Hökumətin son addımının pərdəarxası

Qrantları nəzarətə götürmək, ölkəyə giriş-çıxışı məhdudlaşdırmaq, konsulluqlara tapşırıq vermək nəyə hesablanıb?

Razi Nurullayev: «Hakimiyyətin əsas narahatlığı xarici gələn qrantlar dayandıqdan sonra onların mühacirətdə yaşayan azərbaycanlılara yönələ biləcəyilə bağlıdır»

Azərbaycan hakimiyyəti Qərbin demokratiya tələbləri qarşısında vətəndaş cəmiyyətinə qarşı təpkiləri daha da gücləndirməkdədir. Milli Məclis oktyabrın 17-də qrant və QHT-lərə dair qanunlara dəyişiklik etməsi bunu deməyə əsas verir. Qanuna edilən son dəyişikliklərə görə, Azərbaycandakı QHT-lərə qrant vermək istəyən xarici donor Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. Başqa sözlə, bundan sonra Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı ilə saziş olmasa, xarici donor qrant ayıra bilməz.

Qrant və ianələrin məbləği barədə məlumat da verilməlidir. Əks halda, qrantla bağlı bank əməliyyatları qadağan edilir.

Bundan başqa xarici ölkə vətəndaşlarının da ölkəyə giriş-çıxışına məhdudiyyət qoyulub. Bundan başqa Azərbaycanın xarici ölkələrdəki konsulluqlarına göstəriş verilib ki, həmin ölkədə yaşayan azərbaycanlıların fəaliyyəti ilə bağlı məlumat toplasınlar. Bütün bu addımlar hazırda demokratik düşərgəyə qarşı yönəldilən hücumların fonunda təsadüfi deyil. Bəs son addımlar, qanunvericilik dəyişiklikləri nəyə hesablanıb?

AXCP sədrinin müavini Razi Nurullayev hesab edir ki, «Qrant haqqında» qanuna dəyişikliklərin edilməsi Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılmasına yönəlib. R.Nurullayevin fikrincə, son dəyişikliklərdən sonra yerli QHT-lərin xaricdən qrant almasına qadağa qoyulur: «Bununla da hakimiyyət vətəndaş cəmiyyətinin hələ də fəaliyyət göstərə bilən mühüm QHT-lərinin fəaliyyətini tam formada dayandıracaq. Müstəqil QHT-lərin daxildə verilən qrantlarla isə fəaliyyəti mümkünsüz olacaq. Çünki Azərbaycan hakimiyyətinin verdiyi qrantlarla iqtidarın tənqid olunması mümkünsüzdür. Amma QHT-nin fəlsəfəsi ondan ibarətdir ki, O cəmiyyətdəki problemləri görür və onlardan çıxış yollarının nədən ibarət olduğunu hakimiyyətə göstərir. QHT-nin fəlsəfəsində hakimiyyəti tərifləmək yoxdur».

R.Nurullayev hakimiyyətin son qanun dəyişiklikləri ilə qarşısına qoyduğu bir sıra məqamlara da aydınlıq gətirib. Xaricdən qrant alan QHT-lərin yalnız müstəqil təşkilatlar olmadığını xatırladan R.Nurullayev bildirdi ki, dövlət strukturları da xaricdən kifayət qədər ciddi qrantlar alırlar. Amma hakimiyyətin əsas narahatlığı xaricdən gələn qrantlar dayandırıldıqdan sonra onların mühacirətdə yaşayan azərbaycanlılara yönələ biləcəyi ilə bağlıdır. Ona görə hakimiyyət belə bir tendensiyanın da qarşısını almaq üçün xaricdə yaşayan soydaşlarımızın hansı fəaliyyətlə məşğul olduqlarını öyrənməyə çalışır: «Hakimiyyət belə düşünür ki, xaricdən gələn qrantlar yerli QHT-lər üçün dayandıqdan sonra bu layihələr xaricdə yaşayan soydaşlarımıza yönələ bilər. Ona görə də hakimiyyət bu istiqamətdə də əngəllərin yaradılmasına çalışır və konsullara verilən tapşırıq da bu məqsədlədir. Qanun bu şəkildə dəyişdirilməsi Azərbaycanın beynəlxalq imicinə böyük zərbə olacaq. Bu Azərbaycan üçün gələcəkdə ciddi baş ağrısına çevriləcək. Çünki beynəlxalq təşkilatların qanunun bu formada qəbuluna göz yummaq niyyətində deyillər».

Xəyal