“Şpigel” ölkənin feodal təfəkkürlə idarə olunduğunu, “Frans Press” Cabbarın həbsini yada saldı
Dünya mediası Azərbaycanın “Eurovision-2011” musiqi yarışmasında birinci yeri qazanmasını təkcə mədəni hadisə kimi işıqlandırmır. Həm də bu hadisənin fonunda ölkənin insan haqları və demokratiya baxımından korlanmış imicini yada salır.
Almaniyanın ən populyar nəşri olan “Şpigel”in (“Der Spiegel”) internet gündəliyi və Frans Press Agentliyi (AFP) Azərbaycanın qələbəsini xəbər verdikləri məqalələrində diqqəti həm də ona yönəldiblər ki, bu ökədə insan haqları pozulur, korrupsiya yüksək səviyyədədir, ölkə avtoritar qaydada idarə olunur və s.
“Şpigel” hazırladığı geniş məqalənin başlığını elə bu cür də seçib: “Eurovision” qələbəsi Azərbaycanın imicini təmizləyə biləcəkmi?
Frans Press Agentliyi isə azərbaycanlı gənc ifaçıların “Eurovision” birinciliyini qazanmasını Azərbaycanda başqa bir gəncin, siyasi fəal Cabbar Savalanlının şərlənərək həbsə atılmasını qeyd etməklə xəbər verir. Beləliklə,
“Der Spiegel”: “Ölkə orta əsrlər Avropa feodalizmini xatırladır”
Cənubi Qafqazın ən böyük ölkəsi Azərbaycan “Eurovision” musiqi yarışmasıının qalibi oldu. “Eurovision”un 2012-ci ildə keçiriləcək növbəti turu özünün təbii ehtiyatları, eyni zamanda insan haqları və demokratik prinsiplərin kobud şəkildə məhdudlaşdırılması ilə diqqət mərkəzində olan Azərbaycanda baş tutacaq.
Eldar Qasımov və Nigar Camal cütlüyünün qələbəsi yarışmanın növbəti mövsümünün Bakıda keçirilməsini qaçılmaz etdi. Xəzər dənizinin sahilində yerləşən Bakıda son illər tikinti bumu, tarixi yerlərin restavrasiyasi müşahidə olunur. Azərbaycan sovet əsgərlərinin 1990-cı ildə törətdiyi qətliamdan sonra 1991-ci ildə müstəqlliyini bərpa edib. Paytaxtda bahalı Xəzər kürüsünə, xarici avtomobillərə, dünyanın tanınmış brend mağazalar şəbəkələrinə rast gəlmək olar.
Doqquz milyon əhalisi olan Azərbaycanın paytaxtı Bakıdan bir neçə klometr aralı yerlərdə insanlar çox kasıb vəziyyətdə yaşayır. Ölkənin 40 faiz əhalisi yoxsulluqdan da da aşağı səviyyədə həyat sürür. Təbii ehtiyatlardan gələn külli miqdarda varidat hakimiyyətdəki klanlar və iqtidar elitasi tərəfindən mənimsənilir. Aşağı təbəqəyə isə təbii sərvətlərdən gələn gəlirlərin çox cüzi hissəsi çatır.
Bununla bərabər ölkə avtoritar qaydalarla idarə olunur. “Amnesty İnternational” və “Human Rights Watch” kimi nüfuzlu beynəlxalq təşkilatlar mütəmadi olaraq Azərbaycan hakimiyyətini repressiv və antidemorkatik idarəçiliyə görə tənqid edir. Avropa və ABŞ tez-tez Azərbaycanda demokratiyanın məhdudlaşdırılmasına görə ciddi narahatlığını bildirir.
“Human Righst Watch” təşkilatı Azərbaycanın avtoritar hakimiyyətinə qarşı daha sərt tədbirlərin görülməsinə çağırışlar edir. Təşkilat bəyan edir ki, Azərbaycanda azad söz və insan haqları ciddi təhlükədədir. Ölkədə jurnalistlər həbs, fiziki və mənəvi təzyiqlərlə üzləşir. İki qəzetin təsisçisi və baş redaktorunun dərhal azadlığa buraxılması haqda Avropa İnsan Haqları Məhkəməsinin qərarına riayət olunmur. Hər iki qəzet 2007-ci ildə təsisçi və baş redaktorun həbsindən sonra nəşrini dayandırmaq məcburiyyətində qalıb.
Bundan başqa, Azərbaycan hakimiyyəti Yaxın Şərq inqilablarından sonra ölkədə demokratik hərəkatın canlanmasından ehtiyatlanaraq müxalifət tərəfdarlarını, ictimai fəalları və jurnalist-bloggerləri həbs etdirdi. “Facebook” və digər sosial şəbəkələrdə hakimiyyətə qarşı dinc aksiyalara çarğırış edən gənc fəallar təqib olundu, həbs edildi.
“Amnesty İnternational” təşkilatı Azərbaycanı hakimiyyətin azad fikri boğmaq üçün cinayətlər törədən və qanunun aliliyini kobudcasına pozan ölkə kimi xarakterizə edir. Təşkilat onu da əlavə edir ki, paytaxt Bakının mərkəzində dinc aksiyalar keçirmək çox kobud şəkildə məhdudlaşdırılır.
