Yaxud cəbhəçilər xalqın taleyi üzərində salınmış yoldan keçmir
Uzun illərdi YAP hakimiyyətinin “cəngavər”ləri ya Azərbaycanda müxalifətin olmadığını, ya da müxalifəti özlərinə rəqib görmədiklərini söyləyirlər. Yəni iddia edirlər ki, meydanda olan yeganə “pəhləvan” bizik.
Ancaq müxalifət yaxşı bir mitinq keçirəndə, hər hansı bir uğura imza atanda, bu “pəhləvan”lar şər-böhtanla “məşq” etməyə, rəqiblərini gözdən salmağa başlayırlar. Yəni etiraf etmiş olurlar ki, prinsipial, satılmayan müxalifətdən çəkinirlər və bunun göstəricisidir ki, həbsxanalarda 100-dən artıq siyasi məhbus var.
Son günlər yenə də “rejimoloq”lar müxalifət düşərgəsini analiz etməyə başlayıblar. Daha doğrusu, AXCP-dən 1 nəfərin istefa verməsi, YAP hökumətinin bayramına çevrilib. Ona görə də sazı çiyinlərinə atıb, sözə sarılıblar.
Belə ki, YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov cəbhəçilərin səhv yolda olduğunu bildirib: “Azərbaycanda müxalifətin siyasi iflasa uğraması hamıya məlumdur. Indi iflas prosesi müxalifət partiyalarının daxilinə keçib. Bunun aydın ifadəsini bu gün müxalifət partiyalarının içərisində olan proseslərdə müşahidə etmək olar. Onlar partiya daxilində çəkişmələri ilə sübuta yetirirlər, öz aralarında etiraf etmiş olurlar ki, bunlar səhv yoldadırlar. AXCP-də fəaliyyət göstərən insanlar dərk etməyə başlayıblar ki, apardıqları mübarizə metodları təkcə cəmiyyət üçün deyil, həmin partiyaların özləri üçün də ziyanlıdır”- deyə Əli Əhmədov bildirib.
Əvvəla, Əli Əhmədov 4-5 partiya dəyişmiş adam kimi bilməliydi ki, dünyanın hər yerində siyasi partiyalara gələnlər də, gedənlər də olur. Ikincisi isə, müxalifət partiyalarının fəaliyyətini dərindən izləyən adam kimi bilməliydi ki, AXCP-yə son dövrlər yüzlərlə insan üzv olub. Ancaq AXCP-yə qarşı olan təzyiqlərin və təhdidlərin 1 faizi YAP-a qarşı baş versəydi, Əli Əhmədov siyasətdən ildırım sürəti ilə uzaqlaşardı.
Bir halda ki, möhtərəm YAP-çı cəbhəçilərin səhv yolda olduğunu, bu partiyanın cəmiyyət üçün ziyanlı olmasını dilə gətirir, bizim də borcumuzdur ki, bəzi məqamları Əli müəllimə xatırladaq.
Görəsən, YAP-ın qurucuları hardadır? Əli müəllim, partiyadaxili didişmələr qocaman YAP-çıları niyə itirib?
YAP-ın qurucularından olan Siruz Təbrizli yaradıcılarından biri olduğu təşkilata niyə “simasız quldurlar partiyası” adı qoydu? YAP-ın qurucularından olan Əli Insanov uzunmüddətli həbs cəzasına məhkum edilib və həbsdən də söyləyir ki, bu hakimiyət quldurlardan ibarətdir. Hətta bu hakimiyyətlə eyni komandada təmsil olunduğuna görə xalqdan üzr də istədi. YAP-ın qurucularından olan Əli Əlirzayev proseslərdən kənarlaşdırıldı, Rəfael Allahverdiyevə qarşı münasibət hamıya məlum idi, tarixçi alim Ziya Bünyadov həqiqətləri dilə gətirdiyinə görə susduruldu. Son olaraq isə, YAP-çı deputat Gülər Əhmədovanın “performans”ı dünyaya səs saldı. Bu siyahını uzatmaq da olar. Yəni xatırlatmaq istəyirik ki, bu hakimiyyətin iç üzünü YAP-ın qurucuları ifşa edib və etməkdədilər.
YAP-dan fərqli olaraq, AXCP-nin bioqrafiyası təmizdir. Nə hansısa mandat alverində, nə iyrənc bazarlıqlarda, nə də ki, milyonluq oğurluqlarda AXCP-nin adı hallanmır.
Təbii ki, Əli Əhmədova görə cəbhəçilər səhv yoldadılar. Çünki, cəbhəçilər insan taleyi üzərində salınmış yoldan keçməkdən imtina ediblər. Çünki, cəbhəçilər haram tikəni nuş edə bilmirlər. Çünki, cəbhəçilər xalqın bədbəxtliyi üzərində, xoşbəxt olmağa etiraz edirlər.
Bir sözlə, cəbhəçilər bu hakimiyyəti alqışlamırlar və buna görə də “səhv” yoldadılar.
Yaltaq, qorxaq, kölə olmağı qəbul edənlər isə, Əli Əhmədova görə “düz” yoldadılar.
Yuxarıda qeyd etdiyimiz kimi, YAP-ın qurucuları Əli Əhmədovun getdiyi “yol”a qiymət veriblər. Yəni səhv yolun cığırında olan Əli Əhmədovun özüdür.
Allah, heç kimi bu “yol”a salmasın. Çünki, tarix boyu bu yollarda ağır qəzalar baş verib, bu yolun yolçuları sağalmaz yaralar alıb.
Akif