“Dedilər ki, Teymuraz neft alveri üçün sənəd dalınca gedib”

Elmarın qətlinə görə həbs edilən yeganə adam nələri açıqlayıb?

Elmar Hüseynovun qətlinə görə tutulan adamı bu maddə ilə ittiham etdilər:
Maddə 320. Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə.

başlanğıcı ötən sayımızda

3-4 gün sonra, fevral ayının 3-də Tahir zəng etdi və dedi ki, yarım saata “Neftçilər” metrosunun yanında görüşək. Tahirin yanında iki nəfər azərbaycanlı gördüm. Onlardan birini əvvəllər Gürcüstanda görmüşdüm. Tahir dedi ki, bu şəxslər onun qohumlarıdır, birinin adı Ramindir. O birisinin adı yadımda qalmayıb. Adını unutduğum şəxsin təxminən 40-42 yaşı olardı, hündürboylu, bığsız, saçları bir qədər ağarmış, dolu bədənli adam idi. Ləhcəsini hiss edə bilmədim. Raminin təxminən 22-23 yaşı olardı, mən onu Gürcüstanda Teymurazgilin məhəlləsində görmüşdüm. Tahir dedi ki, bu şəxslərə qonaqlıq verir, məni də ona görə axtarıb ki, birlikdə otursunlar. Oradan dördümüz birlikdə “Faxralı” kafesinə getdik və orada xəngəl yedik. Iki şüşə araq içdik. Mən Tahirdən Teymurazı xəbər aldım. Cavab verdi ki, Teymuraz və Seko dünən, yəni fevralın 2-də Tbilisiyə gediblər. Getməyinin səbəbi kimi də belə dedi ki, Teymuraz və Seko neft alveri ilə bağlı sənəd arxasınca gediblər. Guya səfirlik vasitəsilə görmək istədikləri neft alveri ilə bağlı hansısa sənədləri çatışmır. Əlavə etdi ki, Teymuraz və Seko ən uzağı bir həftəyə Bakıya qayıdacaqlar. Söhbətin məzmunundan belə başa düşdüm ki, bizimlə oturmuş həmin iki şəxs isə Bakıya mobil telefon almağa gəliblər. Təxminən saat yarım orada olduq və metronun yanındakı ticarət mərkəzinin qarşısında taksi ilə iki nəfəri yola saldıq. Hara getdiklərini bilmədim.

“Qatil məndən 70 min manat borc aldı”

Tahir məndən 70000 manat (köhnə manatla)  borc pul aldı. Dedi ki, Nizami ilə işi var, onunla görüşməyə gedəcək. Araq onu tutmuşdu. Nizami taksi sürücüsü kimi işləyir. Çox vaxt metronun üst tərəfindəki “Şəlalə” şadlıq evinin qarşısında dayanır. Həmin yerə qalxdıq, Nizami ilə görüşdük və Tahir Nizamini yeyib-içmək üçün “Xəyal” kafesinə dəvət etdi.
Üçümüz birlikdə həmin kafeyə getdik. Orada toyuq, araq götürdü. Arağı üçümüz içdik. Sonra mağazadan tort aldım. Amma Tahir aldığım tortu götürüb kafedə işləyən Yana adlı qıza verdı. Saat təxminən 20 radələrində kafedən çıxdıq, mən və Nizami hərə öz evimizə getdik. Tahir də yəqin ki, kirayə tutduğu evə getdi. Bundan sonra Tahiri fevralın 22-nə qədər görmədim. Amma bir neçə gün sonra Teymuraz mənə zəng vurub hal-əhval tutdu. Belə başa düşdüm ki, o, Bakıya gəlib-gedirdi.
Fevral ayının 22-də Tahir, Seko və Teymuraz bazara yanıma gəldilər. Mən köşkümüzdə “Məhəllə” kinosuna baxırdım. Axşam saat təxminən 18 radələrində yeznəm Fikrətlə birlikdə Teymurazgilin qaldığı evə getdim. Teymuraz dedi ki, Yanaya bişirmək üçün balıq veriblər. Məndən xahiş etdi ki, Tahirlə birlikdə düşüb onları və araq götürüm. Mənə təklikdə dedi ki, ona görə Tahirlə göndərir ki, Tahir hesabı ödəyərkən onu aldatmasın. Belə başa düşdüm ki, yemək-içmək pullarını Teymuraz ödəyir. Tahirlə düşüb kafedən balığı götürdük və araq, şirə aldıq. Tahir təxminən 150000 manat pul ödədi.
Əvvəlcə Teymuraz, Tahir, Fikrət, mən və Seko idik. Sonra Teymuraz zəng edib qardaşım Rizvanı dəvət etdi.
Yeyib-içərkən Teymurazın oğlunun sağlığına badə qaldırdıq (onun oğlunun ad günü idi). Təxminən 1 saata yaxın oturub dağılışdıq.

