Gürcüstan çinovnikləri dini təsərrüfata girişiblər

Dövlət müstəqilliyi din üzərində eksperimentlərin aparılmasına haqq vermir

Gürcüstan öz ölkəsinin ərazisindəki müsəlman məscidlərini Qafqaz Ruhaniləri Idarəsinin tabeliyindən çıxarmaq niyyətindədir. Bunun üçün təşəbbüs göstərəcək müsəlmanlar da tapılıb. Bunlar Kvemo-Kartli (Borçalı) qubernatorunun müavini Hüseyn Yusifov və Gürcüstan parlamentinin deputatı Azər Süleymanovdur. Bu adamların təsisçiliyi ilə “Gürcüstan Müsəlmanları Idarəsi” adlı bir qeyri-hökumət (?) təşkilatı da qeydiyyatdan keçirilib. Əlbəttə, Gürcüstan demokratik ölkədir və orada bu qəbildən olan ictimai təşkilatların yaranması, qeydiyyata alınması heç bir problem deyil. Amma hansısa ictimai təşəbbüsün məhz, “Idarə” adı ilə qeydiyyatdan keçirilməsi birinci şübhəli məsələdir.

Ikincisi, bu “Idarə”ni qeydiyyatdan keçirən adamların dini işlərə hər hansı aidiyyəti yoxdur, aşağı-yuxarı dövlət adamlarıdırlar. Özəlliklə dövlət məmuru olan Hüseyn Yusifovun ictimai təşəbbüs sahibi kimi ictimai təşkilat qeydiyyatdan keçirməsi ikinci şübhəli məsələdir.

***

Gürcüstan öz daxilindəki dini təsərrüfatı tənzimləmək istəklərində haqlıdır. Amma bunun üçün tarixən formalaşmış strukturlaşmanı dağıtmağa ehtiyac yoxdur. Həm də, Gürcüstandakı müsəlmanlarla, xüsusilə şiə məzhəbli müsəlmanlarla bağlı direktivlərin Qafqaz Müsəlmanları Idarəsindən verilməsində təəccüblü və qeyri-adi heç nə yoxdur. Din dövlətdən ayrıdır. Dövlət öz təhlükəsizlik məsələləri ilə bağlı əsaslar gətirib dini təsərrüfata radikal müdaxilələr etməkdə haqlı deyil. Dini sektor isə öz-özünü tənzimləyən bir mexanizmdir. Gəlin, bir neçə nümunəyə baxaq.Dünya xristian kilsələri Istanbuldan idarə edilir

Məsələn, Ukraynada Pravoslav kilsəsi var. Ukrayna pravoslavları öz kilsələrini Konstantinopol Kilsəsinin tərkibində sayırlar. 1453-cü ildən, Istanbul Osmanlı imperiyasının tərkibinə keçəndən sonra da bu kilsə patriarxlıq olaraq fəaliyyətini davam etdirir. Bu patriarxlığın yurisdiksiyası isə Türkiyə xaricində yalnız Ukrayna pravoslav kilsəsini əhatə etmir. Onun yurisdiksiyası altına eyni zamanda xristian dünyasının ən əhəmiyyətli kilsələrindən biri sayılan Afon Kilsəsi, Yunanıstanın bir çox yeparxiyaları, Finlandiyanın Avtonom Kilsələri, Qərbi Avropada, Amerikada, Asiyada, Avstraliyada, Yeni Zelandiyada fəaliyyət göstərən çox saylı yeparxiyalar (cəmi 234 yeparxiya!) daxildir. Hələ bu vaxta qədər, məsələn, heç bir Fin “vətənpərvəri”nin və ya ruhanisinin ağlına gəlməyib ki, Finlandiya Pravoslav Kilsəsini (Finlandiya Arxiyepiskopluğu) Istanbul Kilsəsinin yurisdiksiyasından çıxarmaq üçün təşəbbüs göstərsin. Baxmayaraq ki, bu Kilsə 1921-1923-cü ildə Rusiyanın siyasi təzyiqləri ilə Moskva patriarxlığına tabe etdirilmişdi. 1957-ci ildə birmənalı qərarla öz tarixi ənənəsini bərpa edərək Istanbul Pravoslav Kilsəsinin yurisdiksiyası altına keçdiyini bəyan etdi. Türkiyə bir müsəlman ölkəsi olsa da, dünyanın iri xristian ölkələri öz kilsələrinin buradakı baş kilsəyə bağlılıqlarından narahat olmurlar.

Başqa məsələdir ki, Gürcüstan Pravoslav Kilsəsinin öz statusu ilə bağlı problemlər var. 324-cü ildən xristianlıq Gürcüstanda hakim din sayılır. Ilk vaxtlar gürcü pravoslav kilsəsi Antioxiya Kilsəsinin yurisdiksiyası altında olub. 11-ci əsrdə Gürcüstan Pravoslav Kilsəsi özünü avtokefal (öz-özünü idarə edən, muxtariyyəti olan) kilsə elan edib, amma hələ də onun bu hüququ Pravoslav xristianlar dünyasında həll olunmuş məsələ sayılmır.Indi Gürcüstanda hansısa dövlət məmurunun, hansısa “təhlükəsizlik” mülahizələri üzündən oradakı müsəlman məscidlərinin də həmin qeyri-müəyyən statusa endirilməsi üçün təşəbbüs göstərilir.

***

Gürcüstan Konstitusiyasının 9-cu maddəsində yazılır: “Dövlət Gürcüstan Pravoslav Kilsəsinin Gürcüstan tarixində müstəsna rolunu qəbul edir, bununla birlikdə dini inancların tam azadlığını və kilsənin dövlətdən müstəqilliyini elan edir”.Orada pravoslav kilsəsinin müstəsna rolu nəzərə alınırsa, müsəlman məscidlərinin də müstəsnalığı nəzərə alınmalıdır, bu məscidlərin yurisdiksiyası ilə bağlı məsələ bir neçə yarımçinovnik avantüristin təşəbbüslərindən asılı vəziyyətə salınmamalıdır.

Azad Akifoğlu