Siyasətdən yazmaq istərkən…

Həyatın özü də böyük eksperimentdir. Bir gün gəlir və bu eksperiment başa çatır. O, uğurlu və uğursuz olur. Amma bu, hərənin öz eksperimentidir. Ona görə də hamı bu eksperimenti uğurlu sonluqla bitirmək istəyir. Kimsə buna nail olur, kiməsə bu, nəsib olmur. Və burada çarəsiz sual yada düşür: axı nə etmək olar? Bəli, doğrudan da, nə etmək olar? Mən hər dəfə siyasətdən söz açmaq istəyirəm. Amma siyasətə qədər uzun bir yol keçməli oluram, oradan və buradan, yaxından və uzaqdan, doğmadan və yaddan söz açıram, axırda da siyasətə bir-iki söz qalır. Məsələ bundadır ki, siyasətin inkişaf tempi, ya da hadisələrin tezliyi bizim qəzetlər qarşısında götürdüyümüz yazı sayından geri qalır. Bir həftə ərzində neçə hadisə baş verə bilər? Bəzən elə olur ki, bir ay və ya daha çox, heç nə baş vermir, hər şey donuq, statik bir haldaca, elə bil konservləşdirilmiş formada qalır. Mən digər yazılara, ölkə daxilində və ya xaricində nəşr olunan yazılara da baxıram. Oralarda da eyni problemdir. Tək ABŞ nəşrləri bütün dünya ilə nəfəs alır. Bəli, ABŞ qəzetlərində Yakutiyada baş vermiş hadisəni ön səhifəyə çıxarmaq olar. Amma digər qəzetlərdə heç də belə deyil. Bizdə məhəlli xarakter daha çoxdur, məhəllə ritmilə yaşayırıq. Amma burada qəribə bir detal var, özü də əsl paradoksdur. Hə, orta statistik azərbaycanlı dünyanı orta statistik ABŞ vətəndaşından daha yaxşı tanıyır. Ən azı hər bir azərbaycanlı ABŞ-ı və ya Kanadanı tanıyır, amma heç də hər amerikalı və ya kanadalı Azərbaycanın harada yerləşdiyini bilmir. Zira buna rəğmən onların siyasi, ictimai və sosial institutları sanki bütün dünyaya, əsl qloballaşmaya hesablanıb. Bəli, bu bir faktdır. Belə faktlar özü də çoxdur. Özü də zaman keçdikcə aramızdakı fərqlər nəinki azalır, hətta əksinə artır.

Rejissor Allahdır, amma aktyorlar ateistdir

Bəli, belə bir məşhur deyim var. Deyirlər ki, teatrda rejissor əsl Allahdır, zira nə edəsən ki, aktyorlar ateistdir. Mən kiçik siyasət haqqında da bunu demək istərdim. Amma deyə bilmirəm, çünki səbəbləri var. Kiçik siyasət bir ölkənin siyasətidir. Təbii, indiki zamanda ən kiçik ölkənin belə siyasəti kiçik olmur, yəni burada bir şərtilik var və bu şərtilik sizləri çaşdırmasın. Onsuz da bizim dediyimiz və ya yazdığımız hər şey qismən də olsa şərtidir, biz mütləq ideal olana iddia edə bilmərik. Alman fəlsəfəsində “dünya iradəsi”, “hakimiyyət iradəsi” kimi məfhumlara çox təsadüf olunur. Indi mən A.Şopenhauerə və ya F.Nitşeyə dərindən varmaq istəmirəm. Heç buna ehtiyac da yoxdur, ona görə ki, fəlsəfə modası artıq bitib. Bir vaxt, fəlsəfə üzümüzə təzəcə peyda olanda, bunlar yaman dəbdə idi. Hamı Şopenhauerdən, Nitşedən danışır, bu yolla özünü intellektual biçimdə təqdim etmək istəyirdi. A.Şopenhauerdən indi bir pessimizm, F.Nitşedən isə nihilizm qalıb, qalan şeylər qeyb olub və unudulub. Hə, mətləbə qayıdım. Bizim siyasətdə iradə çatmır. Nəyisə tam axıra çatdırmaq, nəyisə yekunlaşdırmaq iradəsi yoxdur. Ardıcıllıq məsələsi axsayır, ardıcıllıq azdır. Bəzən deyirlər ki, insanlar, xüsusən də liderlərimiz yorulub. 1993-cü ildən bu tərəfə 18 il keçib. Amma N.Mandela təkcə düz 27 il həbsdə yatmışdı! Onun iradəsini heç kim sındıra bilmədi, yorulmadı, axır ki, özünü və ideyasını təsdiq etdi. Biz həm də bir qədər impulsiv insanlarıq, azacıq fəallıq göstərib, tez də yoruluruq… Həm də mənə elə gəlir ki, siyasət deyilən aləmdə müstəqil rejissura sarıdan kasadlıq var, hazır ssenari ovqatı hiss olunur…

Kiçik sözardı

Siyasətdən yazanda fikirlərimi analizin standart qəliblərinə yerləşdirə bilmir, bir növ çabalayıram. Analitik siyasət əvəzinə kiçik esse yaranır. Hətta mənə belə gəlir ki, hazırda ölkədə sırf politologiyadan daha çox fəlsəfəyə meydan var, baxmayaraq ki, əvvəldə fəlsəfə modası bitib dedim. Bəli, elə özümüz də moda ilə ayaqlaşmayan, köhnə paltarlarını daşımağa məcbur olan insanlara bənzəyirik. Hətta demokratiyadan da fəlsəfi bir giley-güzar dilində yazırıq. Və mənə elə gəlir ki, siyasətdən yazanda daha çox deyinirik. Qocalar kimi…