Hakimiyyətin qərbi azərbaycanlılar qorxusu?

Əli Həsənovun isterik bəyanatlarının arxasında nə dayanır?

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) ilə Qərbi Azərbaycanlıların Deportasiya Qurbanları Mərkəzi arasında qalmaqal davam edir.
Qalmaqalın səbəbi bir neçə gün əvvəl Mərkəzin üzvü olan tanınmış ictimai-siyasi xadimlər Eldar Namazvola Firudin Cəlilovun Ermənistandan deportasiya olunmuş 220 minədək soydaşımızın sənədlərinin məhv olunması barədə açıqlaması oldu. Eldar Namazovla Firudin Cəlilovun bu açıqlamasına “Qaçqınkom”un sədri Əli Həsənov çox sərt cavab verdi. O, məsələyə aydınlıq gətirmək əvəzinə adıçəkilən şəxslər barədə MTN və DIN-ə müraciət edəcəyini bildirdi. Eldar Namazovla Firudin Cəlilovu dövlət çevrilişinə cəhddə ittiham etdi.
Əli Həsənovun sözügedən məsələyə bu sayaq reaksiyası təbii olaraq təəccüblə qarşılandı.
Eldar Namazovla Firudin Cəlilovun toxunduğu məsələ Azərbaycan üçün kifayət qədər ciddi əhəmiyyət daşıyır. Bu sənədlər soydaşlarımızın Ermənistandan deportasiya olunduğunu beynəlxalq aləm qarşısında sübut etmək üçün vacibdir. Əgər sənədlər məhv edilibsə, Əli Həsənov bunun hansı zərurətdən baş verdiyini izah etməli, yox, məhv edilməyibsə, normal şəkildə iddianın əsassız olduğunu isbat etməliydi. Amma “Qaçqınkom”un sədri məsələyə tamamilə dəxli olmayan fikirlər səsləndirdi. Əslində Əli Həsənovun Eldar Namazovla Firudin Cəlilovun açıqlamasına isterik cavab verməsi səbəbsiz deyil.
Bəllidir ki, Heydər Əliyevin hakimiyyəti dövründə iqtidarda iki böyük qruplaşma var idi: Naxçıvan və Qərbi Azərbaycan qruplaşmaları. 2003-cü ildə Ilham Əliyev atasını əvəz  etdikdən sonra Qərbi Azərbaycan qruplaşması sıxışdırılmağa başladı. Bu proses 2005-ci ildə sabiq səhiyyə naziri, Qərbi Azərbaycan qruplaşmasının rəhbərlərindən sayılan Əli Insanovun həbsi pik həddə çatdı. Əli Insanovun həbsindən sonra Qərbi Azərbaycan qruplaşması xeyli zəif duruma düşdü. Sabiq spiker Murtuz Ələsgərovun timsalında bu regiondan olan bir sıra nüfuzlu məmurlar “vuruldu”. Hakim Yeni Azərbaycan Partiyasında da eyni proses baş verdi. Lakin Qərbi Azərbaycanlıları hakimiyyətdən tamamilə incik salmamaq üçün  spiker Oqtay Əsədov, təhsil naziri Misir Mərdanov, BDU-nun rektoru Abel Məhərrəmov kimi iddiasız, sözəbaxan Qərbi azərbaycanlılar irəli çəkildi.
Görünür, bu regiondan olan Eldar Namazov, sabiq baş prokuror Əli Ömərov, Firudin Cəlilov, “Ağrıdağ” cəmiyyətinin sədri Nurəddin Mustafayev kimi bir sıra tanınmış ictimai-siyasi xadimlərin təşkilat yaratması, hakimiyyətdə qərbi azərbaycanlıların toparlanması anlamına gəlib. Və bu baxımdan iqtidar ideoloqları təşvişə düşüblər. Ona görə də Əli Həsənov bu adamları MTN və DIN-lə hədələməklə qərbi azərbaycanlıların hərəkətə keçməsinin qarşısını almağa çalışır.
Yaxud da ola bilər ki, Eldar Namazovla Firudin Cəlilovun məlum açıqlaması hədəfə dəyib. Yəni, doğrudan da Ermənistandan deportasiya olunan 220 minədək soydaşımızın sənədləri məhv edilib. Əli Həsənov da ifşa olunduğundan isterik bəyanatlar verməklə diqqəti məsələdən yayındırmaq istəyir.

Vidadi