Qardaş ölkə mediası Eldarla Nigarın qələbəsindən yüksək sevinlə yazır
Azərbaycanın “Eurovision”da birinci yerə çıxması bütün dünya mətbuatında müzakirə mövzusuna çevrilib. Bu xəbərə ən çox sevinən qardaş Türkiyə mətbuatı isə hadisəyə daha geniş yer verib. Türkiyə yarışmanın yarımfinalından çıxa bilməsə də, Azərbayanın qələbəsini öz qələbəsi kimi dəyərləndirib.
Proqramın aparıcıları veriliş boyu dayanmadan Azərbaycanın xallarını hesablayıb. Bir-bir xalları hesablayaraq Azərbaycanın birinci olub-olmayacağını müzakirə ediblər. Azərbaycanın təmsilçisi Nigar əlində Türkiyə bayrağı ilə səhnəyə çıxanda isə türkiyəli spikerlərin sevincinin həddi-hüdüdü olmayıb. Yarışma bitər-bitməz “Haberturk” qəzetinin saytı xəbəri “Qardaş təsəllisi” başlığı ilə verib. “Türkiyənin “Yüksək sədaqət” qrupu “Eurovision”nu yarımfinaldan tərk edəndən sonra Azərbaycanın birinci olması bizim üçün bir təsəllidir”- qəzet belə yazıb.
“Hürriyət” qəzeti isə xəbəri belə təqdim edib: “Birinci yerə çıxmış kimi olduq”.
“CNNTürk” isə Türkiyə bayrağının qaldırılmasından yazıb: “Biz zibil qutusuna atmışdıq, onlar zirvələrə qaldırdılar”. İki il əvvəl Bursa şəhərində Türkiyə ilə Ermənistanın futbol oyununa Azərbaycan bayraqları buraxılmamışdı. İzləyicilərin gətirdikləri bayraqlar yığılmış, sonra isə zibil qutusuna atılmışdı. Bu hadisəni xatırladan CNNTürk televiziyası saytında belə yazıb: “Türkiyə Azərbaycanın zəfərinə sevinərkən, əlində Türk bayrağı ilə səhnədə sevinc gözyaşları axıdan Nigarla qürur duyarkən, bir yandan da Bursadakı yaşanan hadisəni xatırladı. Nigar Türkiyəni həm sevindirdi, həm də utandırdı”.
“Milliyət” qəzeti isə xəbəri manşetdən “Türkiyənin qəlbini fəth edən səhnə” başlığı ilə verib.
Aqşin