Ölkəyə İlham Əliyev rəhbərlik edir. O, hakimiyyəti 2003-cü ildə atası, diktator Heydər Əliyevin ölümündən bir neçə ay əvvəl ələ alıb. Bir zamanlar ölkəni idarə edən Heydər Əliyevin şəkilləri Bakının küçələrində reklam vitrinlərindən asılıb. Nüfuzlu beynəlxalq təşkilatlar demokratiyanın indeksinə görə Azərbaycanda avtoritar rejimin hökm sürdüyünü bəyan edir. “Der Spiegel” də yazıb ki, Azərbaycanda korrupsiya geniş yayılıb. Ölkə orta əsrlər Avropa feodalizmini xatırladır.
“Der Spiegel” öncəki məqalələrində Azərbaycanın Qərb dünyası üçün etibarsız tərəfdaş olduğunu qeyd edib. 2010-cu ilin dekabrında ABŞ diplomatlarına aid məxfi yazışmaların yayılması göstərdi ki, neft gəlirlərindən külli miqdarda varidat əldə edən Azərbaycanın korrupsioner hakimiyyəti ölkədə yoxsulluğun aradan qaldırılmasına maraqlı olmadığı, demokratik prinsipləri kobudcasına pozduğu halda Qərb dünyası üçün etibarlı tərəfdaş ola bilməz. Bu ölkədə müstəqil və müxalif medianın fəaliyyəti məhdudlaşdırılır, demokratik hərəkat üzvləri sərt qaydada cəzalandırlır.
Doğrudur demokratiya Avropa Yayım Şurası tərəfindən təşkil olunan musiqi festivalı üçün bir o qədər də əhəmiyyətli amil görünməyə bilər. Avropanın sonuncu diktatoru Aleksanr Lukaşenkonun rəhbərlik etdiyi Belarus festivaldan kənarlaşdırılmalı olduğu halda yarışmada yarımfinala qədər irəliləməyi bacardı. Təbii ki, Azərbaycanı təmsil edən Eldar və Nigar cütlüyünün onların repressiv hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur. Qasımov və Camal istedadlarıyla, münsiflər heyətinin və tamaşaçıların verdiyi səslər nəticəsində qalib oldular.
Görəsən, Avropa Yayım Şurası siyasətlə məsafə saxlamağı necə bacarır? Yarışmaya qatılan ölkələr arasında beynəlxalq təşkilatlar, Qərb dövlətləri tərəfindən insan haqları və demokratiyanın bərbad olmasına görə sərt tənqid edilən ölkələrlə yanaşı demokratiyaya sərhəd tanımayan ölkələr də var.
Gələn ilki yarışmaya görə diqqətlər Eldar və Nigar cütlüyünün qələbəsiylə yanaşı siyasi çirkinliklərlə bol olan Azərbaycana yönələcək. “Eurovision” musiqi yarışması Bakı üçün qran-pri ola bilər. Azərbaycan insan haqları və demokratiyaya görə kirlənmiş imicini yarışma vasitəsilə təmizləməyə cəhd görsətərcək. Beynəlxalq ictimaiyyət isə Azərbaycan hakimiyyətinə ölkədə azad söz və insan haqlarının yaxşılaşdırılmasına görə təzyiqləri artıra bilər. Hətta mümkündür ki, insan haqları və demokrartiya sahəsində irəliləyiş olmayacağı təqdirdə “Eurovision” yarışmasının Bakıda keçirilməsinə ciddi problemlər yaransın.
Frans Press: “Gənc fəal “Faecbook”da çağırışlar etdiyinə görə narkotik ittihamı ilə azadlıqdan mərhum edildi”
“Eurovision” musiqi yarışmasının 56-cı mövsümünün qalibi Azərbaycan oldu. Yarışmanın ənənəsinə görə Azərbaycan qalib gəldiyi üçün festivalın 2012-ci il də keçiriləcək mövsümü Bakıda baş tutacaq. Təbii ehtiyatları ilə zəngin keçmiş sovet ölkəsi Azərbaycan beynəlxalq təşkilatlar və Qərb dövlətləri tərəfindən insan haqları və demokratiyanın durumuna görə sərt tənqid olunur.
Mayın əvvəlində ərəb dünyasını bürümüş demokratik inqilab dalğasının Azərbaycanda da təkrarlanması üçün “Faecbook” sosial şəbəkəsində çağırışlar etdiyinə görə gənc fəal narkotik maddə istifadəçisi ittihamı ilə 2 il 6 ay azadlıqdan mərhum edildi. 20 yaşlı Cabbar Savalanlı təbbi ehtiyatlarla zəngin ərəb ölkələrində avtoritar idarəçiliyə qarşı dinc hərəkatdan ilhamlanan və buna görə də Azərbaycan hakimiyyətinin qəzəbinə tuş gəlmiş ilk gənc fəal oldu.
“Amnesty International” təşkilatı Azərbaycan hakimiyyətini ölkədə baş qaldırmış etiraz dalğasını susdurmağa, insan haqları və demokratik dəyərlər uğrunda mübarizə aparan insanlar arasında qorxu mühiti yaratmağa cəhddə ittiham edir.
Siyasət şöbəsi