isə dövlət başçılarının növbəti görüşünün yalnız 2015-ci ilin sentyabrına planlaşdırılması ilə bağlıdır.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Paris görüşündən ciddi nəticələr gözləməyin əleyhinədir. Çünki dünyadakı hazırkı siyasi durum Qarabağ probleminin həlli istiqamətində ciddi irəliləyiş əldə etməyə imkan vermir: «Amma eyni zamanda Paris görüşünü müsbət qiymətləndirmək olar. Çünki tərəflər bu dəfə Rusiya ərazisində deyil, Fransada biraraya gəliblər. Danışıqlarda nəticə əldə edilməsinin Moskvanın iradəsindən asılıdır. Amma indiyə qədər Rusiyada keçirilən görüşlərdən də bir nəticə vasil olmayıb. Paris görüşü də indi heç bir nəticə verə bilməzdi. Amma bu görüş gələcək baxımından çox vacibdir. Çünki Ermənistan gələcəyini düşünür. Çünki Rusiya getdikcə zəifləyir. Rusiyanın üzərindən sanksiyalar götürülmür və bu sanksiyalar getdikcə daha güclənəcək. Ermənistanın əsas müttəfiqini çökməsi onu gələcək barədə düşünməyə vadar edir. Bax, bu baxımdan Paris görüşü faydalı ola bilərdi».
Uorliklə Nalbadyanın görüşlə bağlı nikbin fikirlərinə gəlincə isə, V.Quluzadə vurğulayıb ki, Qarabağ danışıqlarında konkret nəticə Ermənistanın Rusiyadan müstəqil olacağı təqdirdə mümkündür: «Ermənistan hələlik müstəqil siyasət yürüdə bilmir. Heç Azərbaycan özü də Rusiyadan yetərincə müstəqil deyil. Çünki Azərbaycan Rusiyanın təhdidi altındadır. Azərbaycan Rusiyanın maraqlarına zərbə vurmuş olsa, Rusiya bizim əleyhimizə ciddi tədbir görə bilər».
Növbəti görüşün isə 2015-ci ilə salınmasını təsadüfi saymayan V.Quluzadə bildirdi ki, BMT-nin növbəti toplantısına qatılan dövlət başçılarının bu tədbir çərçivəsində biraraya gəlməsi Qarabağ danışıqlarının tərkib hissəsi kimi təqdim edilə bilməz.
Xəyal


