qenimetzahid-yeni

Milli Şuranın proyektləri

12 oktyabr mitinqi Milli Şuranın yeganə siyasi alternativ olduğunu təsdiq etdi

Oktyabrın 12-də Milli Şuranın siyasi həbslərə etiraz olaraq keçirdiyi aksiyanın birmənalı qarşılanmayacağı şübhəsiz idi. Həddən artıq çox sayda tənqidçilər meydana gəldiyinə görə. Başlayaq ondan ki, bu, bir sürpriz idi. Etiraf etmək lazımdır ki, repressiyalarla, davamlı həbslərlə cəmiyyətin küncə sıxışdırıldığı ərəfədə belə bir izdihamlı etiraz aksiyasının alınacağı yalnız təşkilatçılara məlum ola bilərdi. Azərbaycan cəmiyyətini təbrik etmək olar. Hələ onun nəfəsini kəsib qurtara bilməyiblər.

İctimai etirazın təməl daşı

Azərbaycanda siyasi vəziyyətin Belarusdan daha pis olduğunu vurğulayan amerikalı ekspert Tomas de Vaal yanılmır. Azərbaycan repressiyaların və vətəndaş cəmiyyətinə qarşı təqiblərin göstəricilərinə görə Belarusdan qat-qat ağır durumdadır. Üstəlik, burada dövlət strukturlarının iflic olması, korrupsiyanın bütün dövlət idarəetməsini sarması əcayib bir sistemsizlik yaradıb. Repressiyaların cəmiyyətə təlqin etdiyi pessimizmi, ümidsizliyi isə məhz korrupsiya və hüquqsuzluq dərinləşdirir.

Amma kimsə Belarusda belə bir etiraz aksiyası keçirməyin mümkünlüyü barədə danışa bilməz. Lukaşenko da diktatordur, amma ictimai rəyi vecinə alan diktatordur. Ilham Əliyev isə bütün başqa neqativlərindən əlavə, həm də ictimai rəyi vecinə almayan diktatordur.

Milli Şuranın 12 oktyabr mitinqi bütün proqnozlara görə ictimai etirazın ya olmadığını, ya da tamamilə miskin durumda olduğunu göstərməli idi. Amma belə olmadı. Mitinq uğurlu alındı. Kütləvi qorxu ölkədə narazılığın ifadəçilərini sıradan çıxara bilməyib.

Mehdiyevin KIV-lə açıq, cib müxalifəti üçün qapalı toplantısı

Mitinq hazırlığı dövründə təşkilatçılar onun təbliğatı üçün nə qədər iş gördülərsə, bundan bir neçə dəfə artıq antitəbliğat aparıldı. Hətta mitinqə gəlməyəcək adamların hesabına sosioloji sorğular da təşkil edilərək KIV də yayıldı ki, Azərbaycan xalqı mitinqə gəlməyəcək.

Mitinqə qədərki ərəfədə belə bir təsəvvür yaratmaq istəyirdilər ki, müxalif güc mərkəzi olaraq fərqli bir rakurs təqdim edilir. 15 partiya (səhv etmirəmsə, 15) yeni bir müxalifət bloku yaradır və hadisələrin də ağırlıq mərkəzi oraya köçürülür. Siyasi dustaqların müdafiəsini də bu mərkəzə köçürmək planlaşdırılmışdı deyəsən. Təbii, siyasi dustaqların taleyi, ümumiyyətlə bütünlükdə repressiyaların sonrakı mərhələlərinin proqnozlaşdırılması kimi məsələlərin hansısa mərkəzlərdə daimi müzakirə edilməsi ciddi söhbətdir. Amma cəmiyyətin müqavimət və etiraz potensialını da səfərbər etmək lazımdır, bu, başlıca məsələdir və Milli Şura da bir siyasi güc mərkəzi olaraq bunu etməkdədir.

Milli Şuranın belə bir güc mərkəzi olmaması üçün səfərbər olanlar və səfərbər edilənlər əllərindən gələn hər şeyi etdilər. Və bundan sonra da edəcəklər. Bu təşkilat Azərbaycana düşmən dövlətlərin ideyası kimi müzakirə edildi. Bu saxta ittihamı irəli sürənlər, guya, haradansa qeybdən tapdıqları bu yalançı arqumenti bəhanə edərək oradan ayrıldılar. Milli Şuranın ətrafında “dağılmaqda olan mərkəz” təəssüratını yaratmaq istədilər.

Maraqlıdır ki, Milli Şura haqqında əks təbliğatı ən geniş şəkildə hökumətə birbaşa bağlı olan deyil, dolayısı ilə bağlı olan, əslində özünü alternativ kimi təqdim etməyə iddialı KIV və siyasi təsisatlar aparırdılar. Ümumiyyətlə, bundan sonrakı bütün kampaniyalarda da belə olacaq. Mənə belə gəlir ki, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin KIV rəhbərləri ilə açıq toplantısının siyasi fiqurlarla qapalı formatı da olub. Ola bilsin ki, bu formatda toplantıda Ramiz Mehdiyevin özü iştirak etməyib, onun təlimatlandırdığı başqaları olub. Amma təəccüblüdür ki, ölkədəki bir çox siyasi mərkəzlərin və siyasi xadimlərin leksikonunda Mehdiyevin KIV rəhbərlərinə verdiyi tapşırıqların ritmi səslənir. Bu ritmdə danışanların hamısı ictimai etirazları səfərbər edərək avtoritarizmi durdurmağa çağıran Milli Şuranın üzərinə hücuma gəlməkdədirlər.