“Xəngəl yeyib səfirliyə getməli idilər”

Teymuraz növbəti və sonuncu dəfə mənim evimdə 2005-ci ilin fevralın 24-də oldu. Həmin gün səhər-səhər Teymuraz ev telefonuma zəng etdi və mənə dedi ki, yarpaq xəngəli istəyirəm, bişirtdirə bilərsənmi? Dedim evdə qurut olsa, problem yoxdur, bişirtdirərəm. Anam yarpaq xəngəlini hazırladı. Teymuraz bir neçə dəfə də zəng vurub xəngəlin hazır olub-olmadığını soruşurdu, deyirdi ki, çox gec olmasın, səfirlikdə görüşümüz olacaq, gecikməyək. Mən saat təxminən 15 radələrində Teymuraza zəng vurdum və xəngəlin hazır olduğunu bildirdim. Bu zəngdən təxminən 30 dəqiqə sonra Teymuraz, Tahir və Seko taksi ilə bizə gəldilər. Həmin vaxt evdə mən, anam, qardaşım Rizvan, həyat yoldaşım və uşaqlarım, bibim Sima, onun gəlini Qənirə və bibim oğlu Teymur var idi. Evdə Teymuraz, Tahir, Seko və mən dördümüz bir yerdə oturduq, bir qədər sonra yeznəm Fikrət gəlib çıxdı. O da bizimlə oturdu. Xəngəli yeyən vaxt Teymuraz mənə dedi ki, ev telefonunu Sekoya ver, o səfirliyə zəng etməlidir. Əvvəlcə elə Teymuraz özü hansısa nömrəni yığdı və danışmaq üçün Sekoya verdi. Hansı səfirliyə zəng etdiyi barədə Teymur heç nə demədi. Seko əvvəl rus, sonra isə gürcü dilində danışmağa başladı. Təxminən 1-2 dəqiqə danışandan sonra danışıq kəsildi və Seko elə həmin nömrəni təzədən özü yığdı. Bu dəfə o, təxminən yenə gürcü dilində 3-4 dəqiqə danışdı. Sekonun danışığından belə başa düşdüm ki, telefonu qaldıran şəxs onu danışmalı olduğu adamla birləşdirirdi. Danışıq bitəndən sonra Teymuraz Seko ilə söhbət etdi və öz aralarında rus dilində danışdılar ki, telefonu qaldıran qız yaxşıdır, tez birləşdirir. Elə oradaca Teymuraz azərbaycan dilində dedi ki, səfirlikdə işləyən və telefonu qaldıran həmin qız yəqin ki, əslən Gürcüstandan olan azərbaycanlıdır, çünki gürcü dilində yaxşı danışır.
Teymuraz və Seko səfirlikdəki görüşlərini əsas gətirərək araq içmədilər. Teymuraz dedi ki, bizi bağışlayın, çox otura bilməyəcəyik, xəngələ görə gəlmişdik, səfirlikdə görüşümüz var. Görüşün saatını da dedi: ya 17, ya da 18 radələrində. Bizim evdə olarkən onlar arabir öz aralarında gürcü dilində danışırdılar. Mən və ailə üzvlərimiz gürcü dilində bilmirik.
Onlar bizdən gedəndən təxminən 3 saat sonra Teymuraz bizim ev telefonuna zəng edib mənə dedi ki, onlar bu gün hansısa sənəd arxasınca Tbilisiyə yola düşəcəklər.
Həmin günün səhərisi, yəni fevralın 25-də saat təxminən 12 radələrində Tahir yanıma gəldi. Tahirdən soruşdum ki, sən nə əcəb Teymurazgillə Tbilisiyə qayıtmamısan? Cavab verdi ki, onun da gedib-qayıtması artıq xərcə səbəb olur, ona görə də getməyib. Həm də dəqiqləşdirdi ki, Teymuraz və Seko hansısa səbəbdən fevralın 24-də gedə bilməyiblər, 25-də səhər tezdən yola çıxıblar. Bundan sonra Tahir və Teymurazla bir neçə gün heç bir əlaqəm olmadı. Dəqiq olaraq fevralın 27-nə qədər onları görməmişəm.

