Qərb diplomatlarının səfərləri dövlət başçısının kürsüsünü silkələyəcək…
Azərbaycan hökuməti arzulamadığı günləri yaşayır. Qərb strukturlarının Bakıya səfərləri bir-birini əvəzlədikcə hakimiyyət orqanları aqressivləşir. Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, hətta “münasibətlərə yenidən baxmaq” zərurətinin yarana biləcəyindən danışır. Söhbət həm də Avropa Parlamentinin Azərbaycanda siyasi hüquqların sıradan çıxarılmasını tənqid edən qətnaməsinə münasibətdən gedir. Avropa Birliyinin təmsilçisi isə bildirib ki, bu qətnamə Azərbaycan Konstitusiyasında göstərilən hüquqların məhdudlaşdırılmasına qarşıdır və tənqid daha çox xeyir verə bilər.Amma Qərb diplomatik həmlələrini bununla yekunlaşdırmayıb. ATƏT-in media və söz azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç ÿAzərbaycanda bir sıra mühüm görüşlər keçirib. O, Ilham Əliyevdən bir çox məsələlərin həllinə dair vədlər aldığına işarə vurub. Amma hələ hər şey bununla itmir. Avropa Parlamentinin prezidentinin və Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eştonun da Bakıya səfəri gözlənilir.Belarusla bir sırada…
Əslində, Azərbaycan hökuməti özünün stasionar diktatura imicini saxlaya bilmədi. Ilham Əliyev müxalifətin iki həmləsində bütün gücünü ortaya qoysa da, zəifliyini gizlədə bilmədi. “Bütün gücü qoymağın” özü də elə zəifliyin ifadəsi idi. Buna görə də kütləvi həbslər davam edir. Bu yazı yazılan dəqiqələrdə daha bir müxalifətçi gənc haqqında həbs-qətimkan tədbiri seçildi. Bu isə hələ heç bir ciddi hücuma keçməyən müxalifətin gələcək addımlarından qorunmaq cəhdi kimi şərh olunsa da, həm də hakimiyyətin daxili qorxusunun yaratdığı aqressiyadır.
Digər tərəfdən, hakimiyyət özünü daha iki cəbhədən zərbə altında qoyur. Birincisi, kütləvi aksiyalara ara verildiyi bir vaxtda həbsləri davam etdirməklə, hakimiyyət hələ də 2 və 17 aprel aksiyalarının təsirindən çıxa bilmədiyini göstərir.Bu həbslər həmçinin Azərbaycan hakimiyyətini beynəlxalq birliyin diqqət mərkəzinə gətirdi və Şri-Lanka, Belarus kimi ölkələrlə bir sıraya qoydu. Ilham Əliyev “yoxluğunu” iddia etdiyi müxalifətdən yüzlərlə aksiyaçının saxlanılmasına, onlarla müxalifətçinin həbs edilməsinə izah verə bilmədiyi kimi, bu həbslərin yaratdığı beynəlxalq labirintdən də çıxmaq iqtidarında deyil.Haşiyə kimi qeyd etmək olar ki, artıq insanlar üçün həbslər də çox adiləşib. Hakimiyyət aqressiyanı artırmaq və kütləviləşdirməklə insanların xofdan çıxmasına təkan verib.
Azərbaycana niyə indi diqqət var?
Bəzi ekspertlər Azərbaycanda mümkün siyasi dəyişiklikləri ərəb dalğası ilə bir assosiasiyada təqdim edirdilər. Əlbəttə, proseslərin bir dalğada baş verməsi müəyyən qarşılıqlı təsir yarada bilər, amma Azərbaycan Avropa Birliyi xəritəsində yer tutan bir ölkədir. Və burada siyasi dəyişikliklərin heç də ərəb ölkələrində olduğu kimi baş verəcəyi gözlənilən deyil. Hətta Qırğızıstan variantı belə, istisnadır.
Qərb diplomatlarının ölkəmizə ardıcıl səfərləri də yumşalma zəmini yaratmaq üçündür. Təbii ki, söhbət ilk növbədə siyasi islahatlardan, sərbəst toplaşmaq azadlığının təmin olunmasından, seçki komissiyalarının cəmiyyətdə etimad doğuran tərkibinin hazırlanmasından gedir. Bütün bunlar olmadıqda, hakimiyyət daha sərt iqtisadi və siyasi repressiyalarla üzləşməyə doğru gedir.
Digər tərəfdən, görünür ki, hakimiyyət ideoloqları Qərb diplomatlarının gəlişi öncəsi həbsləri artırmaqla müqavimət göstərmək mesajı verir. Amma Qərb indi mesajlaşmır, konkret işlərlə məşğul olur. Bu mənada Ilham Əliyevi gərgin bir ay gözləyir.
Seymur Həzi