Bu qarışıqlıqda Azərbaycan nə üçün yada düşür ki?

Mehdiyevin (ümumiyyətlə, Azərbaycan administrasiyasının) qayğısı nədən irəli gəlir? Əlbəttə, hər kəs bilir ki, Azərbaycandakı repressiyalar Ukrayna hadisələrindən sonra şiddətlənməklə həmin hadisələrin önünün alınması üçün profilaktika tədbiridir. Azərbaycan rəhbərləri həm də situasiyanı tutdular. Dünyanın başı Ukraynaya, IŞID-ə, Rusiyaya, kələfi büsbütün dolaşmış Orta Şərqə qarışıb. Bu həşirdə Azərbaycan kimi balaca bir ölkədə nələrin baş verdiyi, kimlərin həbs edildiyi və ediləcəyi kimi məsələləri dünyanın gündəmi üçün çox balaca saydılar. Amma deyəsən, bu ehtimallar da qarışdı. Dünyanın super gücləri həm cari qarışıqlıqları, həm də strateji problemləri eyni zamanda müzakirə edə bildikləri üçün super güc adlanırlar. Azərbaycan balaca ölkədir, amma böyük kontekstdədir. O mənada böyük kontekstdədir ki, küncə sıxılan Rusiya məhz, Azərbaycan kimi balaca ölkələrin hesabına özünün müdafiə və ya bufer zolağını yaradır. Rusiyanı vurmaq istəyən güclər isə təbii ki, onun “buferinə” də nəzər salmalı idilər.

IŞID söhbətini isə Azərbaycana Mehdiyevin siyasi texnoloqları daxil ediblər. Mən qətiyyən yalnız onu nəzərdə tutmuram ki, hüquq mühafizə orqanlarının sevgi və iltifatla qarşılayaraq yola saldıqları IŞID təxribatçısı Milli Şuranın mitinqinə bayraq yelləmək üçün məhz o texnoloqların tövsiyyəsi ilə daxil edilmişdi. Həm də onu nəzərdə tuturam ki, 20 ildir Azərbaycan və Orta Asiyanın türk-müsəlman dövlətləri Qərbi radikal Islam faktoru ilə şantaj edirlər. Onlar dünyanın iri siyasi güc mərkəzlərində öz ölkələrindəki mövcudluqlarını həm də bununla əsaslandırırdılar ki, əgər biz çəkilsək, ortalığı radikal dini terrorçu qruplaşmalar tutacaq. Buna görə də, bu ölkələrdə radikal Islam qrupları həmişə siyasi laboratoriyaların eksperiment predmeti kimi saxlanılıb. Amma indi həmin eksperiment predmetləri laboratoriyalardan dışarı çıxıb. Azərbaycandan olan radikal Islamçılar da Suriya çöllərində Vətən qazanmaq uğrunda qan axıdırlar. Buna görə də, “ilin-günün bu vaxtında Azərbaycan niyə Qərbin və Amerikanın siyasi masalarında müzakirə edilir” kimi söhbətlərə heyrət etmək lazım deyil. Bizim hökumət bizi Rusiyaya da, Ukraynaya da, IŞID-ə və başqa faktorlara da özü bağlayıb.

Azərbaycan siyasətində rus projesi

Son həftələr ərzində Azərbaycan demokratik dünyanın əks cinahında israrla düşərgə bərkidən Rusiyanın ağuşuna atılmaqdadır. Əslində, bu, əvvəlcədən də belə idi. Əvvəllər də, Azərbaycan hökuməti Rusiyanın siyasi mətbəxindən uzaqda deyildi. Hətta, hərdən insan haqları-filan kimi bəyanatları şiddətləndirən Qərbi şantaj etmək üçün Rus mətbəxinin qapısını açıb içəri də girirdi. Amma son zamanlarda Azərbaycan tamamilə və kəmali-ədəblə Rusiyanın siyasi çevrəsində möhkəmlənməkdədir. Maraqlıdır ki, Azərbaycanın siyasi palitrasında mikroskopla rus izi axtaranlar indi bu boyda pəstahanı görməzdən gəlirlər. Hətta, deyəsən taktikanı dəyişib indi Milli Şuranı rus projesi deyil, Qərb projesi adlandırmaqla, guya yeni şantaj üsulu tapırlar. Deyəsən, indiki konyukturda rus projesi olmaq ayıb sayılmır. Axı, necə deyəsən ki, Ilham Əliyevin hökuməti rus projesidir?! Adamın gözünü çıxararlar, eləmi?

Bunu yazmaq və söyləmək çətindir. Amma əvəzində Ilham Əliyevin ölkəni ruslara təslim etməsinin müqabilində nəinki susmaq, hətta onu  arqumentləşdirmək də lazım gəlir. Yazmaq və söyləmək lazımdır ki, Ilham Əliyev Qarabağı almaq üçün ruslarla yaxınlaşır. Yazmaq və demək lazım gəlir ki, Ilham Əliyev Qarabağı geri almaqda israrlı olduğu üçün Qərb onu devirmək haqqında düşünür. Yazmaq və demək olmur ki, Ilham Əliyevin Azərbaycanı ruslara təslim etmək proyektinin arxasında yalnız və yalnız onun özünün şəxsi maraqları dayanır.

Və Milli Şuranın avtoritarizmə qarşı fəallaşmaqda olan mübarizəsinin də arxasınca yeni iftira elementləri tapmaq lazım gəlir…

(Ardı var)