Rus KİV-lərin istinad etdiyi alman professor kimdir?
Lorens Haaq – ekspert, yoxsa sabun köpüyü?
Almaniyanın tanınmış «Deutsche Welle» nəşri maraqlı məqalə ilə çıxış edib. Məqalə dünyada baş verən proseslərin fonunda Rusiya KİV-lərin istinad etdiyi və təbliğat müharibəsinin əsas hissəsinə çevirdiyi beynəlxalq ekspertin ifşasından bəhs edir. Məlum olub ki, Rusiya KİV-ləri ənənələrinə sadiq qalaraq təbliğatlarında yenə də istinad nöqtəsi kimi yalanı, saxtakarlığı seçiblər. Beləliklə, «Deutsche Welle»nin Lorens Haaq adlı ekspertin ifşası istiqamətində apardığı araşdırmanın maraqlı detallarını diqqətinizə çatdırırıq:
«O, Rəsul Həmzətovun yaradıcılığını sevir və Putinin yürütdüyü siyasəti dəstəkləyir. Rusiya KİV-ləri Lorens Haaqın şərhlərini tirajlayır. Tənqidçilər isə bu şəxsin sadəcə olaraq təbliğat vasitəsi olduğunu deyir.
Rusiya KİV-lərində vaxtaşırı peyda olan professor Lorens Haaq Almaniyanın Qlobal Münasibətlər Agentliyinin və İstehsal İnnovasiyaları İnstitutunun elmi şurasının rəhbəri, ekspert kimi təqdim olunur. O, həmçinin «Rusiya ilə münasibətlərin inkişafı» layihəsinin başçısı, «Cənubi-Qərbi saksoniya» cəmiyyətinin, Rusiya Kosmonavtika Federasiyasının təmsilçisidir.
Maraqların genişliyi
Lorens Haaqın maraqlar dairəsinin genişliyi də adamı heyran qoyur. O, gah lipseq ansamblının səfərləri, Həmzətovun dünya ədəbiyyatındakı yeri barəsində, gah da Qaqarinin tarixi uçuşu haqqında rəy verir. Amma onun əsas istiqaməti siyasətdir. Məsələn, budur onun Rusiya mətbuatında gedən fikirlərindən biri: «Tarix elə gətirib ki, Rusiya Federasiyasının sərhədləri xaricində milyonlarla insan yaşayıb. Onlar emiqrant deyillər. Onlar ulu babalarının torpaqlarında yaşayırlar. Bu torpaqlar Rusiya Federasiyası olmaqdan çıxsa da, hələ rus torpağı kimi qalırlar. Onlar üçün rus torpağı rusların yaşadığı ərazilərdir».
Burada Ukrayna nəzərdə tutulur. Daha sonra Haaq bildirir ki, Almaniyada bir çoxları Rusiyanın Krımla bağlı atdığı addımları, burada yaşayanların Rusiya tərkibinə daxil olmaq niyyətlərini çox gözəl anlayır. Belə fikirlər Almaniyada həqiqətən də səslənir. Burada Haaq heç nə uydurmayıb. Amma tənqidçilər belə düşünür ki, professor Haaq sadəcə olaraq bir uydurmadır. Bu obraz ya Federal Təhlükəsizlik Xidməti, ya da Rusiya təbliğatçıları tərəfindən ərsəyə gətirilib. Amma bu belə deyil. Lorens Haaq real insandır. Onun 62 yaşı var. O, Hemnitsa şəhərində yaşayır.
Qlobal Münasibətlərdə İnnovasiya

Professor Lorens Haaqla müsahibə kiçik şokla başlayır. Cənab Haaq almanca ciddi slavyan aksenti ilə danışır və dərhal böyük məmnuniyyətlə rus dilinə keçir. Lorens Haaq Almaniyaya 18 il əvvəl gəlib. O, Rusiyadan olan almandır. O bizimlə söhbətində böyük həvəslə danışır ki, indicə tərəfdaşları ilə Qlobal Münasibətlər Agentliyi (QMA) üçün inanılmaz layihələri müzakirə edirdi. QMA-nın
saytının qeyri-peşəkar tərəfindən və çox kiçik maliyyəyə əmələ gəldiyini bilmək üçün veb-dizayn üzrə böyük mütəxəssis və ya alman dilinin bilicisi olmağa ehtiyac yoxdur. Amma detallar da maraqlıdır. Agentliyinin əməkdaşlarının sayı 1-dən 9-a qədərdir. Potensial müştərilər: kəşfiyyatlar, kommersiya şirkətləri, təhsil müəssisələri.
Təkliflər: qəzet və jurnallarda informasiya dəstəyi, makler xidmətləri, məktəblər və başqa təhsil müəssisələri üçün xidmətlər.
Bununla belə qlobal informasiya üzrə agentliyin saytında nə əlaqə nömrəsi, nə də elektron poçt ünvanı haqqında məlumat var. Yalnız poçt ünvanı var. Bundan başqa Berlinin onlayn reyesterində QMA haqqında məlumat ləğv olunma mərhələsində olan təşkilat kimi gedir.
«Siyasi layihə hazırlamaqla bağlı sifariş olsa, onu da icra edərik»
İstehsal İnnovasiyaları İnstitutu da Hemnitse şəhərində qeydiyyatdan keçib. Cənab Haaq bəyan edir ki, təşkilat kompleks xidmətlər göstərir, proyektlər hazırlayır. Amma Haaq istehsalın hansı sahədə getdiyini söyləməkdə çətinlik çəkir. «Siyasi layihə hazırlamaqla bağlı sifariş olsa, onu da icra edərik. Bizim bir nömrəli mütəxəssislərimiz var», deyə Haaq vurğulayır. Amma yenə məsələ qəlizdir. İnstitutun əlaqə nömrəsi söndürülüb.
Fəxri professor
Başqa ölkələrdə olduğu kimi Almaniyada elmi titullar qiymətləndirilir. İstənilən sahədə professor titutulu almış şəxsin çəkisi daha ağır olur. Haaq iddia edir ki, onun iki sahə üzrə professor elmi dərəcəsi var. Elmi dərəcənin birini Şimali Qafqaz Dövlət Texniki Universiteti verib. «Mənim Şimali Qafqazda çoxlu dostlarım var», – deyə Haaq bildirir. O, alman saytlarında gedən şəkillərinin altında qeyd edir ki, aldığı elmi dərəcə fəxri professorluqdur. Amma nədənsə TASS-ın məlumatlarında «fəxri» adı unudulur. Həmin məlumatlarda o, həqiqi professordur. Amma bilinmir hansı sahə üzrə: «İnternetdə iddia olunur ki, guya TASS mənə pul verir. Bu ağ yalandır. Vladimir mənə bir qəpik də verməyib».
Vladimir Smelov TASS-ın Berlində nümayəndəsidir. O, 2007-ci ildən başlayaraq Almaniya ilə bağlı məlumtlarında «professor Haaq»a istinad edir. Bizimlə söhbətində Smelov vurğuladı ki, Haaqla alman-rus forumlarının birində tanış olub. Haaq özünü professor kimi təqdim edib. Bundan sonra isə Vladimir daha adları Haaqla bağlı təşkilatların nə dərəcədə fəaliyyət göstərib-göstərmədiyini dəqiləşdirməyib. Amma jurnalist eyni zamanda 7 il ərzində Haaqın danışığındakı aksenti də duymayıb».
Xəyal


