Cahandar ağanı da Avropa dəyərlərimi yoldan çıxarmışdı?

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com

Azərbaycan kəndlərindən birində iki uşaq anası olan gəlin qonşu kişiyə qoşulub qaçıb. Hadisənin detalları önəmli deyil, mənə daha çox həmin kənd sakinlərinin olaya reaksiyası maraqlı gəldi. Belə başa düşdüm, camaat daha çox ona görə qəzəblidir ki, bu niyə məhz onların kəndində baş verib. Tipik azərbaycanlı yanaşmasıdır: kənd, məhəllə, qəsəbə sevgisi hər şeydən öndə gəlir. Ölkənin taleyi ilə bağlı məsələlərə münasibətdə də yanaşma eynidir: “Məndən uzaq olsun, istəyir Misirə sultan olsun”, “mənə toxunmayan ilanı min yaşasın” və s.

Indi hadisə onların kəndində baş verib deyə qəzəblənən sakinlər əmin olun, bu olay başqa bir kənddə baş versə, ekranın qarşısını kəsdirib böyük bir zövqlə bu haqda reportaja baxacaq, arabir əllərini havaya açıb öz kəndlərini belə biabırçılıqdan uzaq eləməsi üçün allah-təalaya yalvaracaqdılar. 

Bizi zamandan geri salan həm də bu məhəlli düşüncəsidir, hər hansı hadisəyə dar, öz kəndimiz, öz küçəmiz, öz məhəlləmiz aspektindən yanaşmağımızdır. Səməd Vurğun tənqid olunur – qazaxlılar əl-ayağa düşür, amma məsələn, Nizami fars şairi elan ediləndə danışan bir qazaxlı görmüsünüzmüy heç? Şuşanın işğal günündə ancaq şuşalılar danışır, Ağdamın işğal günündə hansısa gəncəlini, şəkilini danışdırmaq heç kimin ağlına gəlmir. Guya Şuşa ancaq şuşalıların ağrısıdır, Ağdam ancaq ağdamlıların dərdidir. 

Mən azərbaycanlıların dilindən “ümummilli dərd” sözlərini eşidəndə yalnız gülmək istəyirəm. Hansı “ümummilli dərd?” Hərə öz rayonunun, kəndinin, məhəlləsinin… adını uca tutmaqla, onun şərəfini qorumaqla mükəlləf hesab edir. Tovuzda neft yoxdursa, kimə lazımdır neft pullarını necə yeyib-dağıdırlar? Ağcabədidə qaz yatağı yoxdursa, o qazı kim çıxarır, kim satır, kim alır, cəhənnəmə ki!

“Rayonumuzun başının ucalığı”, “kəndimizin fəxri” – azərbaycanlıların leksikonundan düşməyən belə söz birləşmələri 21-ci əsr üçün rəzalətdir, utancvericidir. Hər olaya yalnız öz kəndi, öz şəhəri, öz rayonu, öz qəsəbəsi, öz küçəsi, öz tayfası, nəsli prizmasından baxmaq, yanaşmaq – günümüzdə belə təfəkkürlə yaşamaq faciələrin ən böyüyüdür. Elə ona görə də Azərbaycana sahiblənmək, Azərbaycanı ayıblardan təmizləmək, onu gəlişmiş bir dünya ölkəsinə çevirmək arzuları elə arzu olaraq da qalır.

Ən pisi isə – gücünü tayfabazlıqdan və yerlibazlıqdan alan hakim güc, idarəetmə tərzi və təfəkkürü meydana çıxır. 

Və sonda:

Sosial şəbəkələrdə gəlinin qonşu kişiyə qoşulub qaçma xəbərinə münasibətlər sırasında ən çox bu hadisəni “Avropa əxlaqı”nın üzərinə yıxmaq cəhdlərini sezdim. Gülməlidir. 

Niyə?

Bir: “Sənin ərin ölsün, mənim arvadım, ikimiz də qalaq yaslı-yaralı” – bu misraları avropalı şair yazmayıb, üstəlik, bu misralar yazılanda Azərbaycanda üç-beş oxumuş adam istisna olmaqla Avropa adlı bir coğrafiyadan yəqin heç kimin xəbəri yox idi.

Iki: Azərbaycanlıların əksəriyyətinin “kişilik simvolu” hesab etdiyi Cahandar ağa da məhz kəndlisinin arvadını qaçırmışdı, özü də təkcə Ismayıl Şıxlının məşhur romanında yox, elə həyatda da. Cahandar ağanıdamı Avropa dəyərləri yoldan çıxarmışdı?!

Ümumiyyətlə, Avropa dəyərlərini yeri gəldi-gəlmədi baltalayıb, hər pis olayda az qala suç keçisi kimi göstərmək gerizəkalılıq əlamətidir. 

Gədə, mən qurban olum qaşları kaman bacına,

Belə bir şux baxan kirpiyi peykan bacına,

Məməsi misli-şəkkər, gözləri ceyran bacına,

Dişi dür, ağzı sədəf, ləbləri mərcan bacına,

Məst damənkəşü xandənü xuraman bacına, – 

bu misraları üç əsr əvvəl bizim Vaqif yazıb, indi onunla üç aşağı, beş yuxarı eyni çağlarda yaşamış Bayronun da belə “milli-mənəvi dəyərlərdən” bəslənən misralarını tapıb göndərin, oxuyub feyziyab olaq.