Qubad Ibadoğlu: «Valyutanın idarə edilməsindən əldə olunan gəlirlər də kəskin şəkildə aşağı düşüb»
Azərbaycanın Dövlət Neft Fondunun zərəri ilk dəfə rekord səviyyəyə çatıb. Fondun 2014-cü ilin 9 ayının nəticələrinə görə, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar xərcləri (zərəri) 962,7 milyon manat təşkil edib.
O cümlədən qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə Fondun büdcədənkənar gəlirləri 3,7 milyon manat, ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutaların dəyişməsindən yaranan fərq üzrə büdcədənkənar xərcləri isə 966,4 milyon manat olub. Dövlət Neft Fondundan bildirilib ki, 2014-cü ilin yanvar-sentyabr ayları ərzində bu qurumun büdcə gəlirləri 10 milyard 131,9 milyon manat, büdcə xərcləri isə 8 milyard 41,2 milyon manat təşkil edib.
Bu müddətdə Fondun neft və qaz sazişlərindən gəliri 9 milyard 969,6 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 9 947,8 milyon manat, tranzit gəlirləri 6,8 milyon manat, bonus ödənişləri 13,3 milyon manat, akrhesabı ödənişlər 1,7 milyon manat olub. Vəsaitlərin idarə olunmasından əldə olunan gəlirlər isə iki dəfə azalıb. Ötən ilin müvafiq dövründə idarəolunmadan əldə olunan gəlir 311,2 milyon manat olub. Bu ilin 9 ayı ərzində isə həmin rəqəm 162,3 milyon manat təşkil edib.
2014-cü ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun idarə olunmasına sərf olunan xərclər isə 33,5 milyon manat olub.
Bu il oktyabrın 1-nə Fondun aktivləri 2014-cü ilin əvvəlinə nisbətən 3,98 faiz artaraq 37 milyard 305,3 milyon dollara bərabər olub. Bu ilin iyul ayının 1-nə Neft Fondunun aktivləri 37 milyard 622,4 milyon dollar olub. Yəni, III rüb ərzində Neft Fondunun aktivləri 317,1 milyon dollar azalıb. Hökumət artıq büdcəni icra etmək üçün valyuta ehtiyatlarına müraciət etməyə başlayıb. Keçən ilin 9 ayında gəlirlilik 1 faiz təşkil edib, bu il isə 0,6 faizə düşüb. Görünən isə odur ki, Fondun zərərinin həcmi təqribən 1 milyard manata yaxınlaşıb. Ekspertlər indiyədək belə böyük zərərin olmadığı qənaətindədir.
Iqtisadçı-ekspert Qubad Ibadoğlu deyir ki, valyutalar təkcə dollar və avroda deyil, həmçinin rus rublu, türk lirəsi, Avstraliya dollarında saxlanılır. Bu isə son nəticədə qazanmaq niyyətinin əksinə olaraq, itkilərin artımına gətirib çıxarıb: “Valyutanın idarə edilməsindən əldə edilən gəlirlər kəskin şəkildə aşağı düşüb. Rusiyanın əmlak, valyuta və bank bazarında artan investisiyalarla bağlı narahatlıqlar vardı. Təəssüf ki, oradan vəsaitləri çıxarmaq əvəzinə, bir az da genişləndirmək vəziyyəti mənfiyə doğru dəyişdi. Bu isə valyutanın idarə edilməsindən gözlənilən gəlirlərin əvvəlki ilə müqayisədə bir neçə dəfə azalmasına səbəb olan amildir. Bu, çox ciddi, narahatlıq doğuran məqamlardan biridir”.
Nigar


