Ad tapa bilmirdilər. Gah “məhbuslar üzrə işçi qrup”, gah “problemli məhbuslar üzrə ictimai komitə” adlandırdılar, gerçəkdə isə Avropa Şurasının baş katibi Tyorbörn Yaqlandın siyasi məhbus problemilə bağlı təklifinə görə yaradılmış qrupdur. Əslində Yaqlandın təklifi keçmədi, o, Xədicə Ismayılın bu qrupda iştirakını şərt kimi irəli sürmüşdü, özü də, mən bildiyimə görə, onun nümayəndəsi Xədicə Ismayıldan orada iştirakını israrla xahiş etmişdi. Üzdə razılıq olundu, sabah isə onu qapıdan buraxmadılar. Çünki o zaman Prezident Administrasiyasından olan əmilərin dedikləri necə var keçməyəcəkdi. Xədicə xanım problemə uyğun format, düzgün müzakirə predmeti, obyektiv kriteriyalar, real siyahı və addımlar təklif edəcəkdi.
Mirvari xanımın (Qəhrəmanlının) orada iştirakı bəlli deyildi, amma öncədən Arzu Abdullayevadan başqa orada müstəqil bir şəxsin iştirak etmədiyini bilirdik. Arzu xanım isə hər zaman monitorinq qrupundan olan təcrübəli hüquq müdafiəçilərini müdafiə edir və indiyədək onların ziyanlı əməllərinə qarşı çıxmayıb. Bu halda oradakı hər hansı arzuedilməz prosesə inad göstərəcəkmi və kimlər onu müdafiə edəcək?! Məsələn, Xədicə xanıma qarşı atılan addıma etiraz edə bilərdi…
Etiraza da əsası vardı. Bu xanımlar və cənablar deyib ki, Xədicə Ismayıl sosial şəbəkələrdə onlara etimadsızlıq göstərib, ona görə də onunla işləmək istəmirlər. Bəs nə əcəb bu qədər adamı şərləyənlərlə işləyə bilirsiniz? Xədicə xanım sizə etimad etmir, amma o biri adamlar Rəşadətin babasının intiharının səbəbkarıdır ən azı. Başqa misallar çəkmirəm. Məsələ etimaddadırsa, həmkarlarınızı, gəncləri, ziyalıları həbsə atanlarla necə işləyə biləcəksiniz? Onlar məgər sizə etimad göstərir? Qrupda Prezident Administrasiyasının təmsilçilər var, onlar sizə etimad edir ki, siz onlarla işləməyə razılıq vermisiniz? Necə qazanmısınız bu etimadı?
Hələ o da var ki, siz məhbusun azad olmasını istəyirsinizsə, bunu Xədicə Ismayıldan yox, hakimiyyətdən tələb etməlisiniz, onun iştirakı buna mane olacaq?
Bir daha bu adamların rolunu xatırladaq. Bəli, indi onlar kimlərinsə azad olunması ilə müşayiət edilən və altından nə çıxacağını hələ bilmədiyimiz bir prosesə cəlb olunublar, amma dünən onlar şıdırğı həbslərə yol açan başqa bir prosesə cəlb edilmişdilər. Məsələn, siyasi məhbuslar üzrə məruzəçinin fəaliyyətini boğmağa. Bu adamlar hakimiyyətin nümayəndələrinə qoşulub açıqca Ştrasserə qarşı çıxış edirdilər və onun hazırladığı qətnamənin keçməməsi prosesinin iştirakçıları idilər. O qətnamənin qəbul edilməməsi ilə hakimiyyətin qol-qanadı açıldı, həbslər məhz bundan sonra intensivləşdi. Ilham Əliyevin dəfələrlə həmin qətnamənin qəbul edilməməsinə istinad edərək, ölkədə siyasi məhbusun olmadığını bildirməsi təsadüf deyil.
Tarixdə yaxşı əməllər də qalır, yaxşı olmayanlar da. Bu adamların həbslər repressiyasında oynadıqları rol artıq tarixdir. Amma iş bununla bitmir. Hakimiyyətə vəziyyətdən çıxmağa da kömək lazımdır, hətta əfv zamanı da. Imitasiya etmək üçün, prosesin adını başqa cür qoymaq üçün, siyasi məhbusu problemli məhbus adlandırmaq üçün, əfv ərizəsi yazdırmaq üçün, səbəbləri azdırmaq üçün və s. Nəhayət, təşəkkür etmək üçün.
Xüsusi bir məqam var. Azərbaycan hakimiyyəti bu adamların köməyi ilə dünyada heç kimin əldə etmədiyi bir uğura imza atır. Siyasi maraqlarla günahsız adamları həbsə atır və sonra onları azad edərək təşəkkür qazanır. Beləliklə, “həbslər və azad edilmələri” istədikləri kimi davam etdirə bilirlər…
Zaman keçdi, biz ayılıb gözümüzü açdıq ki, elə bu adamlar da hüquq müdafiəçisi kimi heç kimin əldə etmədiyi uğura imza atırlar. Işləri-gücləri hakimiyyətin əl-üzünü yumaqdır, sonda da hakimiyyətin günahsız adamları azad etdirməsini öz işlərinin nəticəsi kimi qələmə verə bilirlər, hələ repressiya sahiblərinə təşəkkür etməyi də unutmurlar.
Nəhayət, deməliyik ki, həbslər də, azad edilmələr də yalnız Azərbaycan hakimiyyətinin istəyi ilə baş verir, köməkçilərin necə danışmasından asılı olmayaraq. Təbii ki, azad edilmələrdə yalnız təzyiqlər və tələblər rol oynaya bilir. Bu dəfə başlayan proses isə Avropa Şurasının baş katibi Tyorbörn Yaqlandın təşəbbüsüdür. Hakimiyyətin oyununa tabe olmayan cinahın apardığı ardıcıl iş, tələblər, təzyiqlər də burada rol oynayıb. Hakimiyyət də təzyiqlərlə üz-üzədir. AŞ PA-nın mənfi rolu barədə tənqidlər də artıq qulaqardına vurulası deyil. Yaqland çıxış yolu kimi təklifi irəli sürüb. Amma bu proses imitasiya rolunu daşısa, siyasi məruzəçinin fəaliyyətinin qarşısını almağa yönəlsə, məsuliyyəti həm də cənab Yaqland özü daşıyacaq. Bizim işimiz isə yenə də bütün siyasi məhbusları müdafiə etmək, onların hamısına azadlıq tələb etmək, hər şeyi öz adı ilə çağırmaqdır.