Gürcülərdən birinin adı “Niqo” idi

Fevral ayının 27-də-bazar günü səhər tezdən Teymuraz mənə zəng etdi. Onun hansı nömrədən, mobil və ya ev telefonundan zəng etməsini xatırlamıram. Teymuraz zəng edərkən saat 11-in yarısı olardı. Salamlaşdı və bildirdi ki, Tbilisidən Seko ilə birlikdə indicə qayıdıb, Bakıya səhər saatlarında çatıb. Dedi ki, 1-2 saata onların qaldığı evə gedim. Teymurazla bu danışıqdan sonra onların kirayə qaldığı evə qalxdım. Qapını Tahir, ya da Seko açdı. Içəri daxil olub Teymurazla görüşdüm. Gördüm ki, adını çəkdiyim şəxslərdən əlavə iki hündürboylu, cavan gürcü oturub. Teymur, Seko və həmin iki gürcü dördü birlikdə domino oynayırdılar, Tahir isə özü təkcə kartlarla oynayırdı. Gürcülərdən birinə “Niqo” deyə müraciət edirdilər, o birisinin adını isə bilmirəm. Otaqda onların paltarları var idi, başqa nə isə gözə çarpan bir şey görmədim. Domino qurtarandan sonra Teymuraz mənə dedi ki, onlara iki ədəd nömrə və telefon almaq lazımdır, mənimlə birlikdə keçən dəfə nömrə aldıqları dükanın yerini unudublar, ona görə də məni çağırıb. Teymuraz, Tahir və mən “Neftçilər” metrosu yaxınlığındakı həmin mağazaya gəldik. Tahir və Teymuraz özləri 539-93-81 və 539-93-82 nömrələrini seçdilər. Satıcı qız müqavilələri yazdı və mən orada alıcı kimi “Hüseynov Vüqar Əziz oğlu” adını dedim, ünvan kimi isə özümün qeydiyyatda olduğum Şərifli küçəsi, ev 98 dedim. Mənzil nömrəsinə çatdıqda Teymuraz, ya da Tahir məni qabaqlayaraq 47 rəqəminı dedi, qız da həmin rəqəmi yazdı. Tahir və Teymuraz da bilirdilər kı, qeydiyyatda olduğum mənzilin nömrəsi 29-dur. Heç bir sənəd təqdim etmədik və sənəd nömrəsi də demədik. Yenə mən, Teymuraz və Tahir üçümüz də bilirdik və başa düşürdük ki, müqaviləyə yazdırdığımız məlumatlar həqiqətə uyğun deyil. Bunu özümüz bilərəkdən etdik. Amma indi də özümü bağışlaya bilmirəm ki, mən bilə-bilə belə bir hərəkət etmişəm. Tahir 100000 manat pul ödədi. Hər nömrə 40000 manat idi, hər nömrənin üstündə də 10000 manatlıq sim-sim götürdük. Mağazadan çıxdıq. Teymuraz nömrələri özü ilə götürdü, evə getdi və Tahirlə mənə tapşırdı ki, Siz gedin baxın, görün 50 dollardan iki ədəd telefon aparatı almaq olar, yoxsa yox? Mən Tahirlə piyada Nizami Rayon Icra hakimiyyətindən aşağı tərəfdə yerləşən telefon satışı mağazasına getdim. Həmin mağazada iki ədəd “Samsunq” markalı, hərəsi 175000 manata olan telefon var idi. Qiymətlərini öyrənəndən sonra Teymurazgilin olduğu mənzilə getdik. Teymurazgil çay içirdilər, biz də hərəyə bir stəkan içdik. Həmin vaxt Seko, Teymuraz və Tahir öz aralarında gürcü dilində danışırdılar. Onların danışıqlarından “aeroport”, “Dubay”, “Israil”, “Fransa”, “Almaniya” sözlərini eşitdim.

ardı var