“Azadlıq”ın əməkdaşı İlham Əliyevə müraciət etdi

Natiq Güləhmədoğlu: “Adi arayışı ala bilmədiyim ölkənin vətəndaşlığından imtina edirəm”

 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə.

 

Hörmətli İlham müəllim, bu, Azərbaycan respublikasının vətəndaşı kimi mənim sizə birinci, ümidvaram ki, sonuncu müraciətimdir.
Bizim 4 nəfərlik ailəmiz var – 2 qızım, yoldaşım və mən. Xahiş edirəm, çox təcili sürətdə bizim dördümüzü də Azərbaycan vətəndaşlığından çıxarasınız. Sizin səlahiyyətləriniz buna çatır və belə etməklə mənə, ailəmizə böyük bir yaxşılıq etmiş olarsınız.

Deyəsən Hüqo demişdi, “mən bilmirəm əsərlərim olmasaydı bəşəriyyət nə itirərdi, ancaq dəqiq bilirəm ki, polis olmaysadı bəşəriyyətin itirdiyi çox olardı”. Hüqonun sözü olmasın, mən bilmirəm Azərbaycan dövlətinin bizim ailə kimi vətəndaşları olmasa cəmiyyət nə itirər, ancaq ona dəqiq əminəm: Bizi vətəndaşlıqdan çıxarmasanız ən azı mən ömrümün 25 ilini itirəcəyəm.

Nə gizlədim, hər bir canlı kimi mənim də yaşamaq yanğım var, tez, özü də mənasız şeylərə görə dünya ilə vidalaşmaq istəmirəm. Ancaq bu istəyimə sizin balaca məmurlar o qədər əngəl yaradıblar ki, sözlə deyiləsi mümkünsüzdür. Sizin aşağı bürokratik aparat adamın canını alır, İlham müəllim. Bu gün bir daha əmin oldum ki, onlara dözəcək qədər canım, səbrim qalmayıb.

Bu ölkədə ailə qurmaq, ev almaq neçə illərdir problemdir, bundan siz xəbərdarsınız. Mən birincini bacarsam da ( buna görə hər gün özümü lənətləyirəm), dövlət orqanlarında olan rüşvət və süründürməçilik ucbatından minlərlə ailə kimi biz 9 ildir nikahımızı rəsmiləşdirə bilmirik. Vətəndaşlığımızı təsdiq edən şəxsiyyət vəsiqəsini bizə rüşvətlə verirlər – buna görə onu da almırıq. Ev almağa qaldıqda isə…bu yəqin ki, xoş arzu olaraq mənimlə birgə qəbirə gedəcəkdir. Ölkəmiz analoqsuz inkişaf etsə də, ev almaq qüdrətini nə hikmətdirsə canımda hiss edə bilmirəm. Bunları heç və ya müqəddimə saya bilərsiniz, dərdim aydırdır.
Qarşıdakı sentyabrda qızım məktəbə getməlidir. Məktəb qızın yaşadığı yerlə bağlı arayış istəyir. Mən, bütün vacib orqanları və ağılı, düşüncəsi yerinə olan adam Mənzil İstismarı Sahəsindən (MİS) bu adi arayışı ala bilmirəm (Səbai rayonu, 19 saylı MİS). Bir aydır MİS qapılarında yatıram. Onların tələbi 20 manatdır, 20 manatı məndən qoparmaq üçün onlar nə oyunlardan çıxırlar…  Mən də inad göstərirəm, verməməkdə qərarlıyam. Ancaq bu inadkarlıq övladımın faktiki olaraq təhsil hüququndan məhrum edilməsinə başa gəlir. Çünki mayın 20-i sənəd qəbulu başa çatır.

Bu gün mən MİS-də xeyli təmkinlə dərdimi anlatmağa çalışdım, qanunlara, insanlığa istinad etdim; dedim ki, yoldaşlar, axı sizdən Atom Elektrik Stansiyası tikmək üçün arayış istəmirəm. 3 ildir yaşadığım ünvana aid bir arayış verin, qızımı məktəbə yola sala bilim. Nə məni eşitdilər, nə qonşularla tərtib etdiyim akta məhəl qoydular. Üzümə dirəşib deyirlər ki, yaşadığın ev özünün olmadığından arayış verə bilmərik. Onlara heç cürə anlada bilmədim ki, insan bəxtəvərliyindən başqasının evində yaşamır…

Mən sizin bürokratik aparatda çalışan insanlar qarşısında acizliyimi etiraf edirəm. Onlar mağaralarda yaşayan 7 başlı əjdahalar kimi güclü və dəhşətlidirlər. Mən daha onlara dözmək istəmirəm. Mən əjdahalarla bir ölkədə yaşamaq istəmirəm. Mənə adi bir arayışı vermək istəməyən ölkənin vətəndaşı olmaq cəlbedici deyil.

Nə olsun ki, bu ölkə “Avroviziya” yarışında birinci olub.

Son dərəcə xahiş edirəm, bizim ailə üzvlərimizi Azərbaycan Respublkası vətəndaşlığından məhrum edəsiniz. Bundan sonra istəsəniz, əlbəttə, o MİS-dəkiləri cəzalandıra da bilərsiniz.