Milli Məclis “QHT-lər haqqında” qanuna dəyişikliklər edəndə deputatlar ağız-ağıza verib xeyli söz dedilər. Ən maraqlı çıxışı isə vitse-spiker, YAP Idarə Heyətinin üzvü, dalbadal mandat sahibi Bahar Muradova etdi. Dedi ki, əgər kimsə bizim QHT Şurasının verdiyi qrantı almağı özünə əskiklik sayıb, gedib xaricdən qrant alacaqsa, biz onların obyektiv qiymətini verməliyik: “Hesab edirəm ki, bu dəyişikliklər çox ciddi, qarşımıza qoyduğumuz hədəflərə çatmaq üçün rahat mexanizm yaradan bir yoldur. Kim dünyada şəffaflığın tərəfdarıdırsa, bu şərtlərlə bizimlə işləmək istəyirsə, işləsin. Yox, şərtləri qəbul etmirlərsə, harda qəbul edirlərsə, oraya getsinlər. Onların burdakı havadarları, agentləri istəyərlərsə, bu şərtlərlə işləyərlər, istəməzlərsə, havadarlarının yanına gedərlər. Onun üçün də qapılar açıqdı”.
Bəli, Bahar xanım məhz belə də dedi: “Kim istəmir, getsin havadarlarının yanına”.
Bilmirəm, diqqətinizi çəkib, ya yox, Milli Məclisdə təmsil olunan qadınların əksəriyyəti yalnız bahalı geyimləri, maşınları və imkanları ilə digər həmcinslərindən fərqlənirlər. Məsələn, 3 universitet diplomuna sahib olan Bahar Muradova ilə Füzulinin Yağlıvənd kəndində yaşayan hansısa evdar qadının düşüncəsi arasında az fərq var. Tutaq ki, o xanımın fikrincə, ər adamı döyər də, sevər də. Ona qarşı çıxmaq olmaz. Bahar xanımın düşünsəsinə görəsə, hakimiyyətə qarşı söz demək olmaz, o, səni söyər də, döyər də, lazım bilsə, ulaq əvəzinə minər də, amma sən bunu kiməsə desən, olarsan pis adam. O əyalət qadınına görə, ər şiddəti nə qədər ailədaxili məsələsidirsə, insan haqları məsələsi də Bahar Muradova üçün o qədər daxili işdir.
Görünən budur ki, dəfələrlə mandat qazanmasına, hətta vitse-spiker postuna yiyələnməsinə baxmayaraq, Bahar xanım insan haqları probleminin ölkədaxili məsələ, demokratiyanın bir nəfərin havası olmadığını öyrənməyib.
Bilsəydi, düşünməzdi ki, milli fondlarla işləməyənlər agent deyil. Sadəcə milli fondlar hakimiyyətdəkilərin fəaliyyətini araşdıran, tənqid edən layihələrə pul ayırmır. Onlara “hər şey gözəldir” deyənlər lazımdır. Bu isə demokratiya deyil. Demokratiya orkestrdi və burada bütün səslər eşidilməlidir. Demokratik ölkələrdə heç kim əqidəsinə, işinə, hakimiyyətə münasibətinə görə gözümçıxdıya salınmır, beynəlxalq təşkilatlara “ya bizimlə işlə, ya qəbul edilmirsən” deyilmir, iqtidarı sevməyənə “agent”, “satqın” damğası vurub qapını göstərmirlər.
Bəli, çox təəssüf ki, bütün imkanlarına və statuslarına rəğmən Bahar Muradova bu dəyərləri, standartları mənimsəyə bilməyib. Ən əsası da onu öyrənməyib ki, bu dövləti onun atası Əvəz kişi qurmayıb və o, kiməsə qapını göstərib “get” deyə bilməz!