“Bizim missiyamız var, vətənimizi demokratik ölkəyə çevirəcəyik”

Qadınlar Əliyev rejiminə qarşı ayağa qalxdı

Cabbar Cavalanlının anası: «Mən əvvəl evdar qadın idim, amma baş verən haqsızlıqları görəndən sonra sizə qoşuluram…»

Ictimai Palatanın Qadınlar Şurasının təşkilatçılığıyla “Qadınlar və demokratiya” mövzusunda forum keçirildi. Şuranın sədri Gözəl Bayramlı bildirdi ki, forumun məqsədi xanımların fəallığının, demokratik proseslərdə iştirakının vacibliyini müzakirə etməkdir.

“Qadınlar Şurasının uğurlarına inanırıq”


Müsavat başqanı Isa Qəmbər forumdakı çıxışında bildirdi ki, hazırda azadlıqlar ideoloji məqsəd, dəyər olmaqla yanaşı, həm də praqmatiq marağa çevrilib: “Dünya firavan yaşamaq istəyirsə, azadlıqlara sahib olmalıdır. Bütün dünyada demokratikləşmə prosesi gedir. Bu prosesi az itki ilə başa vurmaq üçün xalqlar mübarizənin önündə olmalıdır”.
Azərbaycanda neçə illərdir demokratiya uğrunda mübarizə getdiyini deyən Müsavat başqanı Ictimai Palatanın yaradılmasını bu istiqamətdə mühüm addım kimi qiymətləndirib: “Dünyada böyük dəyişikliklər başlamamışdan əvvəl biz Ictimai Palatanı yaratdıq. Bu bir daha göstərir ki, biz istiqaməti düzgün müəyyənləşdirmişik”.
Isa Qəmbər demokratikləşmə prosesində xanımların fəal iştirakına önəm verdiklərini qeyd edərək, Ictimai Palatanın bir neçə istiqamətdə fəaliyyət göstərdiyini və bütün istiqamətlərdə də qadınların fəallığının vacibliyini vurğuladı. Müsavat başqanının sözlərinə görə, hazırda Ictimai Palatanın 44 xanım üzvü var və bu sayın artması arzuolunandır.
“Azərbaycan xanımları hər zaman müasir, dünyanın gedişini dərk edən xanımlar olublar. Bu baxımdan biz Qadınlar Şurasının uğurlarına inanırıq”, – deyə Isa Qəmbər əlavə edib.

“Diktatorların ən qəddarı, ən pullusu da məğlubiyyətə məhkumdur”


AXCP sədri Əli Kərimli hesab edir ki, qadınların kütləvi şəkildə bu foruma qatılması hökumətin repressiya dalğasının Ictimai Palatanın fəaliyyətinə heç bir təsiri olmadığını bir daha sübut edir. Ölkədə köklü dəyişikliklərin baş verməsi üçün daha kütləvi mübarizənin təşkilinə ehtiyac duyulduğunu deyən AXCP sədri demokratikləşmə prosesində bütövlükdə xalqın iştirakının vacibliyini vurğuladı: “Biz xalqımızla açıq danışmalıyıq. Açıq şəkildə cəmiyyətə deməliyik ki, demokratiya, azadlıq hər bir xalq üçün önəmlidir. Bu dəyərləri əldə etmək üçünsə, xalq özü prosesə qoşulmalıdır, fədakarlıq nümayiş etdirməlidir.
Əvvəl müəyyən tərəddüdlər var idi. Deyirdilər ki, dünya spiralvari inkişaf edir. Ancaq dünyanın mütərəqqi alimləri bu qənaətə gəliblər ki, tarixi proses sadədən mürəkkəbə doğru gedir. Bu gün ərəb ölkələrində baş verən hadisələr bəşəriyyətin inkişafının yeni dalğasıdır. Bu proseslər göstərdi ki, diktatorların ən qəddarı da, ən çox pulu olanı da məğlub olmağa məhkumdur. Demokratiyanın alternativi yoxdur. Onu ölkəyə tez gətirməliyik ki, hər gün minlərlə insanın hüquqları pozulmasın”.
Azərbaycan hökumətinin öz davranışları sayəsində beynəlxalq sanksiyaların bir addımlığına gəlib çatdığını deyən Əli Kərimlinin sözlərinə görə, Əliyev rejimi Belarus olmağa doğru gedir: “Ancaq mən bu hakimiyyətə bunu məsləhət görmürəm…”
AXCP sədri onu da qeyd etdi ki, ölkənin demokratikləşməsi üçün getdikləri bu yolda xanımların qətiyyətli olması çox vacibdir. Ictimai Palatanın Qadınlar Şurasının üzvlərinə nümayiş etdirdikləri vətəndaş mövqeyinə görə minnətdarlıq edən Əli Kərimli birgə mübarizənin tezliklə nəticə verəcəyinə inamını ifadə etdi: “Sizin simanızda Azərbaycan qadınına öz minnətdarlığımı bildirirəm. Sizi təkcə indi yox, 1988-ci ildən çiyin-çiyinə görürük. Siz 23 ildir ki, meydanlardasınız. Azərbaycanda yetişən bu yeni mərhələdə digər xanımlar da sizin sıranıza qoşulacaqlar. Bizim birgə mübarizəmiz inşallah Azərbaycanı xilas edəcək”.

“Biz ədalət istəyirik!”

