Görkəmli şəxsiyyətlərin adını daşıyan abidələr
Azərbaycanın tarixi memarlıq abidələri ilə zəngin bölgələri arasında Lənkəran da özünəməxsus yer tutur. Dövlət səviyyəsində bu ərazidə mövcud olan 87 tarix və mədəniyyət abidəsi rəsmi qeydiyyata alınmışdır.
Belə unikal abidələr sırasında Şeyx Zahid türbəsi özünəməxsus yer tutur. Abidə Şıxəkəran kəndinin qədim qəbiristanlığında yerləşir. Burada XIII əsrin tanınmış alimi, filosof və dini xadimlərindən biri Şeyx Zahid Ibn Şeyx Rövşən Əmir (1215-1300) dəfn olunmuşdur. O, bütün şərqdə mütəfəkkir alim kimi tanınmışdır. Alimin Azərbaycanda, ələlxüsus Muğan, Şirvan, Marağada çoxlu ardıcılları olmuşdur. Şeyx Zahidin əsl adı Tacəddin Ibrahim, atasının adı isə Rövşən Əmirdir. Rövşən Əmir Iranın Gilan vilayətinin kəndlərinin birində evlənmiş, Lənkəranın Siyavər kəndinə köçmüşdür. Şeyx Zahid bu kənddə anadan olmuşdur. O, ilk təhsilini Lənkəranın Pensər kəndində Təbrizli Seyid Cəmaləddindən almışdır. Şeyx Zahidə Zahid təxəllüsünü də müəllimi Seyid Cəmaləddin vermişdir. Zahid ibadət ilə məşğul olan pəhrizkar mənasındadır. Müəllimi Cəmaləddinin vəfatından sonra Şeyx Zahid 20 il yaşamış və əkinçilik ilə məşğul olmuşdur. Şeyx Zahid dövrünün tanınmış təriqət başçısı idi. Məhz ona görə də, kəndin adı Şıxəkəran (Şeyxəkəron – Şeyx evləri) adlanmışdır.
Səid Əli ibn Kazımbəy “Cəvahirnameyi Lənkəran” əsərində Şıxəkəran haqqında yazır: “Hiləkəran qədim addır. Şeyx Zahidin irşad etdiyi kənddir. Şeyxin zühurundan sonra, onun adıyla Şeyxəkəran adlanmışdır”. Şeyx Zahidin türbəsini Səfəvi nəslindən olan Şeyx Heydər tikdirmişdir. Siyavurdu su basdığına görə Şah Ismayıl Xətainin babası və Şeyx Zahidin yeznəsi (qızının əri) Şah Səfiəddin onun qəbrini oradan Hiləkərana köçürüb. Səfəvi hökmdarları Lənkərana gələndə hökmən Şeyx Zahidin məqbərəsini ziyarət edərdilər. Bu abidəyə indiyədək yerli və ətraf rayonların əhalisi ziyarətgah kimi baş çəkir.
Rayonun ən görkəmli abidələrindən biri də Seyid Xəlifə ziyarətgahıdır. Ərəb xilafəti dövründə xəlifələrin təqibinə məruz qalmış bir sıra müqəddəs adamlar, alimlər və seyidlər müxtəlif yerlərdə sığınacaq tapmışlar. Onların bir qismi də Azərbaycana pənah gətirmiş, o cümlədən, Lənkəran ərazisində məskunlaşmışdır. Bu yerlərdən biri də Lənkəran rayonu ərazisində olan qədim Cil kəndidir. El arasında Se Xəlifə, yəni üç xəlifə və ya Seyid Xəlifə ziyarətgahı da bura pənah gətirən müqəddəslərin məzarlarıdır. Deyilənlərə görə, bu üç şəxs, məşhur alim, filosof Seyid Camaləddinin, onun atası Seyid Mir Abbasın və onun əmisi oğlunun məqbərəsidir, lakin burada daha qədim dövrə təsadüf olunan seyidlərin də məzarları vardır. Türbəni indiyədək müxtəlif yerlərdən gələn insanlar müqəddəs yer kimi ziyarət edir.
Qədim Lənkəran Qalası və Mayakı
Başqa bir memarlıq nümunəsi Dairəvi Qala (Zindan) Lənkəran qalası ilə eyni vaxtda 1747-1786-cı illərdə tikilmişdir. Qalanın peyki, oxşarı olan ikinci tikili Mayakdır. Deyilənlərə görə, Iran şahı Nadir şah 1747-ci ildə Lənkərana gəlmiş və buraya Səfəvi nəslindən olan Seyid Abbas Nadir şahın fərmanı ilə Talışın hakimi elan edilmişdir. Elə həmin ildə də buranı möhkəmləndirmək məqsədi ilə bu qalanın inşasına başlanmışdır. Lakin Nadir şahın ölümündən sonra Seyid Abbas xan öz müstəqilliyini elan etmiş və bu iki qala ümumi Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqələrinə çevrilmişdir. Hətta Lənkəran qalasının ümumi sahəsi Bakı qalasından demək olar ki, iki dəfə böyük olmuşdur. Bu qala 1869-cu ilə kimi burada baş verən müharibələrdə mühüm müdafiə və dayaq məntəqəsi rolunu oynamışdır. Rus qoşunlarının işğalından sonra ümumi qala divarları dağıdılmış və hərbi qala ləğv edilərək, bu möhtəşəm tikili həbsxana kimi istifadə edilməyə başlanmışdır. Deyilənlərə görə, Zindan ilə Mayak arasında olan gizli yeraltı yol ilə dustaqlar bura gətirilirmişlər, bu da bura gətirilənlərin məxfiliyini təmin edirmiş, hətta məşhur adamlardan Iosif Stalin də poçt qatarının qarətində tutulduqdan sonra bir müddət burada dustaq olmuşdur. Dairəvi Qala 1970-ci ilə kimi həbsxana kimi istifadə edilmişdir.
Unikal abidə olan Lənkəran Mayakının 1747-1786-cı illərdə tikilməsi ehtimal olunur. Mayak Lənkəran qalasının dayaq məntəqələrindən biri olmuşdur. Sonralar çar hökumətinin Lənkəranın işğalından sonra 1869-cu ildə bu tikiliyə yuxarı hissəsi əlavə olunaraq, mayak kimi istifadə olunmağa başlanmışdır. Mayak Lənkəranın şimal şərq hissəsində yerləşir. Onun görünüş dairəsi 16 mildən artıqdır. Mayakın hündürlüyü fanarının güzgüsünə kimi 30,5 m-dir, fanarla birlikdə 33, 4 m-dir. Mayakdan onun oxşarı olan və onunla eyni vaxtda inşa edilən Dairəvi Qalaya yeraltı yol olmuşdur ki, onun da qalıqları bu günə kimi durmaqdadır. Bölgənin 1807-ci ilə aid edilən Bəlləbur qalasının qalıqları da tarixi baxımdan böyük əhəmiyyət daşıyır. “Cavahirnameyu-Lənkəran” əsərində göstərilmişdir ki, Bəlləbur qalasını hələ IV əsrdə Sasan şahı II Şapur tikdirmişdir. Qala indiki Lənkəran şəhərindən 9 km uzaqda, hündür bir yerdə yerləşir. Sonralar bu qala xürrəmilərin dayaq məntəqələrindən biri olmuşdur. Hətta buna bəzən Babək qalası da deyilir. Ərəb xilafətinə qarşı başlanmış xürrəmilər hərəkatında Babəkin qoşunları burada möhkəmlənmişlər. Bəlləbur qalasının bölgədə olan digər qalalarla gizli yeraltı yolu olmuşdur.
Abidələrin “danışdığı” hekayətlər
Xalq arasında Lənkəranın unikal abidələri haqqında bir çox maraqlı hekayətlər dolaşır. Belə hekayətlərdən biri də hazırda rayonda istifadə olunan Isa bəyin yaşayış evinin tikilmə tarixi ilə bağlıdır. Hələ inqilabdan əvvəl inşa edilmiş Isa bəyin yaşayış evi Lənkəranda ilk çoxmərtəbəli tikililərdəndir, Avropa üslubunda inşa olunmuşdur. Bu binanın tikilməsinin maraqlı tarixçəsi var. Belə ki, əslən Bakılı olan Isa bəy xanın qızlarından birinə aşiq olur və ona elçi göndərir. Ali savadlı həkim və son dərəcə varlı olmasına baxmayaraq, onun Lənkəranda heç bir mülkü olmadığı üçün qızı ona vermirlər. Buna görə Isa bəy çox az müddətdə xaricdən mütəxəssis gətirərək bu əzəmətli abidəni tikdirmiş və özü də Lənkərana köçmüşdür. Yalnız bundan sonra xan öz qızını ona ərə verməyə razılaşmışdır. Isa bəy Lənkəranda ilk ali savadlı həkim olmuşdur. Repressiya illərində sürgün edilmiş, əmlakı isə müsadirə olunmuşdur. Hazırda bu əzəmətli binada Lənkəran Dövlət Universitetinin əsas korpusu yerləşir.
Lənkəran rayonunun Boladi kəndində yerləşən, XIX əsrdə yayda istidən qorunmaq və istirahət üçün inşa edilmiş, dörd tərəfi açıq sütunlar üstündə ikimərtəbəli guşə də belə abidələr sırasında yer alır. Ləm Boladi adlanan bu yerə yay evi də deyilir. Ləmlər ümumən Cənub zonasında XVIII-XIX əsrlərdə geniş yayılmışlar. Istilər düşdükdə insanlar daimi yaşayış evlərini müvəqqəti olaraq tərk edib, bu yay evlərinə köçərmişlər. Ləmin aşağı hissəsi (sütunları) qırmızı kərpicdən, yuxarısı isə meşə ağacından düzəldilir və müxtəlif əl işləri ilə bəzədilir, bu da ləmə özünəməxsus gözəllik verir. Ümumiyyətlə, ləmlər Cənub zonasının spesifik tikililəridir ki, bunlara başqa yerdə rast gəlinmir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir