Bank sirrlərinin götürülməsi korrupsiya ilə milyardlar qazananların ifşası ilə nəticələnəcək
Məhəmməd Talıblı: «Dəyişikliklərdən sonra büdcədən mənimsənilən vəsaitlər artıq Avropa banklarına yatırıla bilməz»
Avropa Birliyi (AB) maliyyə nazirlərinin görüşünün yekunları üzrə tənzimləyici orqanların rəhbərləri bank sirrindən imtinanın həyata keçirilməsi üçün müddətlə bağlı razılığa gəliblər. Bu razılaşma əslində bir sıra istiqamətlərdə dəyişiklik vəd edir. Birlik üzv ölkələrin 2017-ci ilədək qanunvericilikdə lazımi dəyişikliklər edəcəyi gözlənilir. Həmçinin illik analoji qanunvericilik normaları sonradan Isveçrədə də tətbiq olunacaq.
Yeni qaydalara əsasən, sazişi imzalayan tərəflər maliyyə informasiyası, o cümlədən fiziki şəxslərin bank hesabları haqqında qarşılıqlı məlumat mübadiləsi həyata keçirəcəklər. Nəzərdə tutulur ki, bu qanunvericilik normaları vergi yığımlarının ödənişindən yayınma və vəsaitlərin qanuniləşdirilməsi hallarının aşkar olunmasına xidmət edəcək.
Maraqlıdır ki, beynəlxalq mətbuatda Azərbaycan hakimiyyətinin korrupsiya layihələri barəsində kifayət qədər geniş məlumatlar dərc olunsa da, iqtidar təmsilçiləri bir qayda olaraq bunların reallıqdan uzaq olduğunu bəyan edir. Amma artıq bank sirrləri ilə bağlı qanunvericiliyə dəyişiklikdən sonra hakimiyyət təmsilçilərinin Qərb banklarındakı hesabları barədə məlumat əl çatımlı olacaq. Bu baxımdan belə bir dəyişiklik Azərbaycan hakimiyyətinə nə vəd edir?
Iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, artıq bu dəyişiklik onu deməyə əsas verir ki, dünya maliyyə sistemində şəffaflaşma meylləri artıq bir siyasi istiqamətə çevrilib. AB-yə daxil olan 28 ölkədə mübahisəli ticarət əlaqələrinin həlli ilə bağlı ciddi mexanizmlərin mövcud olduğunu deyən M.Talıblı vurğuladı ki, bunun maliyyə sferasına şamil edilməsi artıq ondan xəbər verir ki, dünyada terrorçu təşkilatların maliyyələşdirilməsi, qanunsuz fəaliyyətlə məşğul olunması bir çox hallarda gizli bank sirrləri ilə birbaşa bağlı olur: “Düşünürəm ki, bank sirrləri ilə bağlı dəyişiklik yalnız Avropa dövlətlərini əhatə etməyəcək. Gələcəkdə yəqin ki, dünyada aparıcı bir xəttə çevriləcəkdir. Çünki mütərrəqi dünyanın əziyyət çəkdiyi məsələlərdən biri də terrorizm qarşısında birləşmə çətinliyidir. Amma belə bir dəyişiklik Avrointeqrasiyada maraqlı olan, Avropa Birliyinin bir çox proqramlarını həyata keçirən, ”Şərq Tərəfdaşlığı” ölklərinin də maliyyə şəffaflığının təmininə yaxşı şərait yaradıb. Çünki “Şərq Tərəfdaşlığı” ölklərinin bir çoxlarında dövlət rəhbərliyində təmsil olunmuş şəxslərin müəyyən satınalmalar həyata keçirməsi nəticəsində bir sıra Avropa institutları həmin şəxslərin təsiri altında qalır. Nəticədə Avropa ölkələrinin insan haqlarını pozan bu dövlətlərə qarşı niyə sanksiya tətbiq etmədiyi sualı verilərkən, ilk növbədə məhz bu təsir mexanizminin adı çəkilir. Hətta belə olmasa belə belə bir təəssürat yaradılır”.
M.Talıblı hesab edir ki, bundan başqa belə bir şəffaf mühitdə post-sovet ölkələrinin AB dövlətləri ilə şantaj dilində danışmaq imkanları məhdudlaşır: “Bu dəyişiklik Avropa Birliyinin müsbət reputasiyasını daha da gücləndirəcək. Ona görə bu qərar təqdir olunmalıdır. Düşünürəm ki, Avropa Birliyi bütün istiqamətlərdə bu cür şəffaflıq təklif etdikcə təşkilatın nüfuzu daha da güclənəcək”.
Yeni dəyişikliklərin Azərbaycan hakimiyyəti üçün nə vəd etdiyinə gəlincə isə, M.Talıblı vurğuladı ki, Azərbaycanda büdcə vəsaitlərinin idarəolunması, onların mənimsənilməsi ilə bağlı ciddi faktlar var. Dəyişikliklərdən sonra belə bir situasiya yaranır ki, büdcədən mənimsənilən vəsaitlər artıq Avropa banklarına yatırıla bilməz. Nəticədə həmin vəsaitlər ölkədaxilində investisiya layihələrinə sərf olunmalıdır. Çünki həmin vəsaitin ölkədən çıxarılması ilə bağlı heç bir perspektivi qalmır.
Xəyal