Elnur Astanbəyli elnurastanbeyli@gmail.com
Son vaxtlar bəzi rejim yandaşlarının açıqlama və yazılarında maraqlı bir məqam hiss edirəm. Bunlar yappərəstləri təxminən onda günahlandırırlar ki, hakimiyyətin hesabına xan, bəy kimi yaşayırlar, hər cür imtiyaz qazanırlar, evləri ev, işləri iş, pulları pul, amma onlara qarşı bu “səxavət”in qarşılığını layiqincə verməyi bacarmırlar, beş-on müxalif fəalın, yazarın səsi daha yüksəkdən çıxır. Belələri bir növ etiraf edirlər ki, sahib olduğu bütün resurslara, inzibati, iqtisadi gücə baxmayaraq rejim, meydanını daraltmaq, sayını azaltmaq üçün hər cür yollara əl atmasına rəğmən ölkəni azadlığa və aydınlığa qovuşdurmaq istəyənlərin əlində girinc qalıb.
Yadımdadır, deyəsən, keçən il Sistemin deputatlıq eşqinin beyninə vurduğu hər kəlməsindən açıq-aydın görünən hansısa rejim yandaşı yaptokrat mirzələri asıb-kəsirdi ki, onlara hər cür şərait yaradılmasına baxmayaraq, yazıları az oxunur, ictimai rezonans yaratmır, filan-bəsməkan. Üç aşağı, beş yuxarı, oxşar tonda başqa bir yazını təzəlikcə dostumuz Zamin bəyin sözü olmasın, telekanalizasiyaların birində müxalif fəalların intim videolarına şərh vermək üzrə ixtisaslaşmış YAP mirzələrindən biri qaralayıb, başqa nümunələr də var.
Mən belələrin həyəcanını, şivənini başa düşürəm. Həqiqətən bu qədər maddi təminata baxmayaraq, rejim qəzetlərinin, saytlarının durumu acınacaqlıdır. Gedin istənilən qəzet köşkünün (o ayrı məsələdir ki, artıq ölkədə qəzet köşkü tapmaq da müşkül işdir, qəzet köşkü tapanda da orada qəzet tapmaq çətinləşir, sənə qəzetdən başqa hər şey təklif edirlər: saqqız, lotoreya bileti, “Jalə” şirəsi, aftafa, daha nə bilim nə!) qarşısında saatlarca dayanın, əgər oradan satıcıya yaxınlaşıb sonra da əlində hər hansı hakimiyyət qəzeti ilə uzaqlaşan birini görsəniz, gəlin mənə dişinizin dibindən çıxanı deyin.
Hakimiyyət saytlarında siyasi-ictimai məzmunlu yazıların oxunma sayı bir əlin barmaqlarını ya keçə, ya keçməyə. Hamısının “ən çox oxunanlar” bölümündə təxminən belə başlıqlar görə bilərsiniz: “Ulduz futbolçunun sevgilisi soyundu”, “Məşhur müğənni yeni doğulan uşağının atasının kim olduğunu bilmir” və s. və i.a.
Amma belə vəziyyətin yaranmasının səbəbi heç də rejim yandaşlarının, saray mirzələrinin istedadları, savadları ilə bağlı deyil. Onlara hər cür şərait yaratmaq da o demək deyil ki, uğur qaçılmazdır. Qətiyyən. Artıq yappərəstləri belə dilə gətirən bu uğursuzluğun çox sadə səbəbi var: həqiqətsizlik.
Bir zamanlar gerçəklikləri çılpaq dillə anladan, həqiqətləri yazan kifayət qədər tanınmış, istedadlı, savadlı imzalar vardı, çox oxunurdular, ictimai rəy yaradırdılar, yazıları müzakirə edilir, hadisəyə çevrilirdi. Onlar öz imzalarını yüksək qonorara, yaxşı maaşa, prezident təqaüdünə, mənzilə, maşına… satdıqdan sonra ortadan qeyb oldular. Düzdür, yenə yazırlar, amma bu yazdıqlarını üç-beş dost-tanışdan çox oxuyub bəyənən yoxdur. Niyə? Bəyəm bir anda istedadlı yazardan istedadsızamı çevrildilər? Savadlarımı tükəndi? Əlbəttə yox.
Sadəcə, insan həqiqəti yazmayanda, həqiqəti tərk edəndə, maddi çıxarları həqiqətdən yüksək tutmağa başlayanda artıq onun istedadının və intellektinin də bir anlamı qalmır.
Müəllifini unutduğum gözəl bir söz var: “Yalanı heç bir istedad həqiqətə çevirə bilməz”.
Ona görə də yalanı müdafiə edib, yalandan güc alıb uğura iddia etmək gülməlidir. Uğurun yeganə açarı var: o da həqiqətdir. Yalnız həqiqətin gücünə arxalanmaqla, həqiqətdən mayalanmaqla, həqiqətdən ilhamlanmaqla uğura çatmaq olar.
Bir ispan atalar sözündə deyildiyi kimi, “qara əlləri ağ əlcəklərlə gizlətməyə” çalışanlar əvvəl-axır gülməli vəziyyətə düşürlər. Bunu bilmək çoxmu çətindir, cənablar?!