Ictimai Palatanın Koordinasiya Şurasının üzvü, publisist Mehriban Vəzir Qadınlar Şurasının yaranmasına əsas səbəbkarı, AXCP sədrinin müavini Gözəl Bayramlıya təşəkkürünü bildirdi: “Qadınlar nə istəyir? Sadəcə, ədalət istəyirik. Bizim missiyamız var. Vətənimiz dardadır. Varımızı, dövlətimizi daşıyırlar. Övladlarımızın gələcəyi sual altındadır. Bu vəziyyətdə bircə çıxış yolu var – mübarizə. Biz bu missiyanı yerinə yetirməliyik. Ölkəmizi bu quyunun dibindən çıxarmalıyıq. Əminəm ki, bunu bacaracağıq, bu yükü daşıyacayıq. Vətənimizi demokratik bir ölkəyə çevirəcəyik”.

“Güclü kişinin arxasında mütləq güclü qadın dayanır”


Yazıçı Zümrüd Yağmur bildirdi ki, qadınların iştirakçısı olduğu proseslərə cəmiyyət həssas münasibət göstərir. Məsələn, cəmiyyətdə bir qadına qarşı olan zorakılığın səs-küyü yüzlərlə kişinin həbsindən daha artıq olur.
“Buna görə də qadınların diktatura ilə mübarizəyə qoşulması vacib məsələdir. Hər bir güclü kişinin arxasında güclü bir qadın dayanır. Qadının olduğu yerdə hər zaman birlik var. Azərbaycan kişisinin xanımı yanında getməsə də, bilməlidir ki, evində onu dəstəkləyən qadın var”, – deyə Zümrüd Yağmur qeyd etdi.
“Azad Gənclik” təşkilatının təsisçisi Nərmin Həsənli isə hesab edir ki, Azərbaycanda təkcə qadınlar deyil, bütövlükdə toplumun siyasiləşməsi vacibdir.

“Allah bu haqsızlığı götürməyəcək”

AXCP Gənclər Komitəsinin üzvü, siyasi məhbus Cabbar Savalanlının anası Təravət Əliyeva da dünənki forumda mübariz qadınlar sırasına qoşulduğunu bəyan etdi: “Mən əvvəl evdar qadın idim. Cabbardan sonra mən də sizə qoşuluram. Bundan sonra siz hara, mən də ora. Oğlum tutulandan sonra mən çox vaxt ağlayırdım. Ancaq məhkəmə Cabbara həbs cəzası verəndə sanki mənə güc gəldi. Allah bu haqsızlığı götürməz. Gezi-tezi var…”
Təravət xanımın çıxışı alqışlarla qarşılandı.

“Mən dünyaya qul yox, oğul gətirmişəm və buna görə fəxr edirəm”

2 aprel mitinqinə görə həbs olunan Müsavat partiyası Gənclər Komitəsinin sədri Tural Abbaslının anası Başxanım Abbaslı da çıxışında belə bir oğul tərbiyə etdiyinə görə qürur duyduğunu dedi: “Mən dünyaya qul gətirməmişəm, oğul gətirmişəm. Buna görə də fəxr edirəm!”
Daha sonra Ictimai Palatanın üzvlərindən Şəhla Hacıyeva, Vəfa Cümşüdlü, Yeganə Hacıyeva, Yeganə Əmiraslanova, Sevinc Hüseynova, Nüşabə Sadıqlı, Səadət Cahangir və digər xanımlar çıxış etdilər.

***

Forumda İctimai Palatanın Qadınlar Şurasının adından son aksiyalarda aparılan həbslərlə bağlı bəyanat da qəbul olundu. Bəyanatda deyilir:

Məlum olduğu kimi, bu ilin əvvəlindən Azərbaycanda başlanan etiraz aksiyaları  hakimiyyət dairələrinin böyük təşvişinə səbəb olub. Fəal gənclərin ölkədəki özbaşınalığa və hüquqsuzluğa qarşı etiraz çağırışlarını susdurmaq üçün tətbiq olunan polis zorakılığı görünməmiş həddə çatıb. Saxta ittihamla həbs olunan siyasi fəalların sayı bu gün də artmaqda davam edir. Dinc aksiyalarda aparılan həbslərdən sonra onlarla fəala cinayət işi açılıb. Ölkədə siyasi məhbusların siyahısına yeni adlar əlavə olunub və bu proses davam etməkdədir.

Təəssüf doğuran hal odur ki, ilin əvvəlindən gənclərə qarşı başlanan repressiya dalğası dayanmaq bilmir. İki gün əvvəl Cabbar Savalan, Bəxtiyar Hacıyev, Tural Abbaslı, Əhəd Məmmədli və Rüfət Hacıbəylinin adının yer  aldığı siyahıya AXCP Gənclər Komitəsinin fəallarından Elnur Məcidlinin də adı əlavə olundu. Bu gün isə baş verən həbslərə etiraz edən gənclərdən daha üç nəfər- Əhliman Abbasov, Tural Hacıbəyli və Ayxan Hacıbəyli polis tərəfindən saxlanılıb. Aydındır ki, bütün bu addımlar ölkədə siyasi dəyişikliklər istəyən insanların gözünü qorxutmaq, ilin əvvəlindən cəmiyyətdə müşahidə olunan canlanmanın qarşısını almaqdır.

İctimai Palatanın “Qadınlar demokratiya uğrunda” forumunun iştirakçıları dinc şəkildə demokratiya və azadlıq arzularını  ifadə etmək istəyən insanlara qarşı belə repressiv addımları qətiyyətlə pisləyir və bunu ölkədə söz və sərbəst toplaşmaq azadlığının ciddi pozulması kimi qiymətləndirir. Forum eyni zamanda qeyri-qanuni həbs olunan şəxslərin dərhal sərbəst buraxılmasını, insanlara qarşı zorakı addımlara son qoyulmasını tələb edir.

Elmin Həsənli