Dünyanın prinsipial mövqeyi hakimiyyəti bir addım geri çəkilməyə məcbur etdi
Hakimiyyət İşçi Qrupun ad və tərkibində istədiyinə nail olsa da, ölkədə «siyasi məhbus yoxdur» mövqeyində duruş gətirə bilmədi
Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieksin Azərbaycana səfəri ölkədə insan haqları üzrə İşçi Qrupunun bərpa edilməsi ilə eyni zamana təsadüf etdi. Amma İşçi Qrupunun yaradılması ilə bağlı ilkin addımlar artıq bu təsisatın siyasi məhbus probleminin həllində ciddi uğur qazana biləcəyini şübhə altına qoyur. Birinci məqam İşçi Qrupunun yaradılmasının elan edilməsinin və onun tərkibinin müəyyənləşdirilməsinin məhz Milli Məclisdə baş tutmasıdır. Digər bir məqam isə İşçi Qrupunun tərkibinə təklif edilən bəzi müstəqil şəxslərin quruma salınmamasıdır. Belə ki, dəvətlilər arasında araşdırmaçı jurnalist Xədicə İsmayıl da var. Ancaq İşçi Qrupunun yaradılması ilə bağlı Milli Məclisdəki tədbirə onu buraxmayıblar.
Adı İnsan Haqları üzrə İşçi Qrupu adlandırılsa da, əslində belə bir qurumun yaradılması Azərbaycan hakimiyyətinin ölkədə siyasi məhbus probleminin mövcudluğunun etirafı sayıla bilər. İ.Əliyevin AŞ PA-da son çıxışı zamanı qurum rəhbərliyi ilə müzakirə etdiyi məsələlərdən biri də məhz İşçi Qrupunun fəaliyyətinin bərpası idi. Bu müzakirələr yayda olsa da hakimiyyət AŞ-nın tələbinin icrası istiqamətində tələsmirdi. Amma iqtidara qarşı son basqılar, Avropa Parlamentinin sərt qətnaməsi, ABŞ-ın mövqeyi iqtidarı geri çəkilməyə vadar etdi. Amma hakimiyyət ondan istəniləni özünə məxsus formada həyata keçirdi.
Bəs, İşçi Qrupunun gələcəkdə siyasi məhbus probleminin həlli ilə bağlı nailiyyətlər əldə edəcəyinə ümidlər varmı?
Qrupun tərkibində kimlər var?
Dünən parlamentdə hakimiyyət və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən İşçi Qrupun iclasında təşkilatın heyəti də məlum olub. İclas iştirakçısı, Helsinki Vətəndaş Assambleyasının rəhbəri Arzu Abdullayevanın Turan-a verdiyi məlumata görə, qrupun geniş kontekstdə insan hüquqları məsələləri ilə – təkcə siyasi məhbusların işləri ilə deyil, bütünlükdə digər məhkumların işləri, insan hüquqları problemləri ilə məşğul olacaq.
Qrupun tərkibinə isə bu şəxslər daxildir – İşçi Qrupun həmsədrləri Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş üzrə şöbə müdiri Fuad Ələsgərov və Parlamentin beynəlxalq münasibətlər komitəsinin rəhbəri Səməd Seyidov seçilib. Hüquq müdafiəçisi Novella Cəfəroğlu da həmsədr kimi irəli sürülüb, amma öz namizədliyinə etiraz edib.
Vətəndaş cəmiyyətindən işçi qrupuna Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Eldar Zeynalov, Zalihə Tahirova, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Çingiz Qənizadə və Əli Hüseynli (sonuncu ikisi deputatdır) daxil olub.
Vətəndaş fəalları həmçinin Mehman Əliyevin, Əvəz Həsənovun və Eldar Namazovun qrupa daxil edilməsini təklif ediblər. Bu təklifə növbəti iclasda baxılacaq.
Bundan başqa, qrupa İlqar Cəfərov (Baş Prokurorluqdan), Çingiz Əsgərov (Prezident Administrasiyasının sektor müdiri və Azərbaycanın Strasburq Məhkəməsində səlahiyyətli nümayəndəsi), Rəfael Qvaladze (Konstitusiya Məhkəməsinin hakimi) daxil edilib.
İşçi qrupun katibləri Sahib Məmmədov, Səadət Bənənyarlı və Kəmalə İsmayıllı (komissiyanın əvf məsələləri üzrə katibi) seçilib. Beləliklə, İşçi Qrupda mütəq əksəriyyəti əvvəlki kimi hakimiyyət nümayəndələri və hökumətyönlü xadimlər təşkil edir.
