PA rəhbərinin Dövlət Idarəçilik Akademiyasındakı hədəfləri
Prezident yanında Dövlət Idarəçilik Akademiyasının 15 illik yubileyi münasibətilə keçirilən Elmi Şurasının iclasında Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev çıxışı zamanı ad çəkmədən rəqiblərini hədəf seçib. Əvvəlcə qeyd edək, bu çıxışda nə insan haqlarının pozulmasına, nə korrupsiya və rüşvətin çiçəklənməsinə diqqət yetirilib.
Ramiz Mehdiyev ümumi kursa uyğun olaraq analoqu olmayan inkişafdan geniş danışıb. PA rəhbərinin tənqidi fikirləri isə konyunktur xarakter daşıyıb və məqsəd rəqiblərini hədəfə gətirmək olub. Ramiz Mehdiyev əvvəlcə təhsilin səviyyəsinə diqqət çəkib. “Son illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən orta məktəblərdə keçirilən buraxılış imtahanları göstərir ki, ölkəmizdə elə gənclər var ki, imtahan verə bilmir. Yüzlərlə hallarda imtahanın nəticəsinə dair xüsusi protokol tutulur. Protokolda göstərilir ki, məsələn, Məmmədov Məmməd ”hərfləri və rəqəmləri tanımır”. Beləliklə, 70 il bundan qabaq qalib gəldiyimiz savadsızlıq elə bil təzədən həyatımıza qayıdır. Mən bunu şərh etmək istəmirəm”,- deyə Ramiz Mehdiyev bildirib. Təhsil PA rəhbərinin yaralı yeridir. Ona görə yox ki, bu sahə bərbad vəziyyətdədir. Ona görə ki, təhsil Ramiz Mehdiyevin tam nəzarətində deyil. Bu sahəyə Paşayevlər nəzarət edir. Ramiz Mehdiyevin isə bu qruplaşma ilə münasibətlərinin gərgin olması sirr deyil. Təsadüfi deyil ki, təhsil naziri Mikayıl Cabbarov rayon və şəhər təhsil şöbələrinin bazasında regional təhsil idarələrinin yaratmaqla icra hakimiyyətlərin, faktiki olaraq Ramiz Mehdiyevin bu sahəyə müdaxilə imkanlarının qarşısını almaq istəyirdi. Bununla bağlı ölkə başçısı sərəncam imzalasa da, təhsil naziri istəyinə nail ola bilmədi. Regional təhsil idarələrinin yaradılması müəmmalı şəkildə təxirə salındı.
Ramiz Mehdiyev daha sonra erkən nikahlardan və hicablı qadınların sayının artmasından narahatlığını dilə gətirib: “Hicabla təhsil müəssisələrinə, o cümlədən ali məktəblərə getmək istəyənlərin sayı da gündən-günə artır. Mən əmin deyiləm ki, bu, gənc xanımların özlərinin daxili mənəvi tələbatıdır. Təhlil göstərir ki, bu, əksərən ailədaxili mühitin tələbidir və gənc qızlar da buna tabe olurlar.
Bir çox regionlarda, xüsusilə də cənub bölgəsində azyaşlı qızların təhsildən yayınaraq qeyri-rəsmi ailə qurması artıq adi hala çevrilir”.
Ramiz Mehdiyev bu məsələyə diqqət çəkməklə əslində Qafqaz Müsəlmanları Idarəsinin rəhbəri, şeyxülislam Allahşükür Paşazadəni “vurub”. Yoxsa Ramiz Mehdiyev gözəl bilir ki, bu problemin kökündə məhz təmsil etdiyi hakimiyyətin yürütdüyü siyasət dayanır. Ölkəyə missioner təşkilatların axınına şərait yaratmaq, demokratik təsisatları məhv etməklə insanların dinə, fanatizmə, mövhumata meyllənməsini şərtləndirmək məhz bu hakimiyyətin apardığı siyasətin nəticəsində baş verib. Bunun qarşısını almaq üçün bütövlükdə idarəetmə metodu dəyişməlidir. Bu isə Ramiz Mehdiyevin marağına uyğun deyil. PA rəhbəri sadəcə soyuq münasibətdə olduğu Şeyxi vurmaq üçün bu məsələyə diqqət çəkib. Hər halda QMI qeyri-rəsmi də olsa ölkədəki dini sahəyə nəzarət edən qurumlardan biridir.


