Günlərdir mətbuatda Əliyev soyadlı bir hakimlə bağlı yazılar dərc edilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyevin adı başqa bir vətəndaşdan 600 min manat alaraq, onu icra başçısı vəzifəsinə düzəldəcəyi ilə bağlı dələduzluqda hallanır. Həmin məbləği hakim Həsən Əliyevə verən adam şikayət edib ki, nə işi düzəlib, nə də pulu qaytarılıb. Təxminən Gülər Əhmədova olayına bənzəyir, mandat üçün pul alınır və qaytarılmır. Bu olayla bağlı yazılanları oxusanız, yenə də dəhşətli bir hekayə ilə tanış olacaqsınız. O da bəllidir ki, şikayət əsasında cinayət işi açılıb, Həsən Əliyev isə hakim vəzifəsindən vaxtından əvvəl azad edilib. Elə bu da 600 minlik icra başçısı alverinin yalan olmadığına artıq öz möhürünü vurub.
Cinayət işində Həsən Əliyevin mülklərinin siyahısı da mövcuddur və bunları oxuyanda həm heyrətlənirsən, həm də ölkəmiz üçün xarakterik bir mənzərə ilə üzləşirsən. Bu qədər mülk, bu qədər var-dövlət hakimdə haradandır? Amma dərhal da düşünürsən ki, bu cür vəziyyət səlahiyyət sahibi olan bütün hakimlərdə, prokurorlarda, məmurlarda eynidir. Bu da heç kəsdən gizli deyil və heyrət dərhal yaxşı bildiyin acı həqiqətlə əvəzlənir. Həsən Əliyevin ölkə gündəminə düşən əməli də xarakterikdir. Pulla işə, vəzifəyə düzəltmək də hamının bildiyi Azərbaycan həqiqətlərinə aiddir. Nə qədər maraq, qəzəb doğursa da, əlahiddə bir olay deyil. Elə bu gün də kimlərsə əllərində pul yaxşı gəlir götürmək imkanı verən səlahiyyətlərə sahib olmaq üçün vasitəçi axtarır. Amma bu olay hələ mətbuatın da vermədiyi maraqlı suallar yaradır.
Hakim Həsən Əliyev Binəqədi Rayon Məhkəməsinə 7 il sədrlik edib, 2007-ci ildən bu ilin fevralına qədər isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub, təzəcə hakimlikdən uzaqlaşdırılıb. Yaxşı, bu adama 600 minlik “icra başçısı vəzifəsi alveri”nə görə sabah cəza verildi, biz də əhsən dedik – “cinayətkar cəzalandı” deyə. Bəs bu adamın məhkəmələrdə elədikləri necə olsun? Əgər kənardan – dövlət başçısının səlahiyyətinə aid olan bir işdən 600 min qazanc götürmək üçün özünü oda yaxırsa, görün bu adam birbaşa öz səlahiyyətinə olan məhkəmədə nələr edib?
Binəqədi Rayon Məhkəməsinin 7 il bu adamın sədrliyi ilə çalışdığını təsəvvür edin. 7 ildə verilən hökmlərdə nələr edilib; hansı evlər yıxılıb; hansı talelər qırılıb; nə qədər soyğunçuluq edilib. Bütün bunları düşünün. Daha 7 il isə bu adam ağır işlərə hökm verib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.
Indi onu işdən azad etdiniz, bəs onun verdiyi hökmlər necə olsun? Onlar qüvvədəmi qalacaq? Bu hakimin hökmləri bizdə ədalətmi sayılır?
“Qatil mənəm” deyən azadlıqda?
Bir halda mövzumuz hakimlərdir, onlar barədə davam edək. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən Knyaz Knyazlı və soyuq silah saxlamaqda təqsirli bilinən Yusif Məhərrəmovun məhkəməsi keçirilib. Son söz deyən Yusif Məhərrəmov bildirib ki, Knyaz Knyazlı günahsız yerə qəsdən adam öldürmə maddəsi ilə mühakimə edilir və o, qətli öz üzərinə götürüb: “Cinayəti mən törətmişəm. Amma mənə öldürmək barədə ittiham verilməyib. Belə olan halda günahsız bir şəxs həbsə göndərilir. Mən isə cinayət törətdiyim halda azadlığa buraxılıram. Qatil mənəm, cəzamı da çəkməyə hazıram. Günahsız bir adamı həbsə göndərmək vicdandan deyil. Belə ədalətsizlik olmaz. Cinayəti törədən azadlığa buraxılır, günahı olmayan şəxsə 10 il cəza verilir”.
Buna baxmayaraq, Yusif Məhərrəmov azadlığa buraxılıb. Nəzəri olaraq, onun doğru və yalan dediyini iddia edə bilmərik. O, yalan da deyə bilərdi, amma belə yalan niyə araşdırmasız buraxılıb. Bu, cinayəti etirafdır, yoxsa gizlətmək? Məhkəmə buna qiymət vermədən necə qərar çıxarıb? Bu nə məhkəmədir?