Vidadi Mirkamal: «Məsələnin bu formada qoyulması siyasi məhbus probleminin daha da uzanmasına səbəb ola bilər»
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal bildirdi ki, Azərbaycan beynəlxalq təsisastlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Azərbaycandan hazırda siyasi məhbus probleminin həllinin ciddi şəkildə istənildiyini deyən V.Mirkamal vurğuladı ki, amma Azərbaycanda siyasi məhbus probleminin həlli siyasi hakimiyyətdən asılıdır: «Əgər dövlət lazım bilsəydi nə bu şəxsləri tutmazdı, nə də onları indiyə qədər içəridə saxlamazdı. Əgər siyasi məhbus probleminin həlli yenidən dövlət orqanlarının üzərinə qayıdıb gəlirsə, deməli o həllini tapmayacaq. Bu məsələ dövlət orqanlarının uzun labirintlərində daha da uzanacaq. Əslinə qalanda daha ideal variant bu olardı ki, vətəndaş cəmiyyətinin, tanınmış hüquq müdafiəçilərinin, eyni zamanda dövlət xadimlərinin də təmsil olunduğu bir qrup yaradılsın. Və bu qrup müəyyən bir irəliləyişə nail ola bilərdi. Müzakirə aparıla bilərdi ki, siyasi məhbus probleminin həll olunmaması dövlətin imicinə zərbədir və Azərbaycana yaxşı heç nə vəd etmir. Ona görə də məsələnin hazırkı formada qoyulması siyasi məhbus probleminin daha da uzanmasına səbəb ola bilər və onun həllinə təsir edə bilməz».
Mirvari Qəhrəmanlı: «İşçi Qrupu daha çox insan haqları problemləri ilə məşğul olacaq»
İşçi Qrupunun tərkibinə daxil olan hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, cəmiyyəti düşündürən problemləri həll etmək üçün bir təşkilatın mövcudluğu, onun heç olmamasından daha məqbuldur. İşçi Qrupunun daha çox insan haqları problemləri ilə məşğul olacağını deyən M.Qəhrəmanlı bildirdi ki, hələlik İşçi Qrupunun hansı istiqamətlər üzrə fəaliyyət göstərəcəyinin metodologiyası hazırlanır. Təşkilatın növbəti iclaslarında isə konkret fəaliyyət istiqamətləri müəyyən ediləcək. Bundan başqa İşçi Qrupunun tərkibinə növbəti mərhələdə vətəndaş cəmiyyətinin daha bir neçə təmsilçisi daxil ola biləcək.
Arzu Abdullayeva: «İşçi Qrupu üzərinə düşən missiyanın öhdəsindən gələ biləcək»
İşçi Qrupunun tərkibinə daxil olan başqa bir hüquq müdafiəçisi Arzu Abdullayevanın fikrincə, növbəti İşçi Qrupu üzərinə düşən missiyanın öhdəsindən gələ biləcək. Ötən İşçi Qrupunun ölkədə siyasi məhbus probleminin həlli istiqamətində bir sıra uğurlara imza atdığını deyən A.Abdullayeva bildirdi ki, Herkel də daim işləyən İşçi Qrupunun olmasının vacibliyini vurğulayıb: «Ötən İşçi Qrupunun fəaliyyəti nəticəsində 175 nəfər azadlığa çıxıb. Biz hər hansı siyasi məhbusu müzakirə edəndə gərək müvafiq dövlət orqanları ilə əlaqə saxlayaq. Biz isə onları tapa bilmədiyimizdən köməklik edə bilmirik. Amma İşçi Qrupunun tərkibində dövlət təmsilçiləri ilə daim görüşən zaman biz ortaya çıxan problemləri həll edə bilərik».
«İşçi Qrupuna vəkillər də daxil edilməlidir»
«İşçi qrupuna vəkillər də daxil edilməlidir». Bu ideya ilə Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri, vəkil Əsabəli Mustafayev çıxış edib. O, həmkarlarını Avropa Şurası rəhbərliyinə kollektiv məktubla müraciət etməyə çağırıb. Vəkillərin maraqlı tərəflər olması barədə mümkün əks-dəlillərə gəlincə, Ə.Mustafayev vəkillərin AŞ eksperti qismində dəvət olunmasını təklif edib.
Ə.Mustafayev İşçi Qrupuna özünün, həmçinin Xalıq Bağırov, Nemət Kərimli və Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri Ənnağı Hacıbəylinin namizədliyini irəli sürüb.
N.Kərimli bu ideyanı dəstəkləyib. O qeyd edib ki, İşçi Qrupunda vəkillər mütləq olmalıdır. O, qrupda iştiraka hazıdır, lakin hər şey İşçi Qrupunun formatından aslı olacaq. “Əgər qrupda əksəriyyət hökumətyönlü şəxslər olacaqsa, bir və ya bir neçə vəkilin iştirakının mənası yoxdur”, – N.Kərimli bildirib.
X.Bağırov hesab edir ki, əgər İşçi Qrupu yaradılırsa, o zaman qrup siyasi məhbusları müdafiə edən vəkillərlə əməkdaşlıq etməlidir.
“Vəkillər maraqlı tərəflər adlandırıla bilər. Lakin əgər İşçi Qrupu siyasi məhbusların işlərini araşdırırsa vəkilləri də dinləməli, onlara suallar verməlidir”, – X.Bağırov vurğulayıb.
Ə.Hacıbəyli hesab edir ki, işçi qrupunda iştirak mənasızdır. “Öz bəyanatları ilə siyasi məhbusların azadlığına əngəl törədən adamlarla birlikdə işləməyin mənası yoxdur”, – o qeyd edib.
Xəyal