Müstəqillik ağrıları

Elnur Astanbəyli elnurastanbeyli@gmail.com

Bu gün Azərbaycanın bir əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdiyi gündür. 23 il öncə Müstəqillik Aktı imzalanarkən azad, hüququn üstün olduğu, hər kəsin bərabərcə, hürrcə, rifah içində yaşadığı, ədalətin zəfər çaldığı, çağdaş dünyanın bir parçasına çevrilən Azərbaycan xəyal edirdik, bu xəyalımızın gerçəkləşməsi üçün uzun bir zamana ehtiyac olacağı kimsənin ağlına gəlməzdi. 

Və ağlımıza gəlməyənlər başımıza gəldi!

Biz yağışdan çıxdığımızı zənn edərkən yağmura düşdük. 

Hələ də azadlığa təşnəyik. Hələ də hüquqa möhtacıq. Hələ də ədalətli, demokratik dövlət xəyal olaraq qalır. 

Maddi problemlərdən uzaq, borclarsız, kreditlərsiz həyatı ancaq yuxularımızda görə bilərik.

20 faiz torpaqlar işğal altında. Yerdə qalan 80 faiz torpaqlar isə irtica caynağında. 

Ən pisi, ən dəhşətlisi: 23 il əvvəl toplum olaraq gələcəklə bağlı ümidlərimiz vardı, indi gələcəyə, işlərin nə vaxtsa düzələcəyinə, günəşli günlər görəcəyimizə ümidi olanları barmaqla saya bilərsiniz.

Aradan keçən 23 ildə sürətlə təhsilsiz bir topluma çevrildik. Savadsızlıq kütləviləşdi.

Dünən cibində “allahsızlar bileti” gəzdirənlər, auditoriyalarda ateizm mühazirələri oxuyanlar bu gün bir göz qırpımında həciyə, məşədiyə, kərbəlayıya çevrildi.

Cəmiyyət zövqsüzləşdirildi: bəyənmədiyimiz Sovetlər dönəmində teleradionun min ağac ötəsindən keçməyə cəsarəti çatmayacaq Səməd Səmədovlar, Nadir Qafarzadələr, Rəqsanələr evlərimizin içinədək gətirildi, “xalq artisti” deyə ödülləndirildi, mədəniyyət faktı kimi təqdim olundular.

Kitabxanalar uçurub yerində kababxanalar tikildi.

Şeyx Nəsrullahlar ildırım sürəti ilə geri qayıtdılar. Ələmuçuranlar, cinçıxaranlar aldı başını getdi. Axundovların, Haqverdiyevlərin, Mirzə Cəlillərin məzarlarında sümükləri sızlamağa başladı.

Səhiyyəni o günə saldılar ki, insanlar dərdlərinə dərmanı, şəfanı tıpkı yüzillər öncə olduğu kimi – pirlərdə, seyid ocaqlarında axtarmağa qərar verdi. 

Ədaləti yerdə axtaranların ümidi hər yerdən kəsildi, onlar göylərə üz tutdular.

Camaatımızın səsi Suriyadakı “cihad” döyüşlərindən, Iraqdakı xilafət savaşlarından gəlməyə başladı.

Fərqli düşünmək suç oldu. Hər kəsdən bir nəfərin beyni ilə düşünüb bir nəfərin ağzı ilə danışması istənildi. Biət ruhu geri qaytarıldı. Ölkənin orta çağ qaranlıqlarına, krallıqlar dövrünə qaytarılmasına etiraz edənlərin aqibətini isə xatırlatmağa ehtiyac yoxdur: həbs, mühacirət, döyülmək, söylmək, hətta qətl.

Milli iradənin təcəllasından danışmaq ümumiyyətlə, mənasızdır.

Bir ovuc adam ölkənin bütün sərvətlərinə sahibləndi. Dəniz, meşələr, dağlar belə hasarlandı. 

Xalqın bədbəxtliyi üzərində dəbdəbəli imarətlər ucaldıldı. Məzlumun ahını almaq, qul haqqı yemək idarəetmə normasına çevrildi.

Yalan və yaltaqlıq çoxluğun həyat və düşüncə tərzini təşkil etməyə başladı.

Bütün bunların məntiqi sonluğu: xeyli adamda müstəqilliyin “bizim yemimiz” olmadığı qənaəti yarandı, Sovet nostaljisi baş qaldırmağa başladı.

Bir zamanlar müstəqillik uğrunda meydanlara axışanlar toplumda qınaq və kinayə obyektinə çevrildilər, indi onlar “çox ”müstəqillik-müstəqillik” deyirdiniz, budur müstəqillik?!” janrında sualları tez-tez eşidirlər.

Bax budur 23 il əvvəl qazanılan müstəqilliyin ağrıları. 

Və gəlin müstəqillik haqqında tost deməyi, bəlağətli nitqlər söyləməyi bir kənara buraxaq.

Anlayaq ki: müstəqillik insan hüquq və azadlıqları ilə, ədalətli dövlət, qanunların aliliyi, milli iradənin bərqərar edilməsi, elmin, təhsilin çiçəklənməsi ilə bütövləşməyincə, bütünləşməyincə  o ağrılar da azalmayacaq, yox olmayacaq.

Bitməyəcək o ağrılar?