Milli Məclisdə qalmaqal

Ziyafət Əsgərov Sabir Rüstəmxanlı ilə atışdı

«Siz iqtidarı ittiham edəndə, mən durub burda baxmalıyam?»

Oktyabrın 17-də Milli Məclisin plenar iclası keçirilib. “Azadlıq” radiosunun məlumatına görə, təsdiqlənməyə çıxarılmış bir sıra qanun layihələri deputatların narazılığına səbəb olub. “Məşğulluq haqqında”, “Reklam haqqında”, “Turizm haqqında”, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanunlara edilən dəyişikliklərə iradların bildirməsi isə vitse-spiker Ziyafət Əsgərovu hövsələdən çıxarıb.

Parlament sədrinin birinci müavini deputatlara qanunları diqqətlə oxumağı, gündəliyə nəzər salmağı, hüquqi məsələləri araşdırmağı tövsiyə edib.

Ancaq onun sözləri növbəti etirazlara səbəb olub. 

Sabir Rüstəmxanlı öz çıxışının populist adlandırılmasından narazılığını bildirib: “Mənə belə damğa vurulmasını qəbul etmirəm. Fikrimi əsaslandırıb demişəm. Mən vətəndaşların hüquqlarının məhdudlaşdırılmasından danışıram. Bunu populist adlandırmaq olmaz”.

S.Rüstəmxanlı təkliflərinin ciddiyə alınmamasından da gileylənib: “Xahiş edirəm ki, millət vəkilərinin qeydlərinə, təkliflərinə diqqətlə yanaşılsın. Söz deyirik, təkliflərin heç biri komitələrdə ciddi müzakirəyə çıxarılmır. Havadan danışmırıq ki…”

Ziyafət Əsgərov isə cavabında: “Axı siz konkret təklif vermirsiniz ki, onu müzakirə edək. Siz iqtidarı ittiham edəndə, mən durub burda baxmalıyam? Deyirsiz ki, vətəndaşların başına oyun açılır. Nə ediriksə, vətəndaşların mənafeyi naminə edirik. Danışığınızın tonu elədir ki, gərək ittihamlara cavab verək”, – deyib.

“Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) tərkibində hansısa dostluq qrupunun yaradılması erməni propaqandasının növbəti təxribatıdır. Ermənipərəst deputatların həqiqəti özündə əks etdirməyən çıxışlarına öyrəşmişik. Lakin hamı bilməlidir ki, AŞ PA-nın siyasi partiyaları və komitələrin strukturları belə qrupların yaradılmasına imkan verə bilməz”- Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin sədri, millət vəkili Səməd Seyidov bu fikirləri deyib.

Onun sözlərinə görə, ermənipərəst deputatların AŞ PA-dakı fəaliyyətləri həmişə olub və yenə də olacaq: “Çünki həm AŞ PA-da, həm də digər beynəlxalq strukturlarda Azərbaycanın mövqeyi getdikcə güclənir. Iş o yerə gəlib çatıb ki, Ermənistan parlamentinin üzvləri müxtəlif bəhanələrlə Dağlıq Qarabağla bağlı Böyük Britaniyadan olan məruzəçi ilə işləməyəcəklərini bəyan edirlər. Bu bəyanat Avropa Parlamentini çıxılmaz vəziyyətə salıb. Çünki Avropa Parlamenti məruzəçini özü təyin etdiyindən, erməni deputatların onunla işləməyəcəyini deməsi ermənilərin necə işğalçı ölkə olmasını bir daha sübut edir”.

Milli Məclisdə “Məşğulluq haqqında” qanuna bir sıra dəyişikliklər edilib. 14-cü maddəyə edilən dəyişikliyə əsasən, Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrinə fiziki şəxslərin vasitəçilik fəaliyyəti qadağan edilir. Yəni bu işlə yalnız hüquqi şəxslər, firmalar məşğul ola bilər, kimsə tanışını, qohumunu xaricə aparıb işə düzəldə bilməz.

Bəzi deputatlar bu dəyişiklikləri qanuna zidd hesab etdiklərini bildirdilər. Qeyd olundu ki, bəzən Rusiyada, Türkiyədə və ya digər ölkələrdə yaşayan azərbaycanlılar öz tanışlarını, qohumlarını həmkəndlilərini ora aparıb işlə təmin edirlər. Indi bunun qadağan edilməsi xeyli adamın işsiz qalmasına səbəb olacaq.

“Dünyanın heç bir ölkəsində hava limanında gələn vətəndaşın əşyaları monitorda yoxlamadan keçirilmir. Özü də VIP ilə gələnlərin”, – bunu isə deputat Asəf Hacıyev Milli Məclisin iclasında səsləndirib. Onun sözlərinə görə, Bakıda keçirilən humanitar foruma gələn qonaqlardan biri belə yoxlamadan keçəndə buna çox qəribə reaksiya verib. A.Hacıyev bu məsləyə diqqət yetirilməsini istəyib.

Asəf Hacıyev həmçinin uzun illər Azərbaycandan kənarda işləyən dövlət məmurlarının xaricdə aldıqları daşınmaz əmlak üçün gömrükdə yüksək miqdarda rüsum ödəməsi ilə bağlı tələbin ləğvini istəyib. Onun fikrincə, dövlət xətti ilə xaricdə uzunmüddətli ezamiyyətdə olan şəxslər bu rüsumdan azad olunmalıdır: “Bunun büdcəyə böyük zərbə vuracağını fikirləşmirəm. Əvəzində xeyli insana kömək etmiş olarıq”. 

Milli Məclisin iclasında “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi məsələsi müzakirə edilib.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri, deputat Əli Hüseynli bildirib ki, donorların qrant verməsi ilə bağlı məsələlər dəqiqləşdirələcək. “Kimlərin ki qrant ayırması başqa məqsədlərə xidmət edəcək, onlar buna etiraz edəcəklər. Dövlət büdcəsindən maliyyələşən qurumlar da donor qismində çıxış edə bilərlər”.

Əli Hüseynli bildirib ki, xarici təşkilatlar tərəfindən maliyyələşən QHT-lər müvafiq icra hakimiyyətlərinə məlumat verməlidirlər.  

Deputatın sözlərinə görə, xarici donorlar tərəfindən maliyyələşdirilən QHT-lərlə bağlı məsələlərdə şəffaflıq prinsipləri qorunmalıdır.

Deputat Iqbal Ağazadə söyləyib ki, regionlarda da problemlər yaranacaq: “Vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə əngəllər yaradılması regionlarda da öz təsirini göstərəcək. Onlar bölgələrdə maarifləndirmə işlər aparırdılar. Indi necə olacaq?”.

Ziyafət Əsgərov da deputat Iqbal Ağazadəyə etiraz edib. Onun sözlərinə görə, Azərbaycan çirkli pullara qapılarını açmalı deyil. Əyri yollarla gələn pullar saf məqsədlərə xidmət edə bilərmi?! Dəyişiklərə siyasi don geyindirmək lazım deyil”.

Sonda hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.