Fransa prezidenti Əliyevlə Sərkisyanı siyasi iradə göstərməyə çağırdı
Oktyabrın 27-də Parisdə Azərbaycan və Ermənistanın dövlət başçıları İlham Əliyevlə Serj Sərkisyan fransalı həmkarları Fransua Ollandın vasitəçiliyi ilə görüşüb, Dağlıq Qarabağ problemini müzakirə ediblər.
Müzakirələr əvvəlcə iki, sonra isə çoxtərəfli formatda olub. Fransua Olland əvvəlcə İlham Əliyevlə, sonra isə Serj Sərkisyanla görüşərək ölkələrarası münasibətləri, qarşılıqlı əməkdaşlıq sahələrini müzakirə edib, eləcə də Dağlıq Qarabağ problemi barədə fikir mübadiləsi aparıb.
Bundan sonra, Bakı vaxtilə saat 19 radələrində Əliyev və Sərkisyanın təkbətək görüşü başlayıb. Görüş təxminən yarım saat çəkib. Ardınca Minsk Qrupunun həmsədrləri danışıqlara qoşulublar. Bakı vaxtı ilə saat 22:00-da isə Olland, Əliyev və Sərkisyanın birgə görüşü keçirilib.
Görüşlə bağlı Yelisey sarayının yaydığı məlumata görə, Olland həmkarlarına böyük sülh sazişinin tərtib edilməsinə başlanmağı təklif edib. Əliyev və Sərkisyan isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında münaqişədə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi aparmaq qərarına gəliblər.
“Fransua Olland Ermənistan və Azərbaycan prezidentlərini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə hörmət və Minsk qrupu həmsədrləri tərəfindən müəyyən olunmuş təməl prinsipləri əsasında, danışıqlar yolu ilə və davamlı həlli istiqamətindəki səylərini intensifləşdirməyə çağırıb. O, hazırkı status-kvonun qəbuledilməz olduğunu qeyd edib.
O, hər iki ölkənin prezidentlərini aralarındakı fikir ayrılıqlarını üstələmək və öz əhalilərini sülhə hazırlamaq üçün zəruri olan siyasi iradə nümayiş etdirməyə çağırıb. O, irəliləyişə nail olmaq üçün böyük sülh sazişinin tərtib edilməsinin başlanmasını təklif edib.
Azərbaycan və Ermənistan prezidentləri BMT-nin Baş Assambleyasının 2015-ci ilin sentyabrında Nyu-Yorkda keçiriləcək toplantısı çərçivısində görüşməklə, danışıqları davam etdirmək haqqıda razılığa gəliblər”, – deyə rəsmi məlumatda qeyd